Rəşad Sadıqov — azərbaycanlı futbolçu, Azərbaycan Milli Futbol Komandasının kapitanı.
Həyatı
Rəşad Sadıqov 16 iyun 1982-ci ildə anadan olub.
Azərbaycan premyer liqasında çıxış edən Tovuzun "Turan", Bakının "Neftçi", İranın "Fulad"[1], Türkiyə futbol çempionatında çıxış edən Kayserispor komandalarında forma geyinib. Yenidən "Neftçi"də oynadıqdan sonra Türkiyənin Kocaelispor klubuna transfer olunub. Bu klubun heyətində 2008-2009-cu il mövsümündə Türkiyə Super Liqasında 16 oyun keçirib. 2009-2010 mövsümündə UEFA Avropa Liqasında mübarizə aparan Ağdamın "Qarabağ" klubuna kömək etmək məqsədilə yenidən vətənə geri dönüb. UEFA Avropa Liqasında uğurlu çıxış edərək ilk iki mərhələdə meydana çıxdığı 4 oyunda 2 qol vurub. 2010-cu ilin avqust ayında Türkiyənin Eskişehirspor futbol klubu ilə 2-illik kontrakt bağlayıb[2].
Futbolçu karyerası
Azərbaycan Premyer Liqasında iştirakı
Rəşad Sadıqov Azərbaycan Premyer Liqasında "Neftçi"nin heyətində 135, "Turan"ın heyətində isə 9 oyun keçirib. "Neftçi"də 8 qolun müəllifidir. "Qarabağ"ın heyətində isə Azərbaycan Premyer Liqasında ilk oyununu 23 sentyabr 2009-cu ildə Ağdamda "Qəbələ" ilə II turdan təxirə salınmış oyunda keçirib.[3]
Milli Yığma Komanda karyerası
Azərbaycan milli yığmasının heyətində 47 oyun keçirən Rəşad Sadıqov Milli yığmamızın kaptanıdır. 14 nömrəli forma geyinir. 12 oktyab 2010-cu ildə Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda keçirilən Azərbaycan-Türkiyə matçında yeganə qolun müəllifi olan Rəşad komandamıza seçmə mərhələdə ilk xalı qazandırmışdır. Vurduğu qolla bütün Türkiyə mətbuatının diqqət mərkəzinə düşən kapitan görüşün ən yaxşılarından olmuşdur.
Uğurları
Azərbaycanda ilin futbolçusu: (3) - 2004, 2005, 2010[Mənbə göstərin]
Azərbaycanda ayın ən yaxşı idmançısı: (1)- 2009, fevral (Azerisport.com saytının versiyasına görə)[4]
Maraqlı məqam
O, transfer üçün ayrılan vaxt başa çatdığından, 2006-cı ildə keçmiş klubu "Neftçi"nin heyətində bir müddət forma geyinə bilməyib. Buna görə də Rəşad fiziki formasını qorumaq üçün Azərbaycan basketbol çempionatında oynayıb.
2009-cu ildə Türkiyəli jurnalistlər Sadıqovu məşhur kino personajı Terminatora bənzədiblər. Yerli "Kocaeli qəzeti" Rəşadın hazırda Superliqanın ən yaxşı üç ulduz futbolçusundan biri olduğunu qeyd edib: "Kocaelispor"un qış fasiləsində transfer etdiyi, varlığı ilə yoxluğu bəlli olmayan, toplanış zamanı problemlər səbəbindən özünü göstərə bilməyən azəri futbolçu Rəşad Sadıqov, müthiş bir oyun sərgiləyir və adətən Terminator kimi fəaliyyət göstərir. Səssiz-sədasız işini görən, mədəniyyəti və insanlığı ilə diqqəti çəkən, ancaq meydanda "Qalatasaray" və "Fənərbaxça"nın ulduzlarını məhv edən, yüzfaizlik qolları bıçaq kimi kəsən Sadıqov, Superliqanın bu an üçün ən böyük üç ulduzu sırasına girə bilib. Hər həftə "Qızıl 11-liyə" düşən Rəşad, "Fənərbaxça" matçında da könülləri fəth edərək, beynəlxalq TV şərhçiləri tərəfindən də bol-bol tərifləndi. Sadıqov bununla da qiymətini 10 qat artırdı". Qeyd edək ki, Terminator türk dilinə tərcümədə "yox edici" deməkdir.
Tarix: 11.01.2013 / 14:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 657 Bölmə: Idmançılar