Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Makedoniyalı İsgəndərin Qafqaza yürüşü

Makedoniyalı İsgəndərin qədim Azərbaycan səfərini təsdiq edən mənbələrdən biri və ən mötəbəri II əsr yunan tarixçisi Flavi Arrianın əsəridir. Onun "İsgəndərin hərbi yürüşləri" adlı əsərində İsgəndərin bu ölkəyə hərbi səfəri, döyüşləri və s. barədə ətraflı məlumat verilir. Tarixçinin yazdığına görə, Atropatena hökmdarı Atropatın komandanlığı altında iskit-sak, alban, girkan, tapur atlıları və kadusilər İsgəndərə qarşı vuruşmuşlar: "İskit tayfasından olub Asiyada yaşayan saklar da Daranın bilavasitə müttəfiqi kimi" İsgəndərə qarşı durmuşdu; Midiyalılara Atropat komandanlıq edirdi; kadusilər, albanlar və sakasenlər də midiyalıların tərəfində idi".

Hələ Strabon yazırdı: "Saklar kimmerilər və trerlər kimi yürüş etmişdilər: yürüşlərin biri daha uzaq, digəri isə yaxın məsafəyə olmuşdu. Onlar bu cür Baktriyanı tutdu və oraya özlərinin Sakasen adını qoydular, onlar kappadokiyalıların ölkəsinə, xüsusən ora qədər ki, o adamlar indi pontların adı ilə adlanan Yevksin dənizinədək yaşayırlar". Sak//sakalar, artıq məlum olduğu kimi, iskit-türk tayfalarından idilər. Hələ m.ö. təxminən IX-VI əsrlərdə yürüş etmiş, Qara dənizədək gedib çıxıbmışlar...

Strabon Makedoniyalı İsgəndərin Asiyanın Girkaniya, yəni Kaspi vilayətində olması, vilayətin çayları, məhsuldar torpaqları və s. barədə maraqlı məlumatlar verir. Tarixçinin məlumatına görə, hələ onun vaxtında Kaspi dənizi barədə İsgəndərin şöhrətpərəstliyi arzusuna uyğun düşünülüb uydurulmuş rəvayətlər də vardır.

Bu məlumatlarla F.Arrianın dedikləri tam uyğun gəlir. Lakin Arrian İsgəndər haqqında daha dəqiq məxəzləri, sarayın arxiv sənədlərini araşdırmış, real dəlillərə daha çox diqqət yetirmişdi. V.V.Struve Arrianın rus dilinə tərcüməsinə ön sözündə deyir: "Arrian kamil tarixçidir və İsgəndər onun üçün əfsanəvi qəhrəman deyil, tarixi şəxsiyyət idi: İsgəndər haqqında nağıl danışan bütün yazıçılardan fərqli olaraq o, öz iş üsuluna və müraciət etdiyi məxəzlərə görə daha etibarlıdır. O, İsgəndərin tarixi üçün tamam əvəzsiz materiallar: Makedoniyadan Hindistanadək onunla yol getmiş, onun bütün göstərişlərini yerinə yetirmiş və planlarının tərtibində iştirak etmiş müasirlərinin qeyd və xatirələrini əldə etmişdi...".

Nizami "İsgəndərnamə"ni yazarkən, ən etibarlı mənbə kimi Flavi Arriana daha çox müraciət etmiş, ondan daha çox bəhrələnmişdir.

F.Arrian yazırdı: "İsgəndər yürüş zamanı geri qalmış qoşun hissəsinin çatmasını gözlədi və Girkaniyaya yola düşdü. Bu ölkə Baktriyaya gedən yoldan solda yerləşirdi. Onu yüksək meşəli dağlar örtür, onun ardınca böyük dənizədək düzənlik başlanır. İsgəndər Girkaniyaya gəlirdi; öyrənmişdi ki, Dara qoşununda qulluq edən yadellilər dağlara, tapurlara tərəf qaçmışlar, onları tapurlarla birgə tabe etmək istəyirdi".

Strabon yazırdı: "İsgəndər Arazdan keçib Persepolisin özünə gedib çıxmış"dı.

F.Arrian yazırdı: "İsgəndər Qafqaz dağlarına gəlib çıxdı, orada şəhər saldı və ona İsgəndəriyyə adı verdi, adətincə, Tanrıya qurban kəsdi...". Yenə Arrianın verdiyi məlumata görə, İsgəndər öz qoşunu qarşısındakı nitqində özü deyir ki: "O, Qafqaz üzərindən keçib Kaspi keçidinin o tayına adlamışdı".

Böyük Qafqazın mənzərəli cənub ətəklərindən birində Alazan-Həftəran vadisində – Şəkinin Orta Zəyzid kəndində geniş bir sahəni əhatə edən (indi burada üç-dörd ailənin evi və həyatyanı torpaq sahələri yerləşir) qala divarlarının qalıqları var; qalanın bürc yerləri və mərkəz gümbəzi aydınca sezilir, tamam dağılıb məhv olmuşsa da, yaddaşlarda adı qalmışdır: "İsgəndər zülqərney qalası". Təəssüf ki, belə bir mühüm tarixi obyekt indiyədək arxeoloqlarımızın diqqətindən yayınmışdır. Görünür, Makedoniya fatehi Gürcüstanda Sarkine qalasındakı məğlubiyyətdən sonra Atropatenaya səfəri indiki Balakən-Şəki, Alazan – vadisi boyunca olubmuş ki, həm mənzərəli, həm də strateji cəhətdən əlverişli olan həmin yerdə əylənib düşərgə salıb, kənd camaatının hələ də yaddaşından silinməyən "Zülqərneyn qalası"nı tikdiribmiş. Bu qala – düşərgənin salındığı vaxt orada əhali yaşayıb-yaşamadığını demək çətindir.


Tarix: 16.02.2015 / 14:16 Müəllif: Feriska Baxılıb: 314 Bölmə: Qədim dünya tarixi
loading...