Çini ölkədə
Dəmir Odunçu meşədən tapdığı odunlardan bir nərdivan düzəldənə qədər Doroti
uzanıb yatdı, çünki uzun yol gəldiklərinə görə çox yorulmuşdu. Aslan və Toto da qızın yanında
yerlərini rahatladılar.
Dəmir Odunçunun işinə baxan Bədheybət fikirli halda dedi:
- Bu divarın nə üçün burada olduğunu və hansı maddədən düzəldiyini başa düşə
bilmirəm.
- Divar haqqında əndişəyə qapılıb beynini yorma, - dedi Dəmir Odunçu; - indi
nərdivan hazır olar, üstünə dırmaşıb divarın arxasında nələrin olduğunu görəcəyik.
Nərdivan tezliklə hazır oldu. Bir az kələ-kötür görünməsinə baxmayaraq, Dəmir
Odunçu işlərinə yarayacağından əmindi. Bədheybət Dorotini, Aslanı və Totonu oyandırıb
nərdivanın hazır olduğunu söylədi. Bədheybət nərdivanla qalxmağa başladı, ancaq yaman
yöndəmsiz idi, Doroti onun dalınca qalxaraq, yıxılmasın deyə onu tutmalı oldu. Bədheybət
divarın o biri tərəfini görə biləndə sevincək qışqırdı:
- Ay aman!
- Çıx görüm, - arxadan səsləndi Doroti.
Bədheybət divarın üstünə çıxıb oturduğu zaman Doroti divarın o biri tərəfini gördü və
eynilə Bədheybət kimi o da qışqırdı:
- Ay aman!
Sonra Toto divarın başına qalxıb hürməyə başladı, Doroti ona acıqlandı ki, səs
salmasın.
Sonra Aslan dırmaşdı nərdivana, ən axırda Dəmir Odunçu qalxdı; hər ikisi yuxarıya
çatan kimi:
- Ay aman! - deyə qışqırdılar.
Hamı divarın üstündə əyləşmişdi, ətrafdakı qəribə mənzərəyə baxırdılar. Qarşıda
nəhəng boşqaba oxşayan ağ yastı düzənlik vardı, ətrafa səpələnmiş əlvan rənglərlə boyanmış çini
evlər görünürdü. Evlər balaca idi, Dorotinin qurşağına qədər. Evlərin yanında çini anbarlar,
ətrafda çini hasarlar vardı. Çini çəmənlikdə çini qoyunlar, inəklər otlayırdı. Atlar, toyuqlar,
donuzlar da çinidən idi.
Bu qəribə ölkənin ən əcayib canlıları isə adamlardı. Dostlar maraqla zəngin geyimli
şahzadələrə, zolaqlı şalvar geymiş çobanlara baxırdılar. Zolaqlar çəhrayı, sarı, mavi rəngdəydi.
Orda atlas geyimli, ləl-cəvahiratla bəzənmiş qızıl taclı krallar, qırmızıyanaq şişpapaqlı təlxəklər
vardı. Ən qəribəsi buydu ki adamlar da, onların geyimləri də çinidəndi və çini ölkənin camaatı
əsil çırtdanlardı, onların ən uzun boylusu Dorotinin dizindən idi.
Əvvəlcə heç kim yolçulara fikir vermirdi. Təkcə yekəbaş bənövşəyi çinidən
düzəldilmiş bir it divara yaxınlaşıb nazik səslə hürdü, sonra qaçıb uzaqlaşdı.
- Divardan necə düşək? - Doroti soruşdu.
Dəmir Odunçunun düzəltdiyi nərdivan o qədər ağır idi ki, onu qaldırmaq mümkün
deyildi. Bədheybət yerə atıldı, dostları da əzilməsinlər deyə onun üstünə tullandılar. Əlbəttə,
dostları çalışırdı ki, Bədheybətin başına yıxılmasınlar, axı onun başı iynə-sancaqla dolu idi.
Hamı tullanandan sonra Bədheybətin yastılanmış bədənini yerdən qaldırdılar və yastıq kimi
çırpıb əvvəlki görkəmə saldılar.
- Bu sirli ölkədən keçməliyik, - Doroti dedi, - gəlin, Cənuba doğru yolumuzu
dəyişməyək.
Yolçular çini insanların yaşadığı torpaqlardan keçərək yollarına davam etdilər və ilk
qarşılarına çıxan çini bir inəyi sağan çini sütçü qız oldu. Yolçular inəyə yaxınlaşanda, inək təpik
atdı, vedrəni aşırtdı, çinidən olan sağıcı qız çini torpağa düşüb cingildədi.
Doroti inəyin ayağının sındığını, vedrənin parça-parça olduğunu və zavallı sağıcı qızın
sol dirsəyinin çatladığını görüb heyrətə gəldi.
- Bir gör neylədiz! – deyə sağıcı qız hirslə qışqırdı; - İnəyimin ayağı qırılıb, gərək onu
təmirçiyə aparım yapışdırsınlar. Niyə burda gəzib inəyimi qorxutdunuz?
- Bağışlayın, - Doroti peşmanlıqla dedi, - xahiş edirəm, hirslənməyin.
Ancaq gözəl sağıcı qız elə hirslənmişdi, cavab da vermədi. O, axsayan inəyini apardı,
gedəndə də elə hey dönüb məzəmmətlə bu ziyankar dostlara baxır, çatlamış qolunu böyrünə
sıxırdı.
Bu hadisə Dorotini çox məyus etmişdi. Yuxa ürəkli Dəmir Odunçunun da kefi
pozulmuşdu:
- Gərək burada çox diqqətli olaq, yoxsa bu kiçik gözəl insanları elə qırıb tökərik, heç
yapışdırmaq da olmaz.
Bir qədər sonra dostlar bəzənmiş bir şahzadə gördülər. Şahzadə təəccüb içində donub
qalmışdı, sonra qaçıb xilas olmaq istədi. Doroti onun dalınca qaçdı, çini şahzadə var gücüylə
qışqırdı:
- Məni tutma! Məni tutma!
Şahzadə elə qorxmuşdu ki, Doroti dayanıb ondan soruşdu:
- Niyə?
Şahzadə bir az da qaçıb dayandı və nəfəsini dərdi:
- Çünki qaçanda yıxılıb qırıla bilərəm.
- Sizi təmir etmək olmaz?
- Ah, olar; amma bilirsiniz təmirdən sonra belə gözəl olmayacam, - şahzadə başa saldı.
- Doğru deyirsiz, - Doroti onunla razılaşdı.
- Baxın, mister Coker gəlir, o bizim təlxəklərdən biridir, - şahzadə dedi. – O, baş-ayaq
dayanmağı elə sevir ki... Dəfələrlə yıxılıb qırılıb, indi bədəni, yəqin, bir-birinə yapışdırılmış min
parçadan ibarətdir. Onu yaraşıqlı adlandırmaq olmaz, indi özünüz görərsiz.
Həqiqətən, balaca şən təlxək dostlara yaxınlaşırdı. Onun əynində qırmızı-sarı-yaşıl
geyim vardı, bütün bədəni çat-çat idi. Demək, təlxəyi dəfələrlə təmir edib yapışdırmışdılar.
Təlxək ovurdlarını şişirtdi, əllərini cibinə soxub başını yelləyərək dəcəl səslə qışqırdı:
-
Mənim gözəl xanımım
Nədən sənin gözlərin
Bu zavallı Cokerin
Üst-başına zillənib
Çox əsəbi durmusuz
Elə bil mil udmusuz!
- Səsini kəs! – Şahzadə acıqlandı. - Görmürsən bunlar yad adamlardır, onlara hörmətlə
yanaş.
- Hörmət əlaməti olaraq, tamaşaya başlayaq! – Təlxək qışqırıb başı üstə dayandı.
- Mister Cokerdən inciməyin, - şahzadə Dorotiyə dedi, - onu o qədər təmir ediblər ki,
başı yaxşı işləmir, özünü axmaq yerinə qoyur.
- Ah, ondan heç incimərəm, - Doroti cavab verdi. – Amma sən özün elə gözəlsən, səni
çox sevəcəyimi bilirəm. Səni Kanzasa aparıb Em xalanın ocağının üstündəki taxçada durmağı
istəyərsənmi? Səni zəmbilimə qoyub apara bilərəm.
- Bu məni çox məyus edərdi, - çini şahzadə dedi, - öz ölkəmizdə biz rahat yaşayırıq,
istədiyimiz qədər gəzirik, söhbət edirik. Ancaq buradan uzaqlaşanda oynaqlarımız bərkiyir, daşa
dönürük, bəzək əşyası kimi hərəkətsiz oluruq. Əlbəttə, bizi dolablara, rəflərə qoyanda heç nə
tələb etmirlər, amma öz ölkəmizdə daha xoşbəxt bir həyatımız var.
- Sənin xoşbəxtliyini əlindən almaq istəməzdim, - Doroti dedi; - Elə isə sağlıqla qal!
Yolçular ehtiyatla Çini ölkədən keçib getdilər. Balaca adamlar, heyvanlar yolçuların
ayaqları altına düşməsinlər deyə qaçışırdılar. Bir saat ərzində dostlar çini ölkənin o biri ucuna
çatıb başqa bir çini divarla qarşılaşdılar.
Bu divar o qədər də hündür deyildi, dostlar Aslanın belinə qalxıb rahatca divarın
üstünə dırmaşdılar. Sonra Aslan özü arxa ayaqları üstə gərilərək divarın üstünə hoppandı; ancaq
hoppananda quyruğu ilə çini bir kilsəni vurub dağıtdı.
- Nə pis oldu, - Doroti heyifsiləndi, - ancaq, düşünürəm ki, bu insanlara bir inəyin
ayağını qırmaqdan və bir kilsəni uçurtmaqdan daha çox ziyan vura bilərdik. Burda hər şey nə
qədər kövrəkdir!
- Həqiqətən elədir, - Bədheybət dedi, - yaxşı ki, mən samandanam, qırıla bilmərəm.
Samanla dolu Bədheybət olmaq o qədər də pis deyilmiş...
Heyvanların şahı Aslan
Çini divardan enən yolçular, uzun, sıx otlar və bataqlıqlarla dolu olan bir yerə
düşdülər. Burada irəliləmək çox çətin idi. Otlar elə qalın idi ki, yolu tapmaq olmurdu, tez-tez
palçıqlı çuxurlara düşürdülər. Ancaq addımlarını ehtiyatla ataraq gəlib quru yola çata bildilər.
Sevinməyə bir səbəb yox idi, çünki ətrafda daha vəhşi bir mənzərə vardı, kolların arasıyla uzun
və yorucu yoldan sonra bir meşəyə çatdılar, burada ağaclar olduqca hündür idi, heç vaxt belə
hündür ağac görməmişdilər. Sevinclə ətrafa baxan Aslan:
- Əcəb gözəldir! – dedi. - Ömrümdə buralardan gözəl yer görməmişəm!
- Mənə görə buralar çox vahiməlidir, - Bədheybət dedi.
- Yox, - Aslan etiraz etdi, - mən ömrümü burda keçirməyə razıyam! Bax, xəzəl necə
yumşaqdır, ağaclara yapışan yosunlar görün necə yaşıldır! Əsil vəhşi heyvan belə meşədə
yaşamağı arzulayar.
- Bəlkə meşədə vəhşi heyvanlar vardır, - Doroti dedi.
- Yəqin ki vardır, - Aslan cavab verdi; - amma mən hələ bircəciyini də görmürəm.
Yolçular qaranlıq düşənə qədər yürüdülər. Aslan, Doroti, Toto uzanıb yatdılar,
Bədheybətlə Dəmir Odunçu isə həmişəki kimi, onların keşiyində durdular.
Səhər hamı yoluna davam etdi. Bir az getmişdilər ki, heyvan səsinə oxşayan qəribə
uğulti eşidildi. Toto yavaşca zingildədi, amma ondan başqa heç kim qorxmurdu. Dostlar cığırla
gedib bir talaya çatdılar, gördülər ki, burda xeyli heyvan var. Pələnglər, fillər, ayılar, canavarlar,
tülkülər, meşənin digər sakinləri burdaydı. Əvvəlcə Dorotini vahimə basdı, lakin sonra Aslan
başa saldı ki, yəqin, bir hadisə olub, ona görə heyvanlar məsləhət etmək üçün yığışıblar.
Aslan danışarkən bəzi heyvanlar onun burada olduğunu gördülər və qurbağa gölünə
daş atılmış kimi, hər tərəfi səssizlik bürüdü. Pələnglərin ən böyüyü Aslana yaxınlaşıb baş əydi və
dedi:
- Xoş gəlmisən, Ey Heyvanların Şahı! Düşməni öldürüb meşədə əmin-amanlıq
yaratmaq üçün lap vaxtında gəlmisən.
- Nə hadisə baş verib? – Aslan soruşdu.
- Burda məskən salmış bir düşmən hamımızın həyatına təhlükə yaradıb, - Pələng izah
etməyə başladı, - Fil boyda nəhəng bədəni, ağac kötükləri kimi ayaqları olan, nəhəng hörümçəyə
bənzəyən qorxunc bir canlıdır. Səkkiz ayağı var və meşədə dolaşan bir heyvan görsə bu
ayaqlardan birini uzadıb həmin heyvanı tutur və bir hörümçək bir milçəyi necə yeyirsə, həmin
heyvanı basıb yeyir. Bu qorxunc canlı nə qədər ki sağdır bizim həyatımız təhlükədə olacaq, siz
gələndə ona görə toplaşıb başımızın çarəsini axtarırdıq.
Aslan bir anlıq fikrə getdi. Sonra soruşdu:
- Bu meşədə başqa aslan varmı?
- Yoxdur; əvvəllər bir neçə dənə vardı, amma hörümçək onları hamısını yedi. Düzdür,
həmin aslanlar sənin kimi böyük və qoçaq deyildi.
- Düşməninizi məhv etsəm, qarşımda baş əyib mənə Meşənin Şahı deyərsinizmi?
- Əlbəttə deyərik! - pələng cavab verdi; və bütün heyvanlar bir ağızdan bağırdılar: -
Deyərik!
- Bu sizin böyük hörümçək hardadır indi? - Aslan soruşdu.
- Bax, ordakı palıd ağaclarının olduğu yerdə, - dedi pələng ön pəncəsini irəli uzadaraq.
- Siz dostlarımdan muğayat olun, - Aslan dedi, - mən indi hörümçəklə döyüşməyə
gedirəm.
Aslan dostlarıyla sağollaşıb düşmənlə döyüşmək üçün məğrur addımlarla uzaqlaşdı.
Aslan onu tapanda böyük hörümçək yatırdı. Hörümçək elə iyrənc idi ki, Aslan üz-
gözünü turşutdu. Pələng düz demişdi, hörümçəyin ayaqları uzun və qalın idi, bədəni kobud qara
qıllarla örtülmüşdü, ağzı hər biri 30 santim olan uzun iti dişlərlə doluydu, amma böyük başı
nəhəng bədənə tel kimi nazik boyunla birləşmişdi. Aslan başa düşdü ki, boyun hörümçəyin ən
zəif yeridir, düşmən oyanmamış onu məhv etmək lazımdır. Aslan daha fikirləşmədən
hörümçəyin belinə atılıb iti caynaqlı pəncəsiylə bir zərbədə hörümçəyin başını bədənindən
ayırdı. Aşağıya tullandı, hörümçəyin ayaqları hərəkətsiz qalana qədər gözlədi, əcaib canlı artıq
ölmüşdü.
Aslan heyvanların yanına qayıtdı, hamı nəfəsini qısıb intizarla onu gözləyirdi. Aslan
qürur dolu səslə bildirdi:
- Daha heç nədən qorxmayın!
Heyvanlar Aslanın önündə baş əyib onu şah elan etdilər. Aslan, Dorotini Kanzasa yola
salandan sonra meşəyə qayıdıb onlara şahlıq edəcəyinə söz verdi.
Kvodlinqlər ölkəsi
Yolçular meşənin içindən rahatlıqla keçib getdilər. Meşənin sonunda qarşılarına
sıldırım qayalı bir təpə çıxdı.
- Bu təpəyə dırmaşmaq çox çətin olacaq, - dedi Bədheybət, - Ancaq nə olursa olsun
biz bu təpəni aşmalıyıq.
Bu sözlərlə Bədheybət irəli addımladı, dostları da onun dalınca. Onlar iri qaya
parçasına çatmışdılar ki, kimsə qaba bir səslə qışqırdı:
- Geri dönün!
- Kimsən sən? – Bədheybət soruşdu.
Qayanın üstündə bir baş göründü və həmin səs dedi:
- Bu bizim təpədir, və biz kimsənin buradan keçməsinə izin vermirik.
- Biz bu dağı hökmən aşmalıyıq, çünki Kvodlinqlər Ölkəsinə gedirik. – Bədheybət
cavab verdi.
- Yox a, doğrudan? – deyə cavab verdi səs.
Qayanın arxasından yolçuların indiyə qədər gördükləri ilə müqayisədə ən qəribə bir
adam çıxdı.
Bədəninə qırış-qırış, yoğun bir boyunla bağlı, yekə başlı, tamamilə yastı təpəsi olan
dıbırçəllək bir adam idi. Qolları isə yoxdu, bunu görən Bədheybət bu qədər aciz bir canlının
onların təpəyə dırmaşmalarına əngəl ola bilməyəcəyini düşündüyünə görə heç qorxmamışdı. O
əcaib canlıya üzünü tutub dedi:
- Nə qədər acınacaqlı olsa da sizin istəyinizi yerinə yetirə bilməyəcəyik, xoşunuza
getsə də getməsə də biz bu təpəni aşıb keçəcəyik, - və cəsarətli addımlarla yoluna davam etdi.
Birdən canlının boynu uzandı, o bir göz qırpımında yastı təpəsiylə Bədheybətin
qarnına elə vurdu ki, Bədheybət mayallaq aşıb təpədən aşağı yuvarlandı. Adamın boynu necə
uzanmışdısa, eləcə də bir anda qısalıb yerinə qayıtdı, qas-qas gülərək dedi:
- Gördüyün kimi, təpəni aşmaq elə də asan deyil!
Onun sözləri qəhqəhə içində batdı və Doroti hər qayanın arxasında gizlənərək
gözləyən yüzlərlə qolsuz çəkicbaş gördü. Bədheybətin başına gələnlərə gülmələri Aslanı yaman
əsəbləşdirdi, güclü nərə çəkərək ildırım kimi təpəyə cumdu.
Yenə də boyunlarda biri uzanıb sanki bir top mərmisiymiş kimi Aslanı təpədən
aşağıya yuvarlandırdı.
Doroti Bədheybətin yanına qaçıb ayağa qalxmağa kömək edərkən, şil-küt olmuş Aslan
axsaya-axsaya onlara yaxınlaşıb hirslə dedi:
- Bu kəlləvuranlarla döyüşmənin heç bir mənası yoxdur; bunların öhdəsindən heç kim
gələ bilməz.
- Yaxşı, onda bəs neyləyək? – qız soruşdu.
- Uçan Meymunları çağıraq, - Dəmir Odunçu təklif etdi, - onlar hələ bir arzunu yerinə
yetirə bilər.
- Yaxşı, - Doroti razılaşdı.
Doroti Qızıl Papağı başına qoydu, ovsunu oxudu. Bir an içində Uçan Meymunlar
dağın ətəyinə toplaşdı. Meymun Başçısı Dorotiyə təzim edib, nə istədiyini soruşdu. Doroti:
- Bizi bu dağdan keçirib Kvodlinqlər ölkəsinə aparın, - deyə xahiş etdi.
Meymun Başçısı əmr etdi, Uçan Meymunlar dostları Totoyla birgə havaya qaldırdı.
Onlar dağın üstündən uçarkən, kəlləvuranlar çox hirslənir, var gücüylə dartınıb dostları vurmaq
istəyirdilər.
Hamı gözəl Kvodlinqlər Ölkəsində endi. Meymun Başçısı Dorotiyə dedi:
- Biz sənin sonuncu arzunu yerinə yetirdik. Əlvida. Yolun açıq olsun.
- Əlvida. Kömək etdiyiniz üçün minnətdaram, - Doroti dedi.
Kvodlinqlər ölkəsində insanlar xoşbəxt və varlı yaşayırdılar. Yollar yaxşı döşənmişdi,
tarlalarda buğda, qarğıdalı yetişirdi, şırıldayan çayların üstündən möhkəm körpülər salınmışdı.
Çəpərlər, evlər, körpülər Gözvuranların ölkəsində sarıya və Çeynəçilərin ölkəsində maviyə
boyanmış olduğu kimi burada da çəhrayı rəngdə idi. Şişman, balaca və yumşaq başlı Kvodlinqlər
də yaşıl çəmənlər və sarı taxıl zəmilərinin arasında göz qamaşdıran çəhrayı rəngdə paltarlar
geyinmişdilər.
Uçan Meymunlar səyyahları bir fermerin evinin yanına gətirmişdi. Doroti qapını
döyəndə, yaraşıqlı bir qadın qapını açdı. Doroti yeməyə bir şey istədi, qadın yolçulara piroq,
peçenye verdi, Totoya isə bir qab süd çatdı.
- Qlindanın qəsri çox uzaqdır? – Doroti soruşdu.
- Çox uzaqda deyil, - fermerin arvadı cavab verdi, - cənuba doğru gedin, tezliklə
qarşınıza çıxacaqdır.
Xeyirxah qadına təşəkkür edən yolçular yeni qüvvəylə yola düşdülər. Onlar baxımlı
tarlalardan, yaraşıqlı körpülərdən keçib gözəl bir qəsr görənə qədər yürüdülər. Qəsrin qapısında
qızıl saplarla işlənmiş çəhrayı geyimli üç qız keşik çəkirdi. Dorotinin yaxınlaşdığını görəndə
qızlardan biri dilləndi:
- Cənub Ölkəsinə niyə gəlmisiz?
- Buranın hökümdarı Xeyirxah Pərini görməyə görməyə gəlmişik, - deyə cavab verdi
Doroti; - məni onun yanına apararsınızmı?
- Adınızı söyləyin, gedib Pəridən soruşum, qəbul etməyə razıdır, ya yox.
Adlarını söylədilər və əsgər qız qəsrə getdi. Bir azdan o qayıdıb dedi ki, Qlinda elə
indicə dostları qəbul edəcək.
Qlinda Dorotinin arzusunu yerinə yetirir
Əvvəlcə yolçuları bir otağa apardılar, burada Doroti əl-üzünü yuyub saçlarını daradı,
Aslan yalındakı tozu silkələdi, Bədheybət əlləriylə bədəninə vurub düzəltdi, Dəmir Odunçu
oynaqlarını yağlayıb bədənini təmizlədi.
Sonra dostlar əsgər qızın dalınca düşüb böyük bir otağa gəldilər, orda yaqutlu taxtda
Qlinda əyləşmişdi. Qlinda gənc və gözəldi. Onun qızılı rəngdə gözəl qıvrım saçları çiyinlərinə
tökülmüşdü, ağ paltarı, Dorotiyə mehribanlıqla baxan mavi gözləri vardı.
- Övladım, sənə necə kömək edə bilərəm? – Qlinda Dorotidən soruşdu.
Doroti hər şeyi Pəriyə danışdı – qasırğanın evi Oz Ölkəsinə aparmasından, yeni
dostlarını necə tapmasından və yolda başlarına gələn macəralardan...
- İndi ən böyük arzum, - deyə əlavə etdi, - Kanzasa qayıtmaqdır, bilirəm, Em Xala
başıma pis bir iş gəldiyini düşünüb yas tutmağa başlamışdır; və bu il məhsul keçən ilkindən daha
bol olmasa Henri Dayı buna yanında mən olmasam dözə bilməz.
Qlinda əyilib bu balaca yaraşıqlı qızın kədərlin üzündən öpdü:
- Heç kefini pozma, - dedi, - səni Kanzasa göndərmənin bir yolunu tapacağıma
əminəm. Ancaq, - dedi, - əvəzində Qızıl Papağı mənə verməlisən.
- Əlbətdə verərəm! – Doroti sevindi, - onsuz da artıq mənə bir faydası qalmayıb,
ancaq papaq sizdə olsa düz üç dəfə Uçan Meymunlarıçağıra bilərsiz.
Doroti Qızıl Papağı Qlindaya verdi. Qlinda Bədheybətdən soruşdu:
- Doroti gedəndən sonra neyləyəcəksən?
- Zümrüd Şəhərinə qayıdacam. Oz məni Şəhərin hökmdarı elan edib, sakinlər məni
çox sevir. Amma bilmirəm, Kəlləvuranlar olan dağı necə keçəcəm.
- Qızıl Papağın köməyi ilə Uçan Meymunları çağırıb səni düz Zümrüd Şəhərinə
göndərəcəm, - Qlinda dedi, - Qoy insanlar sənin kimi möhtəşəm hökmdardan məhrum
olmasınlar.
- Məgər mən möhtəşəməm? – Bədheybət təəccübləndi.
- Qeyri-adisən, - Qlinda dedi.
Sonra Qlinda Dəmir Odunçudan soruşdu:
- Bəs sən Doroti getdikdən sonra nə edəcəksən?
Dəmir Odunçu baltasına dirsəklənib bir az fikrə getdi.
- Gözvuranlar məni çox sevmişdi, onlar istəyirdi ki, mən hökmdar olum, axı əvvəlki
hökmdar – Qərbin Zalım Pərisi ölmüşdür. Mən Qərb Ölkəsinə düşə bilsəydim, Gözvuranların
hökmdarı olardım.
- Bu Uçan Meymunlara mənim ikinci əmrim olacaq, - Qlinda dedi. - Meymunlar səni
Qərb Ölkəsinə aparar. Əminəm ki, sən müdrik və ədalətli hökmdar olacaqsan.
Sonra Pəri pırpızyallı böyük Aslana baxıb soruşdu:
- Bəs sən, Doroti evinə qayıdandan sonra neyləyəcəksən?
- Kəlləvuranlar təpəsinin arxasında qalın bir meşə var, oranın heyvanları məni şah
seçib. O meşəyə qayıda bilsəm çox bəxtəvər olardım...
- Uçan Meymunlar səni ora aparacaq, - Qlinda söz verdi. – Bununla da mənim Qızıl
Papaq üzərindəki gücüm sona çatacaq, mən Papağı Uçan Meymunların Başçısına hədiyyə
edəcəm, qoy azad olsunlar, daha heç kimə boyun əyib əmrlərini yerinə yetirməsinlər.
Dostlar sevincək halda Qlindaya təşəkkür etdilər. Doroti yüksək səslə dedi:
- Gözəl olduğunuz qədər də xeyirxahsınız! Ancaq mən Knzasa necə qayıdacağımı heç
soyləmədiniz.
- Ayağındakı gümüş başmaqlar səni səhradan keçirər, əgər bu başmaqların sehrini
əvvəldən bilsəydin, elə ilk gündən Em xalanın yanına qayıdardın.
- O zaman mənim əla beynim olmazdı! – Bədheybət qışqırdı. – Mən indiyənə qədər
qarğıdalı tarlasında, çubuqda qalardım!
- Mənim duyğusal gözəl ürəyim olmazdı, - Dəmir Odunçu dedi, - meşədə qalıb elə
hey pas atardım...
- Mən də ömrümün axırına qədər qorxaq qalardım və meşədəki heç bir heyvan mənim
haqqımda yaxşı sözlər danışmazdı.
- Bütün bunlar doğrudur, dostlar, - Doroti razılaşdı, - çox sevinirəm ki, sizə kömək
edə bilmişəm. İndi hamınızın arzusu həyata yetib, hərənizin idarə edəcəyi ölkəsi var, mən
Kanzasa qayıda bilərəm, amma bunu necə edim?
- Gümüş başmaqların güclü təsiri var. - Qlinda izah etdi, - Onlar insanı Yer kürəsinin
istənilən nöqtəsinə bir göz qırpımında aparır. Üç dəfə dabanları bir-birinə vurub başmaqlara əmr
etsən, onlar səni aparar.
- Ayy, nə yaxşı, onda məni bu saat Kanzasa aparmasını istəyəcəyəm - Doroti sevindi.
Aslanın boynunu qucaqlayıb öpdü, pırpızyallı yekə başını tumarladı. Sonra Dəmir
Odunçunu qucaqladı, Odunçu yaman kövrəldi, pas atmaqdan qorxmayaraq ağlamağa başladı.
Ancaq Bədheybətin boyalı üzünü öpməkdənsə yumşaq, samanla dolu qarnını qucaqladı və
sevgili dostlarından ayrıldığı üçün zırın-zırın ağlamağa başladı.
Xeyirxah Qlinda yaqut taxtından enib Doroti ilə görüşüb vidalaşdı. Doroti ona özü və
dostlarıyla bu qədər yaxşı davrandığına görə təşəkkür etdi. Totonu qucağına götürüb bərk-bərk
sarıldı, bir daha hamı ilə vidalaşdı, sonra üç dəfə dabanlarını bir-birinə vurub gümüş başmaqlara
əmr etdi:
- Məni evə, Em xalanın yanına aparın!.
Həmin an Doroti havaya qalxdı və elə sürətlə uçdu ki, külək qulaqlarında vıyıldayırdı.
Gümüş ayaqqabılar üç addım atdı və uçuş elə gözlənilməz bitdi ki, Doroti heç nə başa düşmədən
yerdə bir neçə dəfə yumbalandı. Qız qalxıb oturdu və ətrafa baxıb:
- Aman allah! – dedi.
Demə, Doroti geniş Kanzas çölünün düz ortasında, təzə evin yanında oturmuşdu. Bu
evi Henri dayı qasırğadan sonra tikmişdi. Dayı tövlədə, inəklərin yanında idi. Toto Dorotinin
qucağından atılıb nəşə içərisində hürərək axurda inəkləri sağan Henri dayıya tərəf qaçdı.
Ayağa qalxan Doroti ayaqlarında təkcə corablarının olduğunu gördü. Gümüş
ayaqqabılar uçuş zamanı havada ayaqlarından çıxmış və çöldə həmişəlik itmişdi.
Yenə evdə
Em xala elə evdən çıxıb kələmləri suvarmağa gedirdi ki, birdən Dorotinin ona tərəf
qaçdığını gördü.
- Ay mənim canım! – deyə bağırdı, qızı qucağına alıb doyunca öpərək; - sən hardan
gəldin belə?
- Oz ölkəsindən, - Doroti qürurla cavab verdi. – Toto da burdadır. Ah, xala, bir bilsən,
evdə olmağıma nə qədər sevinirəm...
Son
Tarix: 09.06.2015 / 13:43 Müəllif: Aziza Baxılıb: 302 Bölmə: L. Frank Baum - "Öz ölkəsinin qəribə sehirbazı"