Yadındamı bizim ilk görüşümüz?
O incə baxışın, o qaynar gözün.
Necə hədər oldu ötən ömrümüz,
O illərdən qalıb `sevirəm` sözü.
Sənin bir qızın var, mənim bir oğlum.
Adını qoymuşam öz övladıma.
Sizin tərəflərə düşəndə yolum,
Ötən illər bir-bir düşər yadıma.
Gözümün önünə gəldi yenidən,
Cavanlıq illəri, ilk səadətim.
Elə bil yuxudan ayıldım birdən,
Duydum ki, yaşayır ilk məhəbbətim.
Bu gün zəng elədim, yandım səsindən.
Dedin ki, `bağışla, keç günahımdan.`
Səndə nə günah var, nədən keçim mən?
Öz dönük bəxtimi bağışlamıram.
`Bağışla` söyləyən dilinlə bu gün,
Bir zaman qəlbimə dəymişdin, niyə?
Səni həmişəlik sevdiyim üçün,
Od vurdum ilk dəfə gördüyüm günə…
Gözümün önündən getmir heç yana.
Cavanlıq illəri, ilk səadətim.
Oğlumu çağırdım, qaçdı yanıma,
Yenə də mən sənin adını andım.
Tarix: 22.01.2015 / 18:18 Müəllif: Aziza Baxılıb: 76 Bölmə: Flora Kərimova