Üfürməklə şam söndürmək asandı,
Kəramətin varmı qalamaq üçün?
Gül kimi ətir saç, təravətli ol,
Yaşama tikan tək, dalamaq üçün.
Eşit gör nə deyir yaxınım-yadım,
Şər ilə, şeytanla çəkilmir adım.
Mən elə dost dedim, dost soraqladım,
Qollarım boynuna, dolamaq üçün.
Bəzi haqqı danır görürsən birdən,
Bəzi baş çıxardır yüz cürə sirdən.
Axmaq zinyət verir özünə zərdən,
Yaltaq quyruq taxır, bulamaq üçün.
İrişir üzünə, arxadan vurur,
Gəzir el içində şah kimi durur.
Yüz əməl işlədir, min kələk qurur,
Yaxşını yamana calamaq üçün.
Tox olan aclığı bəyan eyləməz,
Heç kəsə söz deməz, əyan eyləməz.
Acgöz tox olsa da, toxam söyləməz,
Gözü sini gəzər, yalamaq üçün.
Məmmədhüseyn deyər, eşidin barı,
Dünyada qalacaq dünyanın varı.
Qartal qanad çalar zirvəyə sarı,
Bayquş viran gəzər, ulamaq üçün.
Tarix: 25.05.2015 / 13:14 Müəllif: Aziza Baxılıb: 185 Bölmə: Novruzov Məmmədhüseyn