Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İnsan ürəyi
İnsan ürəyi

Unudulmaz, görkəmli aktyorumuz
Ələskər Ələkbərovun xatirəsinə
Bir şair demişkən yel əsdi yaman,
Başladı bir nəslin yarpaq tökümü.
Qopdu bir ömür də öz budağından,
Qopdu saralmamış bir yarpaq kimi.
Əcəlin nə ağır qanunu varmış,
Ölümün gülləsi dəydi hədəfə...
Cavanşir qılıncı yerə qoyarmış,
Vaqif də ölərmiş ikinci dəfə...
Gör, kimi yıxarmış, ürəyə bir bax...
O görkəm, o gövdə sanki dağ idi.
Bəlkə də bircə gün Otello olmaq
Onunçün əlli il yaşamaq idi...
Fırtına duyardın qaşqabağından,
Şəlalə kimiydi hər gülməyi də.
Onun hisslərinə dözməzdi bir an
Üç insan ömürlü fil ürəyi də.
Eh, ürək... Yox, onun nə təqsiri var,
Əsəblər üstündə yer salır insan.
Yollar silkələnər, relslər qırılar
Bir qəlbin yükünü qatara yığsan.
Sən, həkim, adını soruşmamış gəl
Öyrən ki, hər xəstən kimdir, nəçidir.
Elə bil sənətkar hər şeydən əvvəl
Ürək ağrısına abunəçidir.
Ürəkdə ay doğur, günəş də batır,
Göy qopur, ildırım çaxır ürəkdə.

Tufan da hayqırır, sükut da yatır,
Alov da, gurşad da yağır ürəkdə.
Sev - ürək, duy - ürək, ağla-gül - ürək,
Şairin gözü də ürəkdir bəzən.
Ulduzlar göz olsun, nəyimə gərək
Dünyanı ürəklə görə bilməsəm.
Onunla keçirik hər imtahandan,
Bir ordu deməkdir bəzən bir ürək.
Bir şıltaq körpədən, bir nər cavandan
Titrək bir qocaya çevrilir ürək...
Sinəsi od tutsun soyuq məzarın,
Sənət çiçəyimiz nə vaxtsız solur.
Görünür ürəklə yaşayanların
Elə ölümü də ürəkdən olur.


Tarix: 25.05.2015 / 12:55 Müəllif: Aziza Baxılıb: 176 Bölmə: Məmməd Araz
loading...