Makedoniyalı İsgəndər, III Böyük İsgəndər (qəd.yun. Ἀλέξανδρος Γ'ὁ Μέγας, lat. Alexander Magnus; müsəlman şərqində İsgəndər Zülqərneyn, 21 iyul E.ə. 356, Pella – 10 iyun E.ə. 323, Babil) — qədim dünyanın görkəmli sərkərdəsi və dövlət xadimi, E.ə. 336-cı ildən Makedoniya hökmdarı, Aristotelin şagirdi.
Həyatı
İsgəndər e.ə. 356-cı ildə Qədim Makedoniyanın paytaxtı olan Pella şəhərində dünyaya gəlmişdir. Rəvayətə görə, məhz onun doğulduğu gün Herostrat qədim dünyanın yeddi möcüzəsindən biri hesab olunan Efesdəki Artemida məbədini yandırmışdır.
İsgəndərin dəqiq doğum tarixi məlum olmasa da, Plutarx onun hekatombeon (makedoniyalılarda: 'loy' ayının altıncı günündə doğulduğunu bildirir. Tam əminlik olmasa da, tarixçilər hesab edirlər ki, hekatombeon ayının 1-ci günü Qriqorian təqvimində 15 iyula təsadüf edir. Bu səbəbdən İsgəndərin doğum tarixi kimi iyulun 20-si qəbul edilir.
Lakin, Aristobulun Flavi Arrian tərəfindən qeydə alınmış iddiasına görə İsgəndər payızda dünyaya gəlib. Bununla yanaşı, İsgəndərin müasiri olan Demosfen qeyd edir ki, makedoniyalılardakı loy ayı əslində yunanların boedromion (sentyabr-oktyabr) ayına təsadüf edir. Bu səbəbdən də çox vaxt doğum tarixi kimi oktyabrın 6-dan 10-a kimi olan dövr göstərilir.
İsgəndərin valideynləri — Makedoniya çarı II Filip və Epir çarının qızı Olimpiadadır. Ənənəvi olaraq Makedoniya çarları, o cümlədən də İsgəndər, öz nəsillərini mifoloji qəhrəman olan Herakldan götürdüklərini iddia edirdilər. İsgəndərin özü tərəfindən ortaya atılan əfsanəvi versiyayay görə isə onun əsl atası Misir fironu II Nektaneb olmuşdur.
Doğulmasından sonra əyanlar Filipin onu öz atasının şərəfinə Aminta adlandıracağını gözləsələr də, Filip öz oğlunu "yunanların dostu" adı ilə tanınan Makedoniya çarı I İsgəndərin şərəfinə adlandırdı.
E.ə.336-cı ildə atası Filip öldürüldükdən sonra hakimiyyətə keçən İsgəndər Yunanıstan, Frakiya və İlliriyada Makedoniya hakimiyyətinə qarşı baş vermiş üsyanları yatırdı, Makedoniyada hakimiyyət üğrunda mübarizəyə son qoydu. O, e.ə.334-cü ildə Kiçik Asiyaya, Əhəmənilərin hakimiyyəti altında olan ərazilərə hücum etdi. Qoşunu sayca az olsa da Qranik çayı yaxınlığında Əhəməni ordusunu ağır məğlubiyyətə uğratdı (e.ə.334, may).
E.ə.333-cü ildə artıq bütün Kiçik Asiya Makedoniyalı İsgəndərə tabe idi. Həmin ilin noyabrında İss yaxınlığındakı növbəti döyüşdə sayca makedoniyalılardan üç dəfə çox olan III Daranın ordusu məğlubiyyətə uğradıldı. Bu qələbədən sonra Aralıq dənizi sahili şəhərləri Makedoniyalı İsgəndərin hakimiyyətini tanıdı.
E.ə.332-ci ildə və e.ə.331-ci ilin qışında Makedoniyalı İsgəndər Misiri döyüşsüz ələ keçirdi, İsgəndəriyyə şəhərinin əsasını qoydu.
E.ə.331-ci ilin yazında İsgəndərin işğalçılıq yürüşünün ikinci mərhələsi başladı. Qavqamel döyüşü III Daranın böyük ordusunun məğlubiyyəti ilə nəticələndi. İsgəndərin ordusu cənuba hərəkət edib Babil, Suz və s. şəhərləri tutdu, Əhəmənilər dövlətinin paytaxtı Persepol müqavimətsiz təslim oldu.
Baktriya çanişini Bess III Daranı öldürüb özünü Əhəməni padşahı elan etdi. Lakin tezliklə İsgəndər Bessi tutaraq onu edam etdi. O, Orta Asiyaya (e.ə.329) və Hindistana (e.ə.327) hərbi yürüşlər təşkil etdi və qələbə qazandı.
E.ə.326-cı ildə İsgəndərin on ilə yaxın davam edən Şərq yürüşü başa çatdı. İsgəndərin yürüşləri nəticəsində sərhədləri qərbdə Balkan yarımadasına, şərqdə Hindistana, cənubda Misir və Afrikanın bir hissəsinə, şimalda Qara dənizə qədər uzanan böyük bir dövlət yarandı. Lakin onun yaratdığı yeni dövlət Əhəmənilər dövlətinə nisbətən mütərəqqi idi. İsgəndərin ölümündən sonra onun yaratdığı dövlətin ərazisində bir sıra ellin dövlətləri yarandı.
İsgəndərin hərbi yürüşləri Qədim Yunanıstan hərb sənətinin yüksək mərhələsi olmuşdur. İsgəndər falanqanın həmlə qüvvəsini artıraraq sıxlığını çoxaltmış, süvari qoşununu ordunun qəti zərbə və manevr qüvvəsinə çevirmiş, yeni tipli süvarilərdən (süvari və piyada döyüşməyi bacaran) istifadə etmiş və s. mühüm yeniliklər həyata keçirmişdi.
Tarix: 16.02.2015 / 14:15 Müəllif: Feriska Baxılıb: 277 Bölmə: Qədim dünya tarixi