“Biz hamımız həyatda seçim edirik. Önəmli olan bu seçimlə yaşamaqdır” (filmdən sitat)
Sözlər… Nədir sözlər? Gündəlik həyatımızda istifadə etdiyimiz səslər və hərflər birləşimi yoxsa, bir insanı məhv edə bilən, bir digərinə isə xoşbəxtlik gətirən möcüzə?
Ömrünü sözlərə həsr edən bir yazıçı həyatdan nə istəyər? Məşhurlaşmaq yoxsa müxtəlif insanların hekayələrini digərlərinə çatdırmaq? Şöhrətpərəstlik yoxsa maarifçilik? Bəlkə, sadəcə digərinin yazdığını oğurlamaq? “Sözlər”in qəhrəmanı məhz bu yolu tutur. O, yazıçı olmaq arzusundadır. Lakin yazdığı romanlar heç bir agentlik tərəfindən qəbul olunmur. Adi bir təsadüf isə onun qarşısında inanılmaz imkanlar açır.
Parisdə əntiq əşyalar dükanından alınan köhnə çantadan tapdığı bir hekayə onun həyatını dəyişir. Daha doğrusu, o, köhnə çap maşınında yazılan bu sözlərin onun həyatını dəyişməyinə izin verir. Saralmış vərəqlərdəki hər bir sözü öz beyninin, qəlbinin süzgəcindən keçirib kompyuterdə yazan Rodi anlayır ki, özü heç vaxt elə bir hekayə uydura, yaza bilməyəcək.
“O, düşündüyü kimi birisi deyildi və qorxurdu ki, heç vaxt da olmayacaq”. Bu sözlər ona yad idi, o heç gözləmədiyi bir aləmlə üzləşmişdi və bu aləm ona arzuladığı dəyəri qazandırdı. Lakin bu kitab onun deyildi.
Bəs hekayənin əsl sahibini tapsa necə? Uğur, şöhrət, pul – hər şey bir anda məhv olsa necə? “Haradasa bir qoca öz zamanını gözləyirdi”. Və o zaman yetişdi.
Gerçəklə üzləşəndə qarşıda iki yol görünür. Bunlardan biri seçilməlidir. Amma yenə də Rodinin vicdanı – Qoca onu düşünməyə vadar edir. Kitabdan imtina etmək, gerçəkləri açıqlamaq yoxsa, bir vaxtlar öz həyatını – sevincini, kədərini, itkisini sözlərə köçürən qocanın varlığını unudub, “yazıçılığın” dadını çıxarmaq? Rodi öz seçimini edir – sözlər. Önəmli olan isə o seçimlə ömrünün sonuna kimi dik tutulan başla yaşamaq idi.
“Mənim faciəm onda idi ki, mən sözləri qadından çox sevirdim.” Bəli… Qoca bir dəfə səhv edib insana – həyat yoldaşına yox, sözlərə önəm verib. Xərclənmiş həyat, itirilmiş gənclik, ailə, övlad, həyata keçməyən arzular… onları geri qaytarmaq olmaz, amma yazmaq olar. Qoca sadəcə Rodinin sözlərə yox, insanlara, yaşanan həyatlara önəm verməsini arzulayırdı. O, nə pul, nə şöhrət arxasınca qaçmırdı, sadəcə Rodinin kimin hekayəsini yazdığını bilməyini istəyirdi. Çünki Rodinin saralmış vərəqdən köçürdüyü hər bir söz Qocanın həyatından, yaşadıqlarından, qəlbindən qopan bir parça idi.
Sonralar Rodinin də sözlərə olan sevgisi onun həyatını alt-üst edəcəkdi. Amma ona bundan çox, artıq dünyasını dəyişmiş qoca ilə görüş əzab verəcəkdi.
“Sözlər” Brayan Klaqman və Li Sterntalın ilk rejissor işləridir. Filmin süjeti və ideyası gözəl olsa da, sanki, deyilməmiş sözlər, yaşanmamış hadisələr var. Bundan başqa, obrazların xarakterləri belə insanların reallıqdan uzaq olduqlarını düşündürür. Lakin baş rolların ifaçıları Bredli Kuper (Rodi) və Ceremi Ayrons (Qoca) tamaşaçını ekrana kilidləməyi bacarır. Ayrons qocanın daxili dünyasını, onun qiymətləndirə bilmədiyi xoşbəxtliyini, yaşadığı daxili iztirablarını və faciələri böyük ekrana peşəkarlıqda daşıya bilib. Bredli Kuper isə bu rolu ilə sübut etdi ki, o təkcə “oğlan yığıncaqları” təşkil etməyi deyil, daha dərin və böyük mənəvi yükü olan obrazlar da yarada bilir. Kuper, Rodi obrazı ilə hər kəsin qarşısına sual qoyur: Xoşbəxt həyat necədir? Yazıçı adını almaq, tanınmaq, varlı olmaq ailəni, səni sevən həyat yoldaşını əvəz edə bilərmi? Rodinin atası onu əsl kişi olmağa səslədiyi kimi Rodi də insanları vicdanlı olmağa səsləyir.
“Dəhşətli səhv etsən belə, gərək bununla yaşamağı bacarasan”. Rodi səhvini anlamışdı və onunla yaşamağa davam edirdi. Ortada xərclənmiş bir həyat vardı – Qocanın həyatı.
– O nəhəng yazıçı olmalı idi.
– Doğurdan? Bəs nə oldu?
– Həyat” (filmdən sitat)
Tarix: 28.11.2014 / 12:11 Müəllif: Aziza Baxılıb: 69 Bölmə: Filimler