Dostum Söhrab Tahirə
Bir gözümdə sevinc var,
Bir gözümdə qəm yaşı;
Yanar səhra kimiyəm,
Nəğmə bahar yağışım...
Oxu, bir aram-aram,
Oxu, bir həzin-həzin,
Oxu, çöllər uyusun,
Oxu, dağlar titrəsin...
Araz yadıma düşüb,
Hər teli min havalı
O saz yadıma düşüb!
Sahilində küləklər
Gəzməyib mənim qədər.
Sularında ördəklər
Üzməyib mənim qədər.
Qayasına baş qoyum,
Saçımı dalğa yusun,
Körpə kimi uyuyum
Səsiylə dalğalasının...
Araz yadıma düşüb,
Hər teli min havalı
O saz yadıma düşüb!
Hanı balıq tutduğum?..
Batıb qarmağım onda.
Yoxsa o zaman itdi
Uşaqlıq çağım onda.
Bilirəm, o illərə
Qayıtmaram bir də mən.
İlk eşqimin sirrini
Bir o bilir, bir də mən...
Araz yadıma düşüb,
Mizrab vur tellərinə
O saz yadıma düşüb!
Oxu, çıxım sahilə
Kəhkəşan qucağında
Gəzim Araz sinəmdə,
Naxçıvan qucağımda.
Uzansın Moskva çay
Bir qolum kimi bu dəm:
Mən onunla Xəzərdə
Araza əl verərəm.
Araz yadıma düşüb!
Araz yadıma düşüb!
Tarix: 25.05.2015 / 12:54 Müəllif: Aziza Baxılıb: 67 Bölmə: Məmməd Araz