Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

4-cü hissə^
4-cü hissə^

Şəhər Qapılarının Keşikçisi
Aslan lalə talasında uzun müddət qaldığına görə güllərin ölümcül qoxusundan
zəhərlənmişdi, oyanmaq bilmirdi. Nəhayət, gözlərini açıb arabadan yerə tullananda həyatda
olduğu üçün çox sevincliydi.
- Mən var gücümlə qaçırdım, amma çiçəklərin qoxusu çox şiddətli idi – dedi, oturub
əsnəyərək; – məni oradan necə çıxardınız?
Ona çöl siçanlarının həyatını qurtarmaq üçün necə çalışdıqlarını danışdılar; Qorxaq
Aslan güldü və belə söylədi:
- Mən özümü həmişə böyük və güclü heyvan sanırdım, amma xırda lalələr az qaldı ki,
məni öldürsün, balaca siçanlar isə xilas etdilər! Dünyada necə qəribəliklər var! Bəs indi biz nə
edəcəyik, dostlar?
- Biz təcili olaraq sarı kərpic yolu tapmalıyıq, – Doroti dedi; – sonra isə Zümrüd
Şəhərə doğru yolumuza davam etməliyik.
Tezliklə Aslan tamam özünə gəlib bir şeylər yedikdən sonra, dostlar getməyə
başladılar, Böyük Ozun yaşadığı Zümrüd Şəhərinə gedən sarı kərpic yola çatana qədər yumşaq,
yaşıl çəmənliklə irəlilədilər. İndi yol hamar idi, yaxşı döşənmişdi, ətrafda gözəl mənzərələr
görünürdü.
Qalın meşə və təhlükələr arxada qalmışdı, yenə alçaq çəpərlər göründü, amma indi
onların hamısı yaşıl rəngdə idi. Gözə dəyən ilk fermer evi də yaşıldı. Yolda rastlarına çıxan
adamlar qəribə yolçulara təəccüblə baxır, sanki yaxınlaşıb nəsə soruşmaq istəyirdilər, lakin
nəhəng Aslan hamını qorxudurdu, heç kim yaxınlaşıb söhbət etməyə ürək etmirdi. Sakinlərin
hamısı yaşıl geyimdə idi, onların papaqları da yaşıldı.
- Yəqin, biz Oz ölkəsindəyik, – Doroti təxmin etdi, – tezliklə Zümrüd Şəhərinə
çatacağıq.
- Yəqin, – Bədheybət dedi; – Çeynəçilər ölkəsində ən sevilən rəng mavi idi, burda isə
yaşıldır. Buranın sakinləri Çeynəçilər kimi mehriban deyil. Qorxuram ki, gecələməyə bir yer
tapmayaq.
- Meyvə yeməkdən təngə gəlmişəm, nəsə başqa bir yemək istəyərdim, – Doroti dedi;
– Totonun da lap ac olduğuna əminəm. Gəlin, qarşıdakı bir evin yanında dayanaq və insanlarla
danışaq.
Böyük bir kənd evi gördülər. Doroti yaxınlaşıb qapını döydü. Bir qadın qapını, onları
görə biləcəyi qədər, aralayıb soruşdu:
- Nə istəyirsən, qızım, bu Aslan sənin yanında nə gəzir?
- Biz istəyirik ki, sizdə gecələməyə icazə verəsiniz, – Doroti xahiş etdi; – Aslan
mənim dostumdur, heç kimi incitməz.
- O, əhliləşib? – Qadın qapını bir az genış açaraq sordu.
- Hə, hə, – dedi qız; – bu aslan Qorxaq Aslandır, o özü sizdən qorxur.
- Yaxşı, – qadın bir az fikirləşəndən sonra, Aslana bir daha nəzər salıb razılaşdı; –
Əgər belədirsə, içəri gəlin, sizə yemək və yatacaq verim.
Dostlar içəri keçdilər. Evdə qadından başqa üç uşaq və qadının əri vardı. Kişinin ayağı
yaralı olduğuna görə küncdəki yataqda uzanmışdı. Ev sahibəsi süfrə açana qədər kişi yolçulardan
soruşdu:
- Hara gedirsiz?
- Zümrüd Şəhərinə, böyük sehirbaz Ozun yanına, – Doroti cavab verdi.
- Ciddi deyirsiz? Elə bilirsiz, Oz sizi qəbul edəcək?
- Niyə qəbul etməsin ki?
- Çünki o, heç vaxt heç kimi qəbul etmir. Mən dəfələrlə Zümrüd Şəhərində olmuşam,
ora xoşuma gəlir, amma heç vaxt Ozu görməmişəm, onu görən bir adam da tanımıram.
- Oz heç vaxt insanların qarşısına çıxmazmı? – Bədheybət soruşdu.
- Heç vaxt. Bütün günü sarayında böyük taxt otağında oturur, qulluqçuları belə
onunla üz-üzə gəlməzlər.
- Oz kimə oxşayır? – Doroti maraqlandı.
- Çətin sualdır, – fermer dedi; – Oz böyük sehirbazdır, deyirlər ki, o, istədiyi
qiyafəyə girir, gah quş olur, gah fil, gah da pişik. Oz Pəriyə çevrilir, damdabaca olur, asanlıqla
dəyişir, amma heç kim bilmir ki, əsil Oz necədir.
- Çox qəribədir... – Doroti fikrə getdi; – Biz sehirbazı hökmən görməliyik, yoxsa
səyahətimiz boşa çıxar.
- Oz nəyinizə lazımdır? – fermer soruşdu.
- Mən bir az beyin istəyirəm, – Bədheybət dedi.
- Oz üçün bu, su içmək kimi asandır, – fermer Bədheybətə ümid verdi; – Deyilənə
görə, onun o qədər beyni var ki, bilmir kimə versin.
- Mənsə ondan ürək istəyəcəm, – Dəmir Odunçu söhbətə qoşuldu.
- Bu da Oz üçün çətin deyil, – kişi bildirdi, – Ozun hər şəkil və ölçüyə uyğun
ürəklərdən oluşan böyük bir kolleksiyası var.
- Mən Ozdan cəsarət istəməyə gedirəm, – Qorxaq Aslan öz arzusunu bildirdi.
- Deyirlər ki, Ozun qəbul salonunda ocaq üstə böyük bir qazan var, içi cəsarətlə
doludur. Yerə tökülməsin deyə üstünə qızıl bir boşqab qoyublar. Canla-başla sənə bir az cəsarət
verər.
- Mən istəyirəm ki, Oz məni Kanzasa qaytarsın, – Doroti dedi.
- Kanzas harda yerləşir? – fermer təəccübləndi.
- Bilmirəm, mənim evim ordadır, – Doroti ağlamsınaraq cavab verdi.
- Əminəm ki, böyük Oz hər işin öhdəsindən gələr, Kanzası da tapar. Amma gərək
əvvəlcə onun qəbuluna düşəsiz, bi isə asan deyil. Böyük Sehirbaz çağırılmamış qonaqları sevmir,
onun sözü qanundur. Bəs sən nə istəyirsən? - fermer Totodan soruşdu, Toto sadəcə quyruğunu
buladı, çünki, nə qədər qəribə olsa da, danışmağı bacarmırdı.
Ev sahibəsi hamını süfrəyə çağırdı. Doroti bir qab yulaf sıyığı, ağ çörəklə qayğanaq
yedi və dadını çoxdan unutduğu bu yeməklərdən həzz aldı. Aslan sıyığın dadına baxdı, xoşuna
gəlmədi, çünki yulaf aslanın deyil, atların yeməyidir. Bədheybət və Dəmir Odunçu adətləri üzrə
heç nə yemədilər, Toto isə hər yeməkdən bir az dadıb razı qaldı.
Sonra qadın Dorotiyə yatağını göstərdi, Toto da onun yanına uzandı. Aslan qapı
astanasında özünə yer tutdu ki, heç kim Dorotinin yuxusuna mane olmasın. Bədheybətlə Dəmir
Odunçu yatmasalar da bir küncə çəkilib səhərəcən ayaqüstə qaldılar.
Ertəsi gün, səhər günəş doğar-doğmaz yola düzəldilər və bir az gedəndən sonra onlar
üfüqdə yaşıl rəngdə gözəl bir işıq çələngi gördülər.
- Bu Zümrüd Şəhəri olmalıdır – dedi Doroti.
Yolçular yaxınlaşdıqca, işıq güclənirdi. Deyəsən, səyahətin sonuna gəlib çatmışdılar.
Günortaya yaxın dostlar şəhəri əhatə edən divarlara yetişdilər. Divar hündür, qalın və al-yaşıl idi.
Sarı kərpic yol zümrüdlərlə bəzədilmiş şəhər qapılarının yanında qurtarırdı, zümrüdlər
elə parlayırdı ki, hətta Bədheybətin bir Çeynəçi tərəfindən boyayla çəkilmiş gözləri belə bu
gözəllik qarşısında qamaşırdı.
Qapının ağzında zınqırov asılmışdı, Doroti zəng çaldı, xoş bir cınqırtı səsi ətrafa
yayıldı, sonra nəhəng qapılar yavaş-yavaş açıldı, yolçular şəhərə daxil oldular, onlar gümbəz
tavanlı, divarları parlaq zümrüdlərlə naxışlanmış, yüksək tağlı bir otağa gəldilər.
Dostların qarşısındı Çeynəçilər boyda bir adam vardı. O, başdan-ayağa yaşıl
geyinmişdi, bədəni belə yaşıla çalırdı. Böyründən bir iri yaşıl qutu asılmışdı.
Dorotini və onun dostlarını görən adam:
- Zümrüd Şəhərinə niyə gəlmisiz? – deyə, soruşdu.
- Biz böyük Ozu görmək istəyirik, – Doroti dedi.
Bunu eşitmək o adam üçün elə gözlənilməz oldu ki, əyləşib xeyli fikrə getdi. Sonra
dedi:
- Sonuncu dəfə belə istəyi çox-çox əvvəllər eşitmişdim. Oz əzazil və böyük
sehirbazdır, əgər onu axmaq, ya da mənasız bir xahişlə narahat edirsinizsə, baxın ha, işiniz pis
olar, Oz sizi bir göz qırpımında yox edər.
- Bizim xahişlərimiz nə axmaqdır, nə də mənasız, – Bədheybət etiraz etdi; – Hamısı
bizim üçün vacib arzulardır. Biz bilirik ki, Oz xeyirxah sehirbazdır.
- Elədir, – dedi yaşıl adam; – Oz Zümrüd Şəhərini ədalətlə idarə edir, amma dürüst
olmayanlara və burnunu hər yerə soxanlara qarşı amansızdır. Az adam tapılar ki, Ozla
görüşməyə cürət etsin. Mən Qapı Keşikçisiyəm və madəm Böyük Ozu görməyi tələb edirsiniz,
sizi saraya aparmalıyam. Amma əvvəlcə bu gözlükləri taxmalısınız.
- Niyə? – Doroti soruşdu.
- Çünki taxmasanız, Zümrüd Şəhərinin gözəlliyi və parıltısı gözlərinizi kor edər.
Şəhər sakinləri öz eynəklərini heç gecələr də çıxartmır. Ta şəhər qurulandan bəri eynəklər açarla
bağlanır, açarlar məndə qalır. Bu, Ozun əmridir.
Keşikçi öz qutusunu açdı, Doroti qutuda hər boyda və şəkildə çoxlu eynəklər
olduğunu gördü, hamısının şüşəsi yaşıl rəngdə idi. Zümrüd Şəhərinin Keşikçisi eynəklərdən
birini Dorotinin gözlərinə taxdı. Gözlüyün arxa tərəfdə birləşən qızılı rəngdə iki bantı vardı,
bantları qızın başının arxasında qapayıb boynundakı zəncirə bağlı olan açarla kilidlədi. Doroti
artıq istəsəydi də gözlüyü çıxara bilməzdi, ancaq Zümrüd Şəhərin parıltısıyla kor olmaq
istəmədiyinə görə bir şey söyləmədi.
Sonra Keşikçi Bədheybətə, Dəmir Odunçuya, Qorxaq Aslana, hətta Totoya da gözlük
taxıb yaxşı-yaxşı kilidlədi. Keşikçi özü də gözlüyünü taxıb, indi onları saraya aparmağa hazır
olduğunu söylədi. O, divardan asılmış böyük qızıl açarı götürüb başqa bir qapını açdı, hamısı
birlikdə Zümrüd Şəhərinə daxil oldular.

Ozun qeyri-adi Zümrüd Şəhəri
Gözlüklərin qorumasına baxmayaraq, bu misilsiz şəhərin gözəlliyi Doroti və
dostlarının gözlərini qamaşdırmışdı. Şəhərin küçələri yaşıl mərmərdən tikilmiş və parıltılı
zümrüdlərlə bəzədilmiş evlərlə doluydu. Yolçuların yürüdüyü səki də yaşıl mərmərdən idi,
daşların birləşmə yerləri günəş şüalarının əks olunduğu zümrüdlərlə süslənmişdi. Hər tərəf gün
işığı altında parlayırdı. Pəncərə şüşələri də yaşıldı; şəhərin üstündəki göy üzü və günəş şüaları
belə yaşıl rəngdəydi.
Yaşıl geyimli adamlar - çoxlu kişi, qadın və uşaq küçələrdə gəzişirdilərr, onların
sifətlərinin rəngi də yaşıla çalırdı. Bu adamlar təəccüblə Doroti və onun qəribə yoldaşlarına
baxırdılar.
Böyük Aslanı görən uşaqlar qaçıb analarının arxasında gizlənirdi, qəriblərə heç kim
sual verməyə ürək etmirdi. Dükanlarda yaşıl mallar – yaşıl konfetlər, qovrulmuş yaşıl qarğıdalı,
hər ölçüdə yaşıl çəkmə və papaqlar, yaşıl paltar və pencəklər satılırdı. Bir piştaxtada satıcı yaşıl
limonad satırdı, onu dövrəyə almış uşaqların əllərində yaşıl pul vardı.
Zümrüd Şəhərinin küçələrində nə at vardı, nə də başqa heyvan. İnsanlar yükü təkərli
balaca arabalarda daşıyırdılar. Şəhər sakinlərinin hamısı şən və xoşbəxt görünürdü.
Şəhərin Qapı Keşikçisi yolçuları küçələrdən keçirib şəhərin mərkəzindəki böyük
binaya apardı. Bu Oz Ölkəsinin böyük müdrik sehirbazının sarayı idi. Qapıda yaşıl geyimli, uzun
yaşıl saqqallı əsgər dayanmışdı.
- Bunlar qərib adamlardır, – Keşikçi Əsgərə dedi; – Onlar böyük Ozu görmək
istəyirlər.
- Qoy içəri keçsinlər, – Əsgər icazə verdi; – mən Oza çatdıraram ki, onu görmək
istəyən var.
Beləcə saray qapısından keçib yaşıl xalı və zümrüdlərlə bəzənmiş yaşıl mebelli böyük
bir otağa gəldilər. Yerdə yaşıl xalça vardı. Qonaqlar Əsgərin əmriylə girişdəki balaca yaşıl
palaza ayaqlarını silib içəri keçdilər, böyük zümrüdlərlə bəzədilmiş kürsülərdə əyləşdilər. Əsgər
nəzakətlə:
- Rahat əyləşin, xahiş edirəm, – dedi, – mən Taxt Odasının qapısına gedib sizin
burada olduğunuzu Oza xəbər verəcəm.
Əsgərin qayıtmasını uzun müddət gözlədilər. Nəhayət, o qayıdıb gələndə Doroti
soruşdu:
- Nə oldu, Ozu gördnüzmü?
- Ah, xeyr, görmədim. Mən onu heç vaxt görmürəm, – Əsgər cavab verdi; – Mən
pərdənin arxasından sizin gəldiyinizi xəbər verdim. Oz pərdə arxasından mənə qulaq asırdı,
sizinlə görüşəcəyini söylədi, ancaq bir şərtlə: qarşısına tək-tək çıxmalısınız və hər gün yalnız
birinizi qəbul edəcək. Buna görə də bir neçə gün sarayda qalmalı olacaqsınız. İndi otaqları
hazırlayırlar, siz uzun və çətin yoldan sonra dincələ bilərsiz.
- Minnətdarıq, Oz çox diqqətlidir. – Doroti təşəkkür etdi.
Əsgər yaşıl bir düdük çıxarıb çaldı, hardansa yaşıl ipək geyimli bir qız peyda oldu.
Qızın gözəl yaşıl gözləri, uzun yaşıl saçları vardı. O, Dorotinin önündə təzim edib dedi:
- Gedək, sənə otağını göstərim.
Doroti dostlarıyla vidalaşıb Totonu qucağına götürdü və yaşıl xidmətçinin dalınca
getdi. Onlar yeddi dəhliz keçdilər, üç pilləkəndən enib-qalxdılar və nəhayət, sarayın yaxşı
otaqlarından birinə çatdılar. Bu otaq dünyanın ən rahat otağı idi, burda yaşıl ipək və məxmər
yorğan-döşək salınmış rahat yataq vardı. Otağın ortasında fəvvarənin havaya püskürtdüyü yaşıl
ətir şırnağı altındakı yaşıl mərmər hovuza tökülürdü. Pəncərələrdə yaşıl dibçəklərdə bitkilər,
rəfdə yaşıl kitablar vardı. Onlardan birini götürən Doroti onun qəribə, komik rəsimlərlə dolu
olduğunu gördü.
Paltar şkafında ipək, atlas və məxmər yaşıl geyimlər asılmışdı, hamısı da elə bil
Dorotinin əyninə biçilmişdi.
- Özünü evində olduğun kimi hiss et, – Xidmətçi Qız dedi; – Bir şey lazım olsa, yaşıl
zəngi çal. Oz səni sabah səhər qəbul edəcək.
Bu sözlərlə Xidmətçi Qız Dorotinin dostlarının yanına qayıtdı, onları da sarayın ən
gözəl otaqlarında yerləşdirdi. Yolçular öz otaqlarından razı qalmışdılar. Əlbəttə, Bədheybətə bu
gözəllik təsir etmədi, o səfehcəsinə gözlərini bir nöqtəyə zilləyərək səhərə qədər gözlədi. Onun
üçün fərqi yoxdu, yatağa uzansın, ya da ayaqüstə qalsın, Bədheybət gözlərini yuma bilmirdi,
odur ki, bütün gecə küncdə tor hörən hörümçəyə baxırdı, sanki bura saray deyil, adi kasıb koma
idi. Dəmir Odunçu ətdən və sümükdən olduğu günlərin alışqanlığıyla yatağa uzansa da, yata
bilmirdi, bütün gecəni əl-ayağını tərpədib, başını ora-bura əyirdi ki, oynaqlarının necə işlədiyini
yoxlasın. Aslan böyük məmnuniyyətlə meşədəki quru yarpaqların arasına soxulub yatardı, amma
çarəsi yox idi, yatağına tullanıb yumaq kimi yumurlanaraq xoruldadı.
Ertəsi gün səhər yeməyində sonra yaşıl qız Dorotini hazırlamağa gəldi, ona çox
yaraşıqlı ipək paltar geyindirdi. Doroti yaşıl, ipək bir önlük taxıb, Totonun boynuna yaşıl lent
bağladıqdan sonra Böyük Ozun Taxt Otağına doğru getməyə başladılar.
Əvvəlcə onlar bahalı kostyumlar geyinmiş çoxlu xanımların və bəylərin olduğu
böyük bir salona girdilər. Bu insanların biri-birləriylə danışmaqdan başqa görəcəkləri bir işləri
yox idi, amma Ozu görmələrinə izin verilməyəcəyini bilə-bilə hər səhər Taxt Otağının qarşısına
toplanardılar. Doroti içəri girəndə ona maraqla baxmağa başladılar, xanımlardan biri pıçıldadı:
- Sən həqiqətən Qorxunc Ozun üzünə baxacaqsan?
- Əlbəttə, – deyə cavab verdi qız, – əgər məni qəbul etsə.
- Ah, hökmən qəbul edəcək, – dünənki Əsgər dedi; – Düzdür, Oz minnətçiləri
xoşlamır, dünən o, bərk hirslənmişdi, əmr etdi ki, səni qovum. Sonra soruşdu ki, sənin əynində
nə var. Gümüş başmaqları eşidən kimi Oz maraqlandı. Mən dedim ki, sənin alnında öpücük izi
var, onda Oz yumşaldı və dedi ki, səni qəbul edəcək.
Bu zaman zəng çalındı, yaşıl qız Dorotiyə dedi:
- İşarə gəldi. Sən Taxt Otağına tək başına girməlisən.
Xidmətçi Qız kiçik qapını açdı, Doroti qorxmadan içəri keçdi. Bura möhtəşəm bir
yerdi. Otaq yumru, tavan günbəz kimiydi. Döşəmə, divar və tavana iri zümrüdlərlə naxışlar
vurulmuşdu. Yuxarıdan günəş kimi işıq saçan lampa sallanırdı, onun işığında zümrüdlər par-par
yanırdı.
Ancaq Dorotini mat qoyan otağın ortasındakı yaşıl mərmərdən düzəlmiş taxt idi. Taxt
da buradakı hər şey kimi qiymətli daşlarla işlənmişdi. Taxtın üstündə nəhəng ölçülü Baş vardı,
əl-ayaq, bədən yoxdu, baş tamam keçəldi, amma Başın burnu, ağzı, gözləri yerində idi.
Doroti dəhşət içində, sehirlənmiş kimi Başa baxdığı sırada birdən Başın gözləri
yavaşca fırlanıb Dorotiyə zilləndi. Sonra ağız açıldı və qız bir səs eşitdi:
- Mən böyük və qorxunc Ozam. Bəs sən kimsən və məni nə üçün görmək istyirdin?
Nəhəng Başdan çıxan səs Dorotinin gözlədiyinin əksinə olaraq, o qədər də qorxunc
deyildi, buna görə də Doroti cəsarətini toplayıb cavab verdi:
- Mən Dorotiyəm, balaca, sözəbaxan bir qızam. Səndən kömək istəyirəm.
Baş bir müddət Dorotiyə baxdı, sonra dedi:
- Bu gümüş başmaqlar sənə hardandır?
- Şərqin Zalım Pərisindən. Evim onun üstünə düşüb əzdi, – deyə cavab verdi qız.
- Bəs alnındakı al rəngli iz hardandır? – səs davam etdi.
- Şimalın Xeyirxah Pərisi mənimlə vidalaşanda öpüb, – dedi qızcığaz.
Gözlər qıza xeyli baxdı, Baş əmin oldu ki, Doroti yalan demir. Sonra Oz soruşdu:
- Məndən nə istəyirsən?
- Məni Kanzasa, Em xalamın və Henri dayımın yanına göndər, – Doroti xahiş etdi; –
Ölkəniz gözəl olsa da, xoşuma gəlmir, yəqin, Em xalam bərk narahatdır.
Gözlər üç dəfə göz vurub tavana baxdı, sonra dəhşətli sürətlə fırlandı. Bir müddət
sonra gözlər yenə Dorotiyə baxırdı:
- Bunu niyə etməliyəm? – Oz soruşdu.
- Çünki sən güclüsən, mən gücsüz. Sən böyük sehirbazsan, mən isə köməksiz qalmış
balaca qız.
- Amma Şərqin Zalım Pərisini öldürməyə gücün çatıb, – Oz dedi.
- Bu təsadüfən olub, – Doroti izah etdi, – mən istəyərək etmədim.
- Demək, belə, – Oz söylədi, – sənə cavabım budur. Evə, Kanzasa dönmək
istəyirsənsə, mənimçün nəsə etməlisən. Bu ölkənin qanunu belədir. Mən bütün sehirli qüvvəmlə
çalışacam, amma əvvəlcə sən çalışmalısan. Mənə kömək etsən, mən də sənə kömək edərəm.
- Nə etməliyəm? – Doroti soruşdu.
- Qərbin Zalım Pərisini öldür, – deyə cavab verdi Oz.
- Yox, mən bunu bacarmaram!
- Şərqin Zalım Pərisini öldürə bilmisən, onun gümüş başmaqları səndədir. İndi ölkədə
cəmi bir zalım pəri qalıb. Onu öldürdüyünü deyən kimi səni Kanzasa göndərəcəm, amma hələ ki
Zalım Pəri sağdır, mənə heç bir xahişlə müraciət etmə.
Doroti elə məyus oldu ki, ağlamağa başladı. Baş gözlərini fırlada-farlada qıza baxırdı,
sanki Oz əmin idi ki, Doroti istəsə, onun əmrini yerinə yetirə biləcək.
- Mən heç vaxt heç kimi bilə-bilə öldürməmişəm, – Doroti hıçqıraraq dedi; – Qərbin
Zalım Pərisini öldürmək istəsəm də, bilmirəm, bunu necə etmək olar! Sən böyük zəhmli Oz
Pərini öldürə bilmirsən, bəs mən, balaca qız onu necə öldürüm?!
- Bilmirəm, – Baş cavab verdi, – qərarım belədir. Qərbin Zalım Pərisi nə qədərki
sağdır, sən qulaqlarını görəndə, Kanzasa qayıdarsan. Yadda saxla ki, o, çox zalımdır, onu
hökmən öldürmək lazımdır. İndi get və əmrimi yerinə yetirməyənə qədər gözümə görünmə.
Doroti kədərli halda Taxt Otağını tərk etdi və Ozun ona nə söylədiyini maraqla
gözləyən Bədheybətin, Dəmir Odunçunun və Aslanın yanına qayıtdı.
- İşlərim çox pisdir! – Doroti dedi. – Qərbin Zalım Pərisini öldürməsəm, Oz məni
Kanzasa qaytarmayacaq. İndi mən nə edim?
Dostları da kədərləndilər, heç kim bilmirdi nə etmək lazımdır. Doroti otağına qayıdıb
yatağa uzandı, yuxuya gedənə qədər ağladı.
Ertəsi gün Yaşıl Saqqallı Əsgər Bədheybətin dalınca gəldi:
- Gedək, Oz səni gözləyir.
Bədheybət əsgərin dalınca getdi və Taxt Otağına girəndə burada zümrüd taxtın
üzərində oturan gözəl bir qadın gördü. Yaşıl ipək paltar geymiş gözəlin başında ləl-cəvahirat
düzülmüş tac vardı. Çiyinlərindən çıxan heyranedici qanadları sanki ufacıq bir meh əsməsinin
yırta biləcəyi qədər incə görünürdü.
Bədheybət saman dolu bədəniylə bacardığı qədər nəzakətli təzim etdi. Gözəl
təbəssümlə ona baxıb dedi:
- Mən böyük və qorxunc Ozam. Sən kimsən və məni nə üçün görmək istəmisən?
Dorotinin dediyi eybəçər Baş əvəzinə gözəl Pərini görən Bədheybət xeyli
təəccübləndi, amma özünü itirməyib dedi:
- Mən samanla dolu Bədheybətəm. Buna gərə də beynim yoxdur, sizdən başımın
içinə saman yerinə bir az beyin qoymanızı və təbəələriniz kimi bir insan olmağıma kömək
etməyiniz üçün yallvarmağa gəldim.
- Mən niyə sənin arzunu yerinə yetirməliyəm? – dedi qadın.
- Çünki sən müdrik və güclüsən, səndən başqa heç kim mənə kömək edə bilməz.
- Mən heç vaxt elə-belə kömək etmirəm, – Oz dedi; – Bax, deyirəm, əgər Qərbin
Zalım Pərisini öldürsən, sənə elə kəskin beyin verəcəm ki, Oz ölkəsinin ən ağıllı sakini
olacaqsan.
- Axı Pərini öldürməyi Dorotiyə tapşırmısan, – Bədheybət etiraz etdi.
- Hə, elədir. Mənimçün fərqi yoxdur, kim öldürür öldürsün. O sağ qalana qədər sənin
arzunu yerinə yetirməyəcəm. İndi get və məni bir də narahat etmə. Gərək işlə sübut edəsən ki,
beyinə layiqsən.
Bədheybət kədərli halda dostlarının yanına qayıtdı və Ozun söylədiklərini onlara
danışdı. Ozun Baş deyil, Gözəl Qadın olduğunu eşidən Doroti çox təəccübləndi.
- Eynilə Dəmir Odunçu kimidir, ürək deyilən şey yoxdur bunda, – dedi Bədheybət.
Ertəsi gün Əsgər Dəmir Odunçunun yanına gəlib ona:
- Oz səni çağırdı. Ardımca gəl, – dedi.
Dəmir Odunçu onu izləyərək Taxt Otağına yollandı. Bilmirdi ki, onun qarşısına kim
çıxacaq – Baş, yoxsa Gözəl? Hər halda o, Gözəli görmək istəyirdi. “Baş danışsa da, ürəyi
yoxdur, – Dəmir Odunçu fikirləşirdi, – ona görə mənə rəhm etməz. Gözəl isə mənə ürək verər,
axı qadınlar xeyirxah olurlar”.
Dəmir Odunçu Taxt Otağına gələndə, nə danışan Başı gördü, nə də Gözəli. İndi Oz
qəribə heyvan cildinə girmişdi.
Mərmər taxt fil boyda heyvanın ağırlığı altında az qalırdı ki, dağılsın. Heyvanın başı
kərgədan başı idi, beş gözü, beş cüt nazik uzun ayaqları vardı. Bütün bədəni qalın tüklə
örtülmüşdü.
Belə iyrənc canlını təsəvvür etmək çətindi. Yaxşı ki, Dəmir Odunçunun ürəyi yox idi,
yoxsa dəhşətdən parça-parça olardı. Dəmirdən olduğuna görə, Odunçu qorxmadı, amma bir az
məyus oldu.
- Mən böyük və qorxunc Ozam! – Heyvan nərildədi; – Kimsən və məndən nə
istəyirsən?
- Mən Dəmir Odunçuyam. Ürəyim olmadığına görə sevə bilmirəm. Xahiş edirəm,
mənə ürək ver, mən də insanlar kimi olum.
- Niyə sənin xahişinə əməl etməliyəm? – deyə soruşdu heyvan.
- Çünki bunu istəyirəm və səndən başqa heç kim mənə kömək edə biməz, – deyə
cavab verdi Dəmir Odunçu.
Bunu eşidən Oz yavaşca mırıldadı və boğuq bir səslə belə dedi:
- Madəm ürək istəyirsən, onu qazanmalısan.
- Necə? – soruşdu Dəmir Odunçu.
- Dorotiyə kömək et Qərbin Zalım Pərisini öldürsün, – cavab bu oldu; – Pəri öləndən
sonra yanıma gələrsən, sənə Oz ölkəsinin ən böyük, sevgiylə dolu ürəyini verəcəm.
Dəmir Odunçu suyu süzülə-süzülə qayıtdı, başına gələnlər, gördüyü qorxunc heyvan
haqqında dostlarına danışdı. Hamı Ozun nə qədər əcayib cildlərə girdiyinə mat qalmışdı. Qorxaq
Aslan dedi:
- Sabah Oz vəhşi heyvan qismində görünsə, elə nərə çəkərəm ki, qorxusundan nə
istəsəm yerinə yetirər. Əgər Gözəl olsa, özümü elə göstərərəm ki, guya üstünə tullanmaq
istəyirəm, o zaman arzumu yerinə yetirər. Yox, əgər Danışan Baş olsa, daha yaxşı. Başı top kimi
o qədər oynadaram ki, axırda hər birimizin arzusunu yerinə yetirmək zorunda qalar. Buna görə
də, kefinizi pozmayın, dostlar, hər şey yaxşı olacaq.
Ertəsi gün yaşıl əsgər Qorxaq Aslanı böyük Taxt Otağına apardı və Ozun hüzuruna
çıxartdı. Aslan gördü ki, taxtın üstündə Yanar Kürə var. O, kürəyə yaxınlaşmaq istədi, lakin kürə
o qədər qızmar idi ki, Aslan yerindəcə qaldı.
Nəhayət, Yanar Kürə dilə gəldi:
- Mən böyük və qorxunc Ozam. Sən kimsən və məndən nə istəyirsən? Və Aslan
cavab verdi:
- Mən hər şeydən qorxan Qorxaq Aslanam. Sizin yanınıza mənə cəsarət verməyiniz
üçün yalvarmağa gəldim. Beləcə, insanların mən verdiyi ada uyğun olaraq gerçəkdən
heyvanların şahı ola bilərəm.
- Niyə sənə cəsarət verməliyəm? – deyə sordu Oz.
- Çünki sən sehirbazların ən qüdrətlisisən, səndən başqa kimsə mənə kömək edə
bilməz, – deyə cavab verdi Aslan.
Yanar Kürə bir müddət daha da alovlandı, sonra səs eşidildi:
- Mənə Qərbin Zalım Pərisinin öldüyünə dair bir sübut gətirdiyin gün sənə bolluca
cəsarət verəcəyəm. Ancaq, nə qədər ki, pəri sağdır sən elə qorxaq ağciyər olub qalacaqsan.
Aslan yaman hirsləndi, amma heç nə deyə bilmədi. O susmuş halda Yanar Kürəyə
baxırdı, Kürə elə alovlanırdı ki, istinin təsirindən Aslan quyruğunu qısıb qaçdı. Dostlarının
yanına gələndə çox sevindi, sehirbazla olan qorxunc görüşünü onlara danışdı.
- İndi biz nə edək? – Doroti ümidsiz halda soruşdu.
- Bir çarəmiz var, – Aslan cavab verdi; – Gözvuranlar ölkəsinə gedib Qərbin Zalım
pərisini tapmalıyıq və onu məhv etməliyik.
- Bəs bunu edə bilməsək? – Doroti soruşdu.
- Onda mən cəsarət almayacam, – Aslan dedi.
- Mənim də ürəyim olmayacaq, – Dəmir Odunçu əlavə etdi.
- Mən də beyinsiz qalacam, – Bədheybət səsini çıxartdı.
- Mən də heç bir zaman Emm xalanı və Henri dayını görməyəcəyəm, – Doroti
ağlamağa başladı.
- Ehtiyatlı ol! – yaşıl qız çığırdı, – Göz yaşların ipək paltarını korlayar.
Doroti gözlərini silərək:
- Nə etmək olar; Emm xalanı bir daha görə bilmək üçün belə olsa heç kimsəni
öldürmək istəmirəm, ancaq Ozun əmrini yerinə yetirməyə məcburam, – dedi.
Aslan dedi:
- Səninlə birlikdə olacağam, ancaq onu da deyim ki, Zalım Pərini öldürə bilməyəcək
qədər qorxağam.
- Mən də sizinlə gedəcəyəm, – bildirdi Bədheybət, – ancaq sizə yardım edə
bilməyəcək qədər gicəm.
- Mənim ürəyim yoxdur, deməli, Zalım Pəriyə bir zərər vura bilmərəm, – Dəmir
Odunçu söylədi, – amma mən də sizinlə getmək istəyirəm.
Dostlar qərara gəldilər ki, sabah yola düşsünlər. Dəmir Odunçu baltasını yaşıl bir yegə
ilə itilədi, bütün oynaqlarını yaxşıca yağladı. Bədheybət özünü təzə samanla doldurdu, Doroti
onun gözlərini daha yaxşı görməsi üçün yenidən boyadı. Onlarla çox yaxşı davranan yaşıl qız
Dorotinin zənbilini dadlı yeməklərlə doldurdu və Totonun boynundan yaşıl zınqırov asdı.
Dostlar yatıb dincəlməkdən ötrü öz otaqlarına dağılışdılar. Səhər yaşıl xoruzun
banlaması və sarayın arxa bağçasındakı yaşıl yumurtalarının üstündə qırt düşən toyuğun
qaqqıltısı onları yuxudan oyadanda günəş yenicə doğmuşdu.


Tarix: 09.06.2015 / 13:41 Müəllif: Aziza Baxılıb: 342 Bölmə: L. Frank Baum - "Öz ölkəsinin qəribə sehirbazı"
loading...