Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yaranmasının səbəbləri

İslam dünyasında Hürufiliyi bir inanc sistemi bir firqə halında yayan Astrabadi Fəzlullah Nəimidir. XIV əsrin sonlarında İranda Əmir Teymurun səltənətində (1370-1405) təriqət əhlinin böyük hörmət gördüyü zaman Fəzlullah Nəimi Xəzər dənizinin cənub-şərq sahillərinə yaxın Astrabad şəhərində öz təlimini yaymağa başlamışdır.

Qədim dövrlərdə bəzi bidətçi cərəyanların kök saldığı bir ərazidə öz fikirlərini yaymağa çalışan Fəzlullah Şeyx Həsən Luri və onun xələflərinin təsiri altında qalaraq öz firqəsini qurmuşdur. Fəzlullah onların prinsiplərini ən mükəmməl bir şəkildə qiymətləndirərək hərflərin vacibliyini və onların rəqəmlərlə olan münasibətlərini ortaya qoymuş, dini əmr və hökmləri ərəb və fars əlifbasındakı iyirmi səkkiz və otuz iki hərflə izah etməyə çalışmışdır. Allaha aid sirrlərin hərf və rəqəmlərdə gizləndiyini qəbul edərək mənalarını izah etməyə çalışmışdır. Gələcəkdəki hadisələri əvvəlcədən kəşf üçün istifadə edilen Ülum-i qaribə və Ülum-i hərfiyyə ilə bərabər elmi hürufun əsaslarını ortaya ataraq bu məlumatları orijinal bir hala gətirmişdir.

Fəzlullah haqqında məlumatlar ehtiva edən hər bir tarixi mənbə onun özünü Tanrı elan etdiyini qeyd etməkdədir. Ancaq bunun necə həyata keçdiyini qeyd etmirlər. Bu elan sadəcə "Ənəl-Həqq" iddiası şəklində edilmiş ola bilər. Eyni bölgələrdə Həllac Mənsurun olduqca tanındığı diqqətə alınarsa, ən güclü ehtimal bu elanın Ənəl-Həqq formuluna söykənməsidir.

Hürufiliyin Azərbaycanda ilk təşkilatlanması XIV əsrin sonlarında başladı. Onların fəlsəfi dini qaynaqları orta və yaxın şərqin fəlsəfəsindən bəhrələnmişdir. Azərbaycan ərazisinə daxil olaraq Nəimi, Nəsimi, Sururi, Əli-ül Əla kimi nümayəndələr tapan hürufilik ərazi baxımından da sərhədlənməmişdi. Hürufilik təriqəti geniş bir ərazini (İran, Azərbaycan, Suriya, Osmanlı) əhatə edirdi. Hürufilərin əsas nümayəndələri kəndlilər və şəhər ziyalıları idi.

Hürufilər öz ideyalarını yaymaq üçün öz əraziləri ilə kifayətlənmir, islam şərqinin müxtəlif ölkələrinə səyahətlər edir, tələbələrinin sayını artırırdılar.

Çingiz xanın qurduğu Monqol imperiyası İranı, Əfqanıstanı, müvəqqəti olaraq Zaqafqaziyanı və başqa əraziləri (Ərəb İraqı və Kiçik Asiya) işğal etmişdi. 1380-ci ildən başlayaraq Orta Asiyanı öz ətrafında birləşdirən Teymur İran, Azərbaycan, Gürcüstan, İraq, Suriya və Kiçik Asiyanı bu mərkəzdə birləşdirdi.

1410-1468-ci illər daxilində də Güney Azərbaycan, Qərbi Azərbaycan, Kürdüstan və Ərəb İraqı Qaraqoyunlu dövlətinin tərkibində olmuşdur. Göründüyü kimi Hürufiliyin vətəni olan Azərbaycan müxtəlif dövrlərdə müxtəlif xarakterli feodal imperiyalarının hakimiyyəti altında olmuşdur. İmperiyalar fərqli olsa da, eyni sosial siyasi və mədəni həyata malik olmuşdur.

Hakimiyyət əcnəbi işğalçıların əlində olduğundan (Qaraqoyunlular istisna olmaqla) ölkənin işğal altında olan xalqları arasında iqtisadi və mədəni əlaqələr formalaşırdı. Təbii ki, müharibələr sosial-iqtisadi inkişafa ağır təsir göstərirdi.

Ölkənin əvvəlki təbəqələrinin yəni kəndlilərin və şəhər yoxsullarının vəziyyəti müəyyən qədər açıq və konkret idi. Bu Azərbaycanda olduğu kimi digər şərq ölkələrində də belə idi. Onlar bir-birinə və monqollara qarşı xalq azadlıq hərəkatına, antifeodal mübarizəyə dəstək verirdilər. Qeyd etmək lazımdır ki, bütün bu işğallara qarşı olan mübarizə silahlı yolla aparılırdı. Baxmayaraq ki, işğalçılar İslama etiqad etmirdilər, onlar din amilindən öz xeyirlərinə istifadə edirdilər. Qazan xanın dövründə (1295-1304) monqollar islam dinini qəbul etdilər. Ölkənin iqtisadi və siyasi mövqeyinə baxdıqda aydın olur ki, ruhani təbəqəsi hələ monqollara qədər də baş verən antifeodal çıxışlarda xalqı dəstəkləmirdi.

Dmitri Petruşevski XIV əsrdə olan xalq çıxışlarını xarakterizə edərək qeyd edir ki, bu çıxışlarda əsas rolu kəndlilər və şəhərin aşağı təbəqəsi oynayırdı. Əvvəlcə onlara kiçik və orta feodallar da qoşulmuşdular. Sonralar bu çıxışlar türk-monqol tayfalarının hakimiyyətinə qarşı çevrildi.

XIV-XV əsrdə olan xalq hərəkatlarında kəndlilər və sənətkarlar İran feodalları ilə birgə çıxış etmədilər. Əvvəlki dövrlərdən fərqli olaraq XIV-XV əsrdəki xalq hərəkatları təkcə şiə imamlığı ideologiyası altında getmirdi.

Şiələrin ümumi ideologiyası insanlarda Allahın sifətlərinin təzahürü, görünməsi şəklində idi. Elə məhz buna əsasən də bəzi insanları İsa, Musa, Məhəmməd və Əli hesab edirdilər. Bunlar şiə sektasının, icmasının əsas imamları hesab olunurdular.

Teymurun ölümündən sonra Azərbaycandakı sosial-siyasi mübarizə canlanmağa, Teymurilərin hakimiyyəti isə zəifləməyə başladı. Təbrizdə, Marağada, Qarabağda və ölkənin digər yerlərində həyəcanlar baş qaldırdı. Həmişə olduğu kimi yenə də bu hərəkatda əsas rolu dərviş-sufilər oynayırdılar.

Hürufiliyin tarixi cəhətdən yaranmasına ehtiyac o idi ki, Şərq dünyası iki yüz il monqolların işğalı altında qalmışdı. Bu zaman meydana çıxan həyəcan və çıxışlar həm ölkədə ağalıq edən feodallara, həm də ortodoksal islam ideyasına qarşı çevrilmişdi.

Bu dövrdə şiəlik Kiçik Asiyanın şərqində böyük kütlələri əhatə edirdi. Bu da ona görə idi ki, xalq feodal renta vergilərinin ağırlığından bezib mövcud rejimin əksinə olaraq şiəliyə meyl edirdi. 1239-cu ildə Şeyx Baba İshaqın başçılığı altında üsyan başladı. Şeyx Baba İshaq üsyanın gedişində özünü Allah elan etmişdi və bunu şüara çevirmişdi. Şeyx Baba İshaq kəndliləri və sənətkarları tirana qarşı üsyana çağırmışdı. Tiran isə sünni olan Səlcuq sultanı idi.

Beləliklə, görünür ki, XIV əsrdə Mərkəzi Asiyada, İranda, Azərbaycanda və digər yerlərdə baş qaldıran inqilabi ideyaların böyük əksəriyyəti ortodoksal sünni ruhanilərə qarşı çevrilmişdi.

Hürufilik tipik Yaxın və Orta şərq şəhərlərinə xas ideyadır və xalqın maraqlarını ifadə edir. Hürufilik təlimi əsasən feodallara, xarici işğalçılara və onları müdafiə edən islama qarşı yönəlmişdi.


Tarix: 08.01.2015 / 01:52 Müəllif: Feriska Baxılıb: 84 Bölmə: Hürufilik
loading...