Qasırğa
Doroti ucsuz-bucaqsız Kanzas çölünün düz ortasında yerləşən balaca evdə, fermer Henri
dayı və onun arvadı Em xalayla birlikdə yaşayırdı. İnşaat üçün lazım olan taxtalar çox
uzaqlardan gətirildiyinə görə evləri çox balaca idi; dörd divarı, damı, döşəməsi və bircə otağı
vardı, otaqda köhnə paslı sobadan, qab-qacaq taxçasından, masa və bir neçə oturacaqdan, iki
çarpayıdan başqa heç nə yox idi. Bir küncdəki böyük yataq Henri dayıyla Em xalanın, o biri
küncdəki balaca yataq isə Dorotinin idi. Evin çardağı, zirzəmisi yoxdu, amma döşəmənin altında
bir xəndək vardı, güclü qasırğalar zamanı ailə orada gizlənirdi. Bu yerlərdə, qarşısına çıxan
bütün evləri dağıda bilən dəhşətli qasırğalar olurdu. Otağın ortasında, döşəmədə sığınacağa
açılan kiçik qapı vardı, buradan nərdivanla həmin sığınacağa enmək olurdu.
Evdən çıxan və ətrafa göz gəzdirən Doroti yalnız kül rəngli çöl mənzərəsini görürdü.
Ta üfüqə qədər uzanan bu boz ərazidə insanın gözünü oxşayan nə bir ağac vardı, nə də bir ev. Bu
yerlərdə günəş elə qızmardı ki, onun yandırıcı şüaları altında şumlanmış torpaq bir an içində boz
palçığa dönürdü. Otlar da ətrafdakı hər şey kimi tezliklə bozarırdı. Bir zamanlar Henri dayı evi
rəngləmişdi, lakin günəş boyanı çat-çat etmiş, yağışlar rəngi yuyub aparmışdı. İndi ev də
bütünlüklə bozarmışdı. Em xala bu yerlərə təzə gələndə, gənc və yaraşıqlı bir gəlin idi, lakin
amansız günəş və qorxunc qasırğalar öz işini görmüşdü, xalanın gözlərindəki şən qığılcımlar
sönmüş, al yanaqları solmuş, çöhrəsi bozarmışdı. Artıq zəifləmişdi, yanaqları çökmüşdü və heç
gülümsəmirdi. Yetim qalan Doroti ilk gəldiyi günlərdə uşağın qəh-qəhəsi xalanı elə
qorxutmuşdu ki, qızcığazın nəşəli səsini hər eşidəndə diksinib əlini ürəyinin üstünə basırdı, elə
indinin özünəcən Doroti hər güləndə xala təəccüblə qıza baxır, bu boz həyatda gülməli nə
olduğunu anlaya bilmirdi.
Henri dayı da heç vaxt gülməzdi. Səhərdən axşamadək qan-tər içində işləyər,
əyləncənin nə olduğunu bilməzdi. Henri dayı da, uzun saqqalından tutmuş kobud çəkmələrinə
qədər, başdan ayağa bom-bozdu . Zəhmli, sərt görünüşü vardı, özü də qaradinməzin biriydi.
Dorotini əyləndirən, ətrafında hökm sürən bu bozluğa təslim olmağa qoymayan
yeganə varlıq balaca Toto idi. Toto boz deyildi. Onun gözəl ipək qara tükü, məzəli qara burnu,
sevinclə dolu xırda şən qara gözləri vardı, Toto səhərdən axşama qədər oynamaqdan yorulmazdı.
Doroti öz sədaqətli dostunu çox sevərdi.
Ancaq bu gün onların oynamağa halı yoxdu. Henri dayı eşiyə çıxıb pilləkəndə
oturmuşdu, əndişə içərisində gözlərini hər zamankından daha da boz görünən göy üzünə
zilləmişdi. Totonu qucağında tutmuş Doroti dayısının yanında durub göyə baxırdı. Em xala evdə
qabları yuyurdu. Uzaq şimalda külək sakitcə vıyıldayırdı, üfüqdəki hündür otlar dalğa kimi
coşurdu. Əks tərəfdən, cənubdan da belə sakit uğultu eşidilirdi. Henri dayıyla Doroti dönüb ora
baxanda otların dəniz kimi dalğalandığını gördülər.
Henri dayı birdən ayağa qalxdı:
- Em, qasırğa yaxınlaşır! – arvadına səsləndi, – Gedim görüm heyvanlar necədir! –
Dayı inək və atlar saxlanan tövləyə doğru qaçdı.
Em xala işini atıb qapıya gəldi. Bir baxışla fəlakətin yaxınlaşdığını anlamışdı.
- Doroti! – deyə bağırdı, – Tez sığınacağa qaç!
Bu an Toto Dorotinin qucağından yerə sıçrayıb çarpayının altında gizləndi. Doroti onu
tutmağa çalışırdı. Em xala döşəmədəki qapını açıb nərdivanla aşağı endi. Doroti Totonu tutub
sığınacağa getmək istədi, amma bir addım da atmamış dəhşətli külək qopdu, balaca ev elə titrədi
ki, qız yerə yıxıldı.
Bu zaman qeyri-adi nəsə baş verdi.
Ev bir neçə dəfə öz oxu ətrafında fırlandı, sonra hava şarı kimi astaca göyə qalxdı.
Düz Dorotinin evinin dayandığı yerdə iki külək – şimal və cənub küləyi üz-üzə
gəlmişdi, toqquşaraq qorxunc burulğan əmələ gətirmişdilər. Hava axınları evin divarlarını daha
çox sıxdığına görə ev yuxarı qalxmış, nəhəng hava dalğasının zirvəsinə çatanda, yüngül quş
lələyi kimi uzaqlara uçmuşdu.
Pəncərələr qaranlıqdı, külək azğın heyvan kimi ulayırdı. Ancaq Doroti bunun o qədər
də pis olmadığını düşündü, uçmaq xoşuna gəlmişdi. Düzdür, əvvəlcə ev bir qədər fırlandı, sonra
sağa-sola əyilməyə başladı. Doroti beşikdəki kimi yüngülcə yırğalanırdı.
Baş verənlər Totoya xoş gəlmədi. O, bərk hürərək qızın ətrafında vurnuxurdu, Doroti
isə döşəmədə oturub, nə edəcəyini fikirləşirdi.
Sonra Toto döşəmədəki açıq qapıya çox yaxınlaşdı və oradan aşağıya düşdü. Doroti
elə bildi ki, itini həmişəlik itirib, sonra gördü ki, qapının qırağından heyvancığazın qara
qulaqlarının ucu görünür. Havanın təzyiqi itin yerə düşməsini əngəlləmişdi. Doroti Totoya tərəf
süründü, qulağından dartıb içəri çəkdi, sonra Toto bir də oraya düşməsin deyə qapını bərk-bərk
bağladı.
Zaman keçirdi, nəhayət, Doroti sakitləşdi, amma özünü çox yalqız hiss edirdi, külək
elə vıyıldayırdı, qızın az qalırdı qulaqları bata. Qız əvvəl elə bilirdi ev yerə düşəcək və onlar
parçalanacaqlar, amma elə şey baş vermədi. Onda Doroti həyəcanını unudub qərara aldı ki,
ümidini itirməsin. Qızcığaz gəmidə olduğu kimi ləngər vuran döşəməylə sürünüb yatağına
qalxdı, Totonu da özüylə götürdü. Evin titrəməsinə, küləyin vıyıldamasına baxmayaraq, qız
gözlərini yumdu və tezliklə yuxuya getdi.
Çeynəçilərlə söhbət
Qəfil güclü təkan Dorotini yuxudan oyandırdı, qız yumşaq yataqda yatmasaydı bərk
əziləcəkdi. Doroti tez özünə gəldi və nə baş verdiyini fikirləşməyə başladı. Toto soyuq burnunu
qızın sifətinə dürtüb ümidsizcə zingildəyirdi. Qızcığaz yataqdan qalxıb oturdu. Hiss elədi ki, ev
daha uçmur. Artıq qaranlıq da deyildi, günəşin parlaq şüaları pəncərədən içəri süzülürdü. Doroti
Totoyla birgə yaxınlaşıb qapını tayba-tay açdı.
Balaca qız ətrafına baxdı və çaşqınlıq içərisində çığırmağa başladı, gördüyü qeyri-adi
mənzərə qarşısında gözləri bərələ qalmışdı.
Qasırğa Dorotinin evini, bir qasırğa üçün yavaş sayılacaq bir tərzdə, inanılmaz
gözəllikləri olan bir ölkəyə gətirmişdi. Ətrafda şirin dadlı meyvələrlə dolu ağaclar, yaşıl
çəmənlik vardı. Hər yanda qəribə çiçəklər bitmişdi. Ağac və kolların üstündəki bəzəkli quşlar
cəh-cəh vururdular. Yaxınlıqda xəfif pıçıltıyla dup-duru çay axırdı, hər halda, ömrünü quru
çöllükdə keçirmiş Dorotiyə bunlar belə görünürdü.
Qızcığaz dayanıb bu möcüzələrə heyran-heyran tamaşa etdiyinə görə ona yaxınlaşan
qəribə adamlar dəstəsinə fikir vermirdi. Adamlar Doroti boyda olsalar da, bilinirdi ki, onlar
yaşca böyükdürlər. Üç kişi və bir qadın əcaib geyimdə idilər. Onların başında hündür sivriuclu
zınqırovlu papaqlar vardı, yeriyəndə zınqırovlar asta-asta səslənirdi. Kişilərin papaqları mavi idi,
qadınınkı – ağ. Qadının əynində günəş altında xırda almazlar kimi par-par parlayan ulduzlarla
bəzədilmiş geniş plaş vardı. Kişilər başdan ayağa mavi geyinmişdilər, onların çəkmələri də mavi
idi. Doroti təxmin etdi ki, adamlar Henri dayı yaşındadır, qadın isə daha yaşlıdır. Kişilərin
ikisinin saqqalı vardı. Qadının sifəti qırışlarla örtülmüşdü, çətinliklə yeriyirdi.
Adamlar Dorotinin evinə yaxınlaşıb, öz aralarında pıçıldaşmağa başladılar, sanki
nədənsə qorxurdular. Nəhayət, balaca qarı qıza yaxınlaşdı, ona təzim edib məlahətli səslə dedi:
- Çeynəçilər ölkəsinə xoş gəlmisən, ay nəcib pəri! Şərqin Zalım Pərisini öldürüb
Çeynəçiləri köləlikdən azad etdiyinə görə biz sənə minnətdarıq!
Bu sözləri eşidən Doroti heyrət içində çaşıb qaldı. Niyə bu qarı ona nəcib pəri deyirdi?
Doroti Şərqin Zalım Pərisini necə öldürə bilərdi? Doroti qasırğanın uzaq ölkəyə atdığı Kanzaslı
balaca qız olduğundan və heç kəsi öldürmədiyindən əmin idi.
Qadın cavab gözləyirdi. Doroti inamsız halda dedi:
- Siz çox nəzakətlisiniz, amma burada bir yanlışlıq var. Mən heç kimi öldürməmişəm.
- Bəlkə də sən öldürməmisən, - qarı gülümsədi, - ancaq bunu sənin evin edib. Bunun
elə ikisi də birdir. Bax, Pərinin ayaqları görünür. – Qarı əliylə evin küncünü göstərdi.
Doroti ora baxdı və qorxu içində qışqırdı. Doğrudan da, evin altından əyriburun
gümüş başmaqlı ayaqlar görünürdü.
- Ayy! – Doroti qışqırdı. – Demək, evim yerə enəndə pərini əzib. İndi nə etmək
lazımdır?
- Heç nə eləmək lazım deyil, - qarı sakitcə cavab verdi.
- Axı evin altında qalan bu adam kimdir? – Doroti soruşdu.
- Dedim axı, Şərqin Zalım Pərisi. Uzun illərdi o, Çeynəçiləri kölə etmişdi, onları gecə-
gündüz işlədirdi. İndi isə onlar azaddır və buna görə sənə təşəkkür edirlər.
- Bəs Çeynəçilər kimdir?
- Bu ölkənin şərqində yaşayan xalq. Orda Zalım Pəri hökmranlıq edirdi.
- Siz də Çeynəçilər ölkəsindənsiz? – Doroti yenə soruşdu.
- Yox, mən Şimalda yaşayıram, amma Çeynəçilərlə dostam. Onlar gördülər ki, zalım
hökmdarları ölüb, mənə xəbər verdilər, mən də bura gəldim. Mən Şimal Pərisiyəm.
- Ayy, doğrudan, siz əsl pərisiniz? – Doroti qışqıraraq soruşdu.
- Əlbəttə. Mən xeyirxah pəriyəm, xalqım məni sevir. Amma heyif ki, Şərq Pərisi kimi
o qədər də güclü deyiləm, yoxsa Çeynəçiləri çoxdan azad etmişdim.
- Mən elə bilirdim ki, pərilərin hamısı zalımdır, - Doroti dedi.
- Bax, belə düşünməkdə çox yanılmısan! Oz ölkəsində cəmi dörd pəri var, onlardan
ikisi – Şimal və Cənub pəriləri xeyirxahdır, lakin Qərb və Şərq pəriləri, doğrudan da, qəddardır.
Onlardan birini sən öldürdün, indi Oz ölkəsində cəmi bir zalım pəri qalır, Qərb Pərisi.
- Em xala deyirdi ki, bütün pəri və sehirbazlar çoxdan ölüb, - Doroti etiraz etdi.
- Em xala kimdi?
- Mənim xalam. O da mənim kimi Kanzasda yaşayır.
Şimal Pərisi fikirli halda başını əydi, gözlərini yerə dikdi. Sonra Dorotiyə baxıb
söylədi:
- Kanzasın harada olduğunu bilmirəm. İlk dəfədir bu ölkə haqqında eşidirəm. De
görüm, bu ölkə mədəni bir ölkədirmi?
- Hə, əlbəttə!
- Onda hər şey aydındır. Mədəni ölkələrdə nə pəri var, nə cadugər, nə də sehirbaz.
Amma mədəniyyət bizə hələ gəlib çatmayıb, axı biz bütün dünyadan uzağıq. Ona görə də bizdə
hələ də pərilər və sehirbazlar var.
- Onlar kimdir elə?
- Ən böyük sehirbaz Ozdur, – qarı pıçıldadı. – O bütün cadugərlərdən güclüdür. Oz
Zümrüd Şəhərində yaşayır.
Doroti nəsə soruşmaq istəyirdi ki, bayaqdan sakitcə dayanmış Çeynəçilər qışqırdılar
və evin küncünü göstərdilər.
- Nə olub? - Şimal Pərisi soruşdu, sonra baxıb güldü. Evin altında Zalım Pərinin
gümüş başmaqlarından başqa heç nə qalmamışdı.
- Şərq Pərisi elə qocaydı ki, günəşin altında quruyub tamam yox olub. Onun
başmaqları indi sənindir, ay qız.
Bu sözləri deyib Pəri əyildi, başmaqları götürdü, tozunu çırpıb Dorotiyə verdi.
- Şərq Pərisi bu başmaqlarla fəxr edirdi, - Çeynəçilərdən biri dedi, - deyirlər ki, bu
başmaqlar adi deyil, sehirlidir, amma biz onların sehrini bilmirik.
- Mən evə qayıtmalıyam, çünki Henri dayıyla Em xala, yəqin, narahatdırlar, – Doroti
söylədi: – Siz bilirsiz, Kanzas hansı tərəfdədir?
Çeynəçilərlə Pəri bir-birlərinə, sonra da Dorotiyə baxdılar. Onlardan biri dedi:
- Şərqdə, buradan çox da uzaq olmayan bir yerdə böyük səhra var, onu keçmək hələ
heç kəsə nəsib olmayıb.
O birisi də əlavə etdi:
- Cənubda da səhra var, mən onu öz gözlərimlə görmüşəm. Cənubda Kvodlinqlər
ölkəsi yerləşir.
- Mən isə Qərbdə də böyük səhranın olduğunu eşitmişəm, – bir başqa Çeynəçi dedi: –
Orda Gözvuranlar yaşayır, onların hökmdarı Zalım Pəridir, o, ölkəsinə düşmüş hər kəsi əsir edir
və buraxmır.
Pəri dedi:
- Mən Şimalda yaşayıram, mənim ölkəm də ucsuz-bucaqsız səhra ilə sərhəddir. Səhra
bütün Oz ölkəsini üzük kimi əhatə edib. Qorxuram ki, sən burda qalmalı olasan, balaca.
Bunu eşidən Doroti hıçqıraraq ağlamağa başladı, qızcığaz bu yad və qəribə adamların
yanında qalmaq istəmirdi. Qızın göz yaşları ürəyiyumşaq Çeynəçilərə elə təsir etdi ki, onlar da
burun dəsmallarını çıxarıb hönkür-hönkür ağladılar. Pəri isə papağını çıxarıb onun sivri ucunu öz
burnuna dayadı və “Bir! İki! Üç!” deyən kimi əlindəki papaq balaca yazı lövhəsinə çevrildi.
Lövhədə iri hərflərlə yazılmışdı:
Qoy doroti zümdür şəhərinə getsin
Qarı lövhəni burnundan götürdü, yazını oxuyub maraqlandı:
- Ay qız, sənin adın Dorotidir?
- Hə. – Doroti içini çəkərək dedi.
- Deməli, sən Zümrüd Şəhərinə getməlisən. Oz sənə kömək edər.
- Zümrüd Şəhəri, o hayandadır?
- Ölkənin düz ortasında. Sənə demişdim, şəhərdə qüdrətli Oz hökmranlıq edir.
- O yaxşı adamdır? – Doroti şübhəylə soruşdu.
- O yaxşı sehirbazdır. Amma yaxşı insandır, ya yox... Bəlkə heç insan deyil...
Bilmirəm, mən onu heç vaxt görməmişəm.
- Zümrüd Şəhərini necə tapacam? – Doroti soruşdu.
- Ora piyada getməlisən. Yol uzundur, hərdən səyahətin xoş olacaq, hərdən yox. Mən
səni qorumaqdan ötrü bütün sehirli qüvvəmi işə salacam.
- Bəs siz mənimlə getməyəcəksiz? – Qız ümidlə qarıdan soruşdu, Doroti artıq Pərini
öz dostu saymağa başlamışdı.
- Yox, mən gedə bilmərəm, amma səni öpüb yola salacam. Şimal Pərisinin öpdüyü
kimsəni heç kim incidə bilməz.
Pəri qıza yaxınlaşıb incə öpücüklə alnından öpdü. Sonralar məlum oldu ki, qızın
alnında xəfif qırmızı iz qalıb.
- Zümrüd Şəhərinə gedən yol sarı kərpiclə döşənib, – qarı dedi. – Sən onu asanlıqla
tapacaqsan. Sehirbaz Ozu görsən, qorxma, başına gələnləri ona danış və kömək istə. İndisə sağ
ol, əziz qızcığaz.
Üç Çeynəçi Dorotiyə təzim edib ona uğurlu yol dilədilər və getdilər. Pəri üç dəfə sol
dabanı üstə fırlanıb bir anda gözdən itdi. Toto lap mat qalmışdı. O, var gücüylə hürürdü, indi
hürməkdən həzz alırdı, çünki Pərinin hüzurunda nəfəs almağa belə qorxurdu.
Doroti zərrə qədər təəccüblənmədi. Qız bilirdi ki, Pərilər elə belə də yox olmalıdır.
3. Doroti Bədheybəti necə xilas etdi
Tək qalmış Doroti bərk acdığını hiss elədi. Evdəki taxçadan bir az çörək tapıb
doğradı, üstünə yağ sürtüb yedi, Totoya da verdi. Sonra qız çaya qaçıb vedrədə dupduru təmiz su
gətirdi. Toto ağacların arasında qaçıb quşlara hürməyə başladı. Doroti onu sakitləşdirmək üçün
yanına yüyürdü, ağaclardan biridə budaqların armudla dolu olduğunu gördü. Ən iri və sulu
meyvələrdən bir neçəsini dərdi, qarnını doyurmaq üçün bundan yaxşı nə ola bilərdi.
Sonra Doroti evə qayıtdı, Totoyla birgə sərin sudan içib Zümrüd Şəhərinə getmək
üçün hazırlaşmağa başladı.
Dorotinin əynindəkindən başqa daha bir paltarı vardı, yuyulub-ütülənmiş halda
yatağın yanındakı qarmaqdan asılmışdı. Paltar ağ rəngdə idi, mavi damaları vardı, çox
yuyulmaqdan bozarsa da, hələ də yaraşıqlıydı. Doroti əl-üzünü yuyub təmiz paltarını geydi,
başına çəhrayı papaq qoydu. Kiçik zənbilə çörək qoyub üstünü təmiz ağ dəsmalla örtdü. Sonra
qız köhnə çəkmələrinə baxdı.
- Qorxuram ki, bunlar uzun səyahətə dözməsinlər. – Qız Totoya dedi. İt quyruğunu
buladı, Doroptinin nə dediyini başa düşmüşdü.
Doroti masanın üstündə Şərqin Zalım Pərisinin gümüş başmaqlarını gördü, köhnə
çəkmələrini çıxarıb gümüş başmaqları geydi. Başmaqlar elə bil onun ayaqlarına biçilmişdi. Lap
axırda zənbili götürdü.
- Hə, Toto, yolçu yolda gərək! Gedək Zümrüd Şəhərini tapaq və sehirbaz Ozdan xahiş
edək ki, bizi Kanzasa göndərsin.
Doroti evin qapısını açarla bağladı, açarı cibinə qoyub yola düşdü. Toto da hoppana-
hoppana qızın dalınca qaçmağa başladı.
Tezliklə Doroti gəlib dördyol ayrıcına çatdı, Zümrüd Şəhərinə hansı yolun apardığını
o saat başa düşdü – yollardan biri sarı kərpiclə döşənmişdi. Gümüş dabanlar bərk yolda
taqqıldayırdı. Günəş parlayır, quşlar bərkdən oxuyurdu, uzaq və yad ölkəyə düşmüş başqa qızlar
bəlkə də özünü burda bədbəxt hiss edərdi, amma Doroti elə qızlardan deyildi.
Yolun hər iki tərəfində gözəl mənzərələr görünürdü. Xoş mavi rəngli səliqəli
hasarların arxasında buğda tarlaları və bərəkətli bostanlar vardı. Deyəsən, Çeynəçilər yaxşı
fermer idilər, onların torpaqları bol məhsul verirdi. Hansı evin qarşısından keçirdisə içəridən
insanlar çıxıb qıza salam verir, ta uzaqlaşana qədər əyilib ona hörmətlə təzim edirdilər. Bütün
ölkəyə xəbər yayılmışdı ki, bu balaca qız Şərqin Zalım Pərisini öldürüb və Çeynəçilər xalqını
azad edib. Çeynəçilərin evləri qəribə idi, damları hündür gümbəz kimiydi, hamısı da mavi
rəngdə. Deyəsən, Çeynəçilər mavi rəngi çox sevirdilər.
Axşama yaxın Doroti yoruldu, gecəni harada keçirəcəyini düşünməyə başladı, bu
məqsədlə bir evə yaxınlaşdı. Bu ev başqa evlərə nisbətən bir qədər böyük idi. Evin qarşısındakı
yaşıl çəmənlikdə kişilərlə qadınlar rəqs edirdi. Beş balaca kamançı şən musiqi çalırdı, böyük
masa yeməklərlə doluydu – qəribə meyvələr, qozlar, piroq və tortlar.., ürəyin nə istəsə burada
vardı.
Dorotini görən Çeynəçilər qızı sevinclə salamladılar, süfrəyə dəvət edib, gecəni
onlarla birlikdə keçirməyi təklif etdilər. Bu ev ən zəngin Çeynəçinin eviydi, burada onun dostları
toplaşmışdı, onlar Zalım Pəridən möcüzəvi şəkildə azad olmalarını bayram edirdilər.
Dorotiyə ləziz yeməklərdən verdilər. Evin sahibi Boq qıza qulluq edirdi. Yeyib
qurtarandan sonra Doroti skamyada əyləşib rəqs edən qonaqlara baxırdı. Onun gümüş
başmaqlarını görən Boq:
- Sən də sehirbazsan? – soruşdu.
- Niyə belə deyirsiz? – Qız təəccübləndi.
- Çünki sən Zalım Pərini öldürmüsən, ağ paltar, gümüş başmaqlar geymisən. Ağ rəng
pərilərin rəngidir.
- Mənim paltarım ağdır, amma mavi damaları var, – Doroti əynindəki donun
qırışlarını düzəldərək etiraz etdi.
- Yaxşı ki, paltarın mavi damalıdır, – Boq cavab verdi. – Mavi rəng Çeynəçilərin
rəngidir, ağ rəng sehirbazların. Demək, sən xeyirxah pərisən, Çeynəçilərin dostusan.
Doroti bilmirdi nə desin. Bu ölkədə hər kəs onu sehirbaz hesab edirdi. Ancaq
Dorotinin özü, qasırğanın yad ölkəyə atdığı adi bir qız olduğundan əmin idi.
Doroti rəqs edənlərə baxmaqdan yorulanda Boq onu evə dəvət etdi, mavi mələfəli
yumşaq yataq qoyulmuş otağı göstərdi. Doroti rahat yataqda səhərəcən mışıl-mışıl yatdı, Toto
da yatağın yanındakı mavi xalçanın üstündə yumurlanıb gözlərini yumdu.
Ertəsi gün Doroti yuxudan oyanıb doyunca səhər yeməyi yedi. Bu zaman Çeynəçilərin
ən balaca uşağı Totoyla oynayırdı, uşaq itin quyruğunu dartıb elə məzəli gülürdü ki, Doroti özü
də təbəssümünü saxlaya bilmədi. Çeynəçilər Totoya qəribə canlı kimi baxırdılar, onlar heç vaxt
it görməmişdilər.
- Zümrüd Şəhəri çox uzaqdadır? – Doroti qonaqpərvər ev sahibindən soruşdu.
- Dəqiq bilmirəm, mən orda olmamışam. Əgər sehirbaz Ozla vacib işin yoxdursa,
onun gözünə görünməsən yaxşıdır. Bircə onu bilirəm ki, Zümrüd Şəhərinə yol çox uzaqdır, bir
neçə gün getmək lazımdır. Yol gözəl bir ölkədən keçir, lakin hərdən yolçular təhlükə və
çətinliklərlə rastlaşırlar.
Bu sözlər Dorotini bir qədər narahat etdi, amma onu yalnız böyük Oz geriyə, Kanzasa
qaytara bilərdi, odur ki, qız bütün çətinliklərə dözməyə hazırdı.
Doroti yeni dostlarıyla vidalaşdı və sarı kərpic yolla səyahətinə davam etdi. O, xeyli
gedəndən sonra dincəlmək istədi, yolboyu uzanan alçaq çəpərin yanında oturdu. Çəpərin
arxasında böyük qarğıdalı tarlası vardı, Doroti tarlada yetişmiş qarğıdalını dimdikləyən quşları
qorxutmaq üçün qoyulmuş müqəvvanı gördü.
Doroti çənəsini ovuclarına dayayıb müqəvvaya xeyli baxdı. Müqəvvanı samanla dolu
kisədən düzəltmişdilər, boya ilə göz, burun və ağız şəkli çəkib onu insana bənzətmişdilər.
Müqəvvanın başında sivriuclu mavi papaq, əynində rəngi bozarmış və samanla doldurulmuş
mavi paltar, ayaqlarında Çeynəçilərin geydiyi mavi uzunboğaz çəkmə vardı. Bu, ustalıqla
düzəldilmiş Bədheybət idi.
Birdən Bədheybət boyalı gözüylə Dorotiyə göz vurdu. Doroti əvvəl elə bildi ki, onu
qara basır, axı Kanzasdakı bostan müqəvvaları göz vurmurdu. Sonra Bədheybət qıza dostca baş
əydi. Bunu görən Doroti çəpərdən adlayıb müqəvvaya yaxınlaşdı. Toto bərkdən hürə-hürə saman
adamın ətrafında fırlanırdı.
- Salam, – Bədheybət xırıltılı səslə dedi.
- Sən danışa bilirsən? – Doroti mat qalmışdı.
- Əlbəttə. Necəsən?
- Yaxşıyam. Bəs sən necəsən?
- Belə də... – Bədheybət gülümsədi. – Bütün günü burada qalıb qarğaları qovmaq elə
də xoş deyil.
- Məgər sən buradan gedə bilməzsən?
- Yox, kürəyimə taxta çubuq sancıblar. Əgər məni buradan çıxarsan sənə minnətdar
olaram.
Doroti əlləriylə saman adamı bir qədər qaldırdı və asanlıqla onu çubuqdan çıxartdı.
Sən demə, saman adam heç də ağır deyilmiş.
- Minnətdaram, – ayaqları torpağa dəyən kimi Bədheybət təşəkkür etdi. – Nə gözəl
oldu! Elə bil təzədən doğuldum!
Doroti gözlərinə inanmırdı. Saman adam həm danışırdı, həm də təzim edib gəzirdi.
- Sən kimsən? – Bədheybət əsnəyərək soruşdu: – Və hara gedirsən?
- Adım Dorotidir, Zümrüd Şəhərinə gedirəm, böyük və müdrik sehirbaz Ozu
tapmalıyam ki, məni Kanzasa qaytarsın.
- Zümrüd Şəhəri hardadır, Oz kimdir?
- Doğrudan bunları bilmirsən? – qız çaşqınlıqla sordu.
- Yox, mən heç nə bilmirəm. Gördüyün kimi, içim samandandır, başımda da beyin
yoxdur.
- Zavallı!
- Səninlə Zümrüd Şəhərinə getsəm, müdrik Oz mənə bir az beyin verərmi? –
Bədheybət qəfildən soruşdu.
- Bilmirəm. İstəyirsən, mənimlə gedək. Əgər Oz sənə beyin verməsə də halın bundan
pis olmaz.
- Elədir, – Bədheybət razılaşdı və əlavə etdi, – Samanla dolu olsam da, narazı deyiləm.
Kimsə ayağımı bassa, ya da bədənimə sancaq batırsa, heç bir ağrı duymaram. Amma istəmirəm
ki, adamlar məni axmaq saysınlar. Başımda beyin əvəzinə samandırsa, dünyanı necə anlaya
bilərəm?
- Səni başa düşürəm, – Doroti dedi: – Mənimlə getsən, Ozdan xahiş edərəm ki, sənə
kömək etsin.
- Nə yaxşı! - Bədheybət sevindi.
Doroti Bədheybətə çəpəri aşmağa kömək etdi, onlar sarı kərpic yolla Zümrüd Şəhərinə
yollandılar.
Aralarına qatılan bu yad adam ilk baxışdan Totonun xoşuna gəlməmişdi. İt müqəvvanı
elə şübhəylə iyləyirdi ki, sanki samanın içində siçan yuvası vardı. Arada-bir Toto o qədər də
dostca olmayan bir ifadəylə mırıldayırdı.
- Totodan qorxma, – Doroti Bədheybətə dedi, – o səni dişləməz.
- Qorxmuram, it məni dişləsə də, saman bədənim hiss etməz. İcazə ver, zənbilini
aparım, axı mən heç vaxt yorulmuram. İstəyirsən, öz sirrimi sənə açım, – bir qədər yürüdükdən
sonra Bədheybət dedi, – bilirsən, mən nədən qorxuram?
- Nədən qorxursan, - Doroti sordu, - səni düzəldən Çeynəçi kəndlidənmi?
- Yox, - Bədheybət cavab verdi; - yanan bir kibrit çöpündən.
Tarix: 09.06.2015 / 13:39 Müəllif: Aziza Baxılıb: 389 Bölmə: L. Frank Baum - "Öz ölkəsinin qəribə sehirbazı"