Dindar bir müsəlman qadının başına gələn əhvalatı oxuduğunuz zaman internet adlanan bu nəsnənin heç də göründüyü kimi məsum bir “alət” olmadığını aydın görəcəksiniz
Son illərdə internet evimizin vaz keçilməz ünsürlərindən birinə çevrilib. Ancaq dövrümüzdə kifayət qədər geniş yayılan internetin müsbət tərəfləri olduqca çox olmasına baxmayaraq, səbəb olduğu təhlükələrin də fərqinə varmalı olduğumuzu düşünürük.
Hər bir faydalı şeydə olduğu kimi elə mənfi yöndə istifadə edilmə ehtimalı ən çox olan “alət” bəlkə də internetdir. İnternet sayəsində nəhəng kitabxanalara daxil olmaq, beynəlxalq mətbuatdan xəbərdar olmaq, təkbətək söhbətlərə dalmaq, faydalı bədii və sənədli filmləri seyr etmək imkanı əldə etməklə yanaşı, orada insan fitrətinə və etiqadına zidd olan xoşagəlməz məlumatlar, şəkillər, videoçarxlar da mövcuddur.
İnternetdə mövcud olan ünsiyət vasitələrindən biri də “virtual söhbət”dir ki, bunu insanlar “çat” adlandırırlar. Bu “çat”ın sayəsində dünyanın o biri tayındakı bir şəxslə tanış ola bilir, onlara müxtəlif sənədlər, şəkillər və s. göndərə bilir, onları söhbət əsnasında video-rabitə vasitəsilə görə bilirik. Digər tərəfdən, internet bizə əlavə məbləğ ödəmədən müxtəlif insanlarla tanış olmaq, fikir və düşüncələrimizi onlarla bölüşmək kimi xidmətlər də təklif edir. Habelə, bu “alət” bizə lüzumsuz şəxslərlə müxtəlif səpkili məhəbbət mövzularına dalmamıza da səbəb olur. İnternet insanı heç gözləmədiyi təhlükəli macəralara da sürükləyə bilir.
Baş vermiş bu hekayə göz yaşları içərisində yazılaraq, ərəb dilində olan internet saytlarından birinə göndərilmişdir. Dindar bir müsəlman qadının başına gələn əhvalatı oxuduğunuz zaman internet adlanan bu nəsnənin heç də göründüyü kimi məsum bir “alət” olmadığı aydın olur.
Bəli, internetdən kimin, hansı şərtlər daxilində və necə istifadə etməli olduğunu sizə həvalə edərək, ibrətamiz hekayəmizi sizə təqdim edirik.
Ürək dağlayan məktub: “Qardaşlarım, Allahın salamı, bərəkəti və lütfü sizin üzərinizə olsun. Aşağıda sizə baş vermiş, acı, həyatımı alt-üst edən, gələcəyimi sual altında qoyan, ailə həyatımın dağılmasına səbəb olan və ərimlə yollarımı ayıran hekayəni sizə nəql edirəm.
“Mən mühafizəkar və hörmətli bir ailənin İslam əxlaqı və tərbiyəsi əsasında yetişdirilmiş bir qızıyam. Heç bir zaman düşüncəsiz şəkildə davranmamış və ya əyləncə axtarışında olmamışam. Allahın qəzəbinə səbəb olacaq, iş tutduğumu xatırlamıram. Mən məni sevən, mənim də onu sevdiyim, mənə artıqlaması ilə etibar edən yaxşı bir oğlanla ailə həyatı qurdum. Onun ərköyün həyat yoldaşıydım. Hətta ailəm və qohum-əqrəbalarımın bir çoxu mənə, həyat yoldaşımın məni daha əvvəl heç bir qızın görmədiyi qədər ərköyünləşdirdiyini söyləyirdilər.
Ərimdən nə isə bir şey istədiyim zaman onun bu istəyimi qəbul etməyib “xeyr” dediyi yadıma gəlmir. Mən ondan nə istəsəm alar, gətirərdi. Bir gün ona internetdən istifadə etmək istədiyimi söylədim. O, əvvəlcə, bunun yaxşı fikir olmadığını dedi. Mən isə tovla ona kompüteri aldırdım və yanlış istiqamətdə istifadə etməyəcəyimə dair söz verdim. O da bunu qəbul etdi. Kaşki qəbul etməyəydi...
Məni internetdə əyləndirən bütün saytlara sevinclə daxil olmağa başladım. Artıq elə bir vəziyyət yaranmışdı ki, ərim hər gün işə gedir, mən isə internetdən istifadə edirdim. Hətta onun evdə olduğu vaxtlarda belə mən kompüter arxasında oturur, internetdən ayrılmırdım. Ancaq ərim məndən nə işlə məşğul olduğumu soruşmurdu. Çünki mənə etibar edirdi.
Bu minvalla günlər bir-birini əvəz edirdi. İnternetə daxil olan bir dostum mənə “çat”dan bəhs etdi. “Çat çox əyləncəli və maraqlı bir proqramdır. İnsanlar bu proqramda bir-biriləri ilə tanış olur, söhbət edirlər. Vaxtın necə gəlib-keçdiyini hiss etmirsən” dedi.
Nəticədə mən “çat”a daxil oldum. Kaş ki , bunu etməyəydim. Başlanğıcda “çat”ı yalnız ötəri danışıq proqramı hesab edirdim. Sonra onun vasitəsilə bir oğlanla tanış oldum. Hər gün onunla internetdə görüşür və danışırdıq. Bu oğlan yüksək əxlaqı ilə digərlərindən fərqlənən bir şəxs idi. Daha əvvəl söhbət etdiyim insanlar arasında onun kimisinə rast gəlməmişdim.
Daha əvvəl heç bir kəsi ərim qədər sevmədiyimə baxmayaraq, saatlarla kompüterin qarşısında oturur və tanış olduğum həmin gənclə söhbət edirdim. Həyat yoldaşım işdən gəldiyi zaman kompüterin qarşısında keçirdiyim saatlardan dolayı əsəbiləşirdi. Mən bir insanı bəyənmişdim və onunla yalnız bəyəndiyim üçün onunla danışmırdım.
Günlərin bir-birini əvəz edirdi. İnternet söhbətləri nəticəsində həmin gənci bəyənmə hissi sevgi hissi ilə əvəz olunurdu. Nəticədə ona həyat yoldaşımdan daha çox bağlandım. Həyat yoldaşımın əsəbindən qaçaraq, internetdə onunla danışmağa can atırdım. Bir dəfə öz hisslərimi cilovlaya bilməyərək, həyat yoldaşımla mübahisə etdim. Bundan sonra ərim kompüterin internetə çıxışını kəsdi, kompüteri isə evdən çıxartdı.
Mən onun bu hərəkətindən dolayı çox əsəbiləşdim. Çünki o, ilk dəfə mənə qarşı belə əsəbiləşmişdi. Onu cəzalandırmaq üçün “çat”da söhbət etdiyim şəxslə əlaqə saxlamağa davam etmək qərarına gəldim. Əvvəllər onun mənimlə danışmaq üçün yalvarışlarına əhəmiyyət vermirdim. Bir gecə isə ona zəng etdim və telefonda söhbət etdik. Elə o andan etibarən ərimə xəyanət etməyə başladım.
Həyat yoldaşım hər dəfə evdən çıxarkən mən ona zəng edir və telefonda onunla söhbət edirdim. Söhbət etdiyim gənc ərimdən boşanacağım təqdirdə mənimlə evlənəcəyini vəd edir və onunla görüşməyim üçün təkid edir, yalvarırdı. Nəticədə mən onun istəklərinin arxasınca getdim və onunla görüşdüm.
Görüşlərimiz bir qadının yoldaşına xəyanət etdiyi zaman yol verəcəyi ən böyük günaha qədər davam etdi. Onunla cinsi münasibətdə oldum. “Çat”da tanış olduğum gənci sevdim və həyat yoldaşımdan boşanmaq qərarına gəldim.
Ərimdən məni boşamasını istədim. O, “Nə üçün?” deyə soruşdu. Aramızda olan problemlər çoxalmışdı və mən artıq dözə bilmirdim. Yoldaşımdan xoşlanmırdım. O isə bundan şübhələnmiş və məsələnin iç üzünü araşdırmağa başlamışdı. Bir dəfə telefonda bir adamla danışdığımdan xəbər tutdu. Ona həqiqəti açıqladım.
Bütün bu baş verənlərdən sonra yoldaşımın mənə qarşı xoş davranmasına baxmayaraq, onu istəmədiyimi, artıq onunla yaşamaq niyyətində olmadığımı söylədim. Ərim bunu aləm-aşkar edib ailəmə bildirmədi: “Mən səni sevirəm, ancaq səninlə davam edə bilmərəm. Allah sənin və bizim günahlarmıız bağışlasın. Ailənə mənimlə yaşamaq istəmədiyini, bir-birimizə uyğun olmadığımızı başa düşdüyünü söyləyərsən” dedi.
Əslində yoldaşımın xoşuna gəlmədiyi yeganə şey internetdən qaynaqlanan bəsit problemlər idi. O, mənə qarşı pis davranmırdı. Heç bir qüsuru yox idi. Yalnız evdə interneti istəmirdi. Mən isə kor idim. Bütün bunları ancaq iş işdən keçdikdən sonra görə bildim. İnternetdə tanış olduğum gəncin sözləri yoldaşımla ayrılmağıma səbəb olmuşdu.
Tanış olduğum gənc mənə: “Səndən başqasından xoşum gəlmədi. Həyatımda səndən daha şirin bir qızla rastlaşmadım. Sən həyatımda gördüyüm ən yaxşı insansan” deyirdi. Ancaq hər şeyin sonunda bu xainin əsl siması məni bir ildırım kimi vurdu.
O dedi ki: “Əgər evlənsəm, tanımadığım ya da “çat” kimi yanlış olan bir yolla tanış olduğum bir qızla evlənmərəm. Xüsusilə də bu qız sənin kimi yaşlı və ağıllıdırsa... Əgər mən birini sevsəm, bu qız “çat”da tanış olduğum və evlənməyi düşündüyüm biri olsa belə kiçik bir qız olacaq və mən onu istədiyim kimi yönləndirəcəyəm. Sənin kimi evli olduqdan sonra yoldaşına xəyanət etmiş biri ilə evlənmərəm!!!...”
Sizə and içirəm ki, bu kəlmələr tamamilə onun söylədiyi kimi idi. Yalan danışmıram. Nə bir söz əlavə etdim, nə də bir kəlmə əksiltdim. İndi isə çox çaşqınam, nə edəcəyimi bilmirəm.
İntihar etmək barədə fikirləşirəm. Bəlkə də bu sətirləri oxuduğunuz zaman mən ya intihar etmiş olacağam, yaxud da Allah məni doğru yola qovuşdurub qaranlıqdan aydınlığa çıxaracaqdır. Mənə zülm edən və bu hadisə ilə həyatımı sarsıdan insan və onun kimilərinə isə deyirəm ki: “Bir gün gələcək, siz də öz nəfslərinizdə təhrikedici şeylərin insanı necə aldatdığını görəcəksiniz. Allahdan bircə duam mənə zülm edən insanın eyni haldan dolayı (özü və ya ailəsində) şikayət etdiyini göstərməsidir. Allaha əmanət olun!”
Tarix: 21.11.2012 / 12:14 Müəllif: [Ram] Baxılıb: 2013 Bölmə: Maraqlı melumatlar