Dağlar...
Gəlib çıxdım oylağıma,
Aç qoynunu, ana dağlar.
«Hacı Qurban» yaylağıma,
Yetişdim qurbana, dağlar.
Qürbət eldə çox dolandım,
Axşam-səhər adın andım.
Səni gördüm qubarlandım,
San gəlmişəm cana, dağlar.
Yazın, yayın bir cənnətdi,
Bu ellərə şan-şövkətdi.
Bəzənibsən xoş adətdi,
Yenə yaşıl dona, dağlar.
Lalə, nərgiz, tər bənövşə,
Əsirgəmə dər bənövşə.
«Buz bulağ»ın düşüb işə,
El gəlir mehmana, dağlar.
Sinən üstə maral gəzər,
Ceyran qaçar, cüyür süzər.
Məmmədhüseyn özü düzər,
Səni min dastana, dağlar.
Tarix: 25.05.2015 / 13:11 Müəllif: Aziza Baxılıb: 174 Bölmə: Novruzov Məmmədhüseyn
loading...