Hürufiliyin qurucusu Fəzlullaha görə, təsəvvüfçülərin də göstərdiyi kimi Allah gizli bir xəzinədir. Hərşeyin həqiqəti, mövcudluğu və ruhu isə səslərdir. Gizli bir xəzinə olan Allahın ilk təcəllisi kəlam şəklində görünən səslərdən ibarətdir. Səsin kamilliyi kəlam, yəni sözdür. Kəlam isə ancaq insanlarda zühur edər və özünü səsdə göstərir. Kəlam bir qrup ünsürlər halında bəzi formalar alır. Bu ünsürlər Ərəb və Fars əlifbasındakı iyirmi səkkiz və otuz iki hərfdir.
Kainat və insanın əsası səsdir, mövcudatdakı səs ilahi nitqin səsindən fərqli olaraq maddidir. Fəzlullaha görə kainat səslərlə doludur. Səslərin isə kamil forması sözdür.
Allah bir insanın üzündə təzahür edən bir kəlamdır. Bu kəlamın ünsürlərində də bir rəqəm dəyəri var. Beləliklə bütün varlıqların əsl ünsürü olan iyirmi səkkiz hərfi insan üzündə görmək mümkündür. İnsan üzündə anadangəlmə yeddi xətt vardır. İki qaş, dörd kirpik və bir saç. İnsan bu yeddi xətt ilə doğulduğu üçün bunlara "xütut-ü ümmiyə" (ana xətlər) deyilir. Bunların cəmi on dörd edir. Yeddi dənə də "xütut-ü əbiyə"(ata xətləri) vardır ki, bunlar kişidə yetkinlik vaxtı çıxır. Üzün sağ və sol yanlarında iki saqqal tükləri, iki yanağın iki tərəfindəki burun tükləri, iki bığ və bir də alt dodaqdakı tüklər. Bunların cəmi on dörd edir. Ana və Ata xətlərinin cəmi iyirmi səkkiz edir ki, bu da Quranın iyirmi səkkiz hərfinə bərabərdir.
Bu xətlər hava, su, od və torpaq kimi dörd ünsürdən meydana gəldiyi üçün hər biri dördə vurulsa yenə iyirmi səkkiz əldə edilir. Əgər saçı ortadan ikiyə bölsək bu yedi xətt səkkiz olur. Dörd ünsürə vurulması otuz iki edər. Aləmdə hər nə varsa otuz ikiyə tətbiq olunur. Bütün kainat doqquz fələk, oniki bürc və yeddi planetdən ibarətdir, bunlara dörd ünsürü də əlavə etsək otuz iki alınar. Otuzikinin xaricində başqa nəticə alınmır.
Hürufilər Quranda mənası açıq ayələrlə, müqətta hərfləri və mənası başa düşülməyən ayələr haqqında təfsir alimləri ilə əks fikirdədirlər. Quranın sirrinin iyirmidoqquz surənin əvvəlində gələn müqəttəa hərflərində olduğunu qəbul edirlər. Bu hərflər on dörd ədəddir. Əsl allahın kəlamı bu hərflərdə gizlidir. İnsan üzündəki xətlərin cəmi də elə bu hərflərə işarə edir.
Hürufilər bütün dini hökmləri öz düşüncələri istiqamətində izah edirlər. Kəliməyi şəhadət, namaz, oruc, həcc, zəkat kimi bütün dini hökmlərin hamısı iyirmi səkkiz və otuz iki hərfə görə izah edilir. Nəticə əksik və ya artıq olarsa hesabı düz gətirmək üçün hərf elminin üsullarına müraciət edilərək nəticə əldə edilir.
Bu cərəyanın məqsədi insana ən yüksək mərtəbəni verməkdir. Mövcud olan hər bir varlıq mütləq varlığın təzahürüdür, əksidir. Bu təzahür qüvvət aləmindən təbiət və ünsürlərə gəlmişdir. Səma ilə ünsürlərin birləşməsindən də cansız aləm, bitkilər və insanlar yaranmışdır.
Hürufiliyin ilkin qaynaqları, eləcə də müasir araşdırmalar əsasında bu cərəyanın fəlsəfi məzmun və məqsədini aşağıdakı kimi xülasə etmək olar:
İlahi nitqin səsi kainatın yaradılmasının yeganə vasitəsidir. Bu, maddi aləmin yaranması ilə bağlı olaraq, Quranda yer alan "KUN!"("ol!") əmri ilə əlaqəli yaranmış mülahizə kimi də yozula bilər.
Tarix: 08.01.2015 / 01:53 Müəllif: Feriska Baxılıb: 197 Bölmə: Hürufilik