O, Avropa kinosunun ən kifir və eyni zamanda, ən yaraşıqlı aktyorlarındandır...
Nə qədər eybəcər, nə qədər kobud olursa — olsun, bir o qədər də çəkici, bir o qədər də seksualdır.
Rejissor və aktyor Pyer Düks onun barəsində demişdi: “Gərək sən səhnədə öpüşməyəsən, onsuz da heç kim inanmayacaq! Sənin simana ancaq əclaf obrazları yaraşır!...”
Ancaq zaman gəlir və məşhur fransız aktyoru Jan-Pol Belmondo dünyanın ən gözəl aktrisaları ilə tərəf-müqabili olur...
Bəli, Jan Pol Belmondo — dünya kinosunun ulduzu, heç bir xüsusi gözəlliyə malik olmasa da, bir çox qadınların qəhrəman idealı...
Fransızlar onu “Bebel” deyə çağırırlar. Əslən siciliyalı olan Belmondoya italyanlar isə dostcasına “İl bruto” (“eybəcər”) ləqəbini veriblər.
İl bruto 1933-cü il, 9 aprel tarixində dünyaya gəlib. Gələcək aktyorun atası heykəltəraş olduğundan Belmondo tez-tez atası üçün model rolunda çıxış edirdi. Eynən xadimə Janet kimi. Lakin bir şey var idi — Janet gözəl idi. O, heykəltəraş atanın qarşısında poz verərkən altı yaşlı Belmondo saatlarla ona tamaşa edirdi. Janet onun ilk sevgisi idi...
Sənət seçmək vaxtı gələndə Jan-Pol tərəddüd etmir, 17 yaşında aktyor evdən qaçır və səyyar teatrla səfərlərə gedir. Bir müddət o, boksla da məşğul olur.
Lakin axır-əvvəl Belmondo yenidən incəsənətə qayıdır. Sonda Paris konservatoriyasının dram fakültəsinə daxil olur. Bir neçə il teatr aktyoru kimi çalışan Jan-Pol 1956-cı ildə kinoya gəlir.
1959-cu ildə ekranlara rejissor Jan-Lük Qodarın “Son nəfəsdə” filmi çıxır və çıxar — çıxmaz da məşhurluq qazanır. Filmlə yanaşı, fransalı aktyorun ulduzu da parlayır.
Lakin Belmondonun ən məşhur filmi 1981-ci ildə çəkildiyi “Professoinal” filmi olur. Joss Bomon obrazını yaratdığı film keçmiş SSRİ-də yayımlanan ən tanınmış fransız filmlərindən idi. Nəzərə alsaq ki, filmin saundtrekini dahi bəstəkar Ennio Morrikone yazmışdı. Filmin əsas uğuru da məhz bunda idi - «Chi Mai» bütünlüklə filmin ruhunu əsk etdirirdi...
Elə bu andan Belmondo məhəbbət qəhrəmanlarını nəinki filmlərdə, həmçinin, həyatda da oynamağa başlayır. Qadınlar bu “eybəcər”ə göz verib-işıq vermirdi. Elə Belmondo da az aşın duzu deyildi. “Qadınlarsız mən heç kiməm” – deyə etiraf edən aktyor ilk həyat yoldaşı kimi 13 yaşlı gözəl balerinanı seçmişdi. Bütün kişilər bu xanımın — Elodi Konstanın ayaqlarına aşiq idi.
Bu evlilikdən aktyorun Patrisiya, Florensiya və Pol adlı üç ovladı dünyaya gəlir.
Həddi — bulağa çatmamış xanımı ilə bu nikahını uzun müddət gizli saxlayan fransalı aktyor 13 ildən sonra həyat yoldaşının ayaqlarından bezir və özünü isveçrəli gözəlçə Ursula Andersin yatağına atır. Ərinin Ursula ilə birgə olduğuna inanmayan Elodi Honq Konqa uçur və şayiələrin həqiqət olduğunu mehmanxanada öz gözləri ilə görür.
Ursula Anders seksual məsələlərdə çox azad, pul məsələlərində işini bilən soyuqqanlı bir xanım idi.“Biz gənc idik və hər şeydən dadmaq istəyirdik. Biz gənc şirlər kimi dəlisov idik. Heyif, o illər bir də geri qayıtmayacaq...” – aktyor keçmiş illəri xatırlayır.
Belmondo və Ursula
Lakin Ursula ilə keçən yeddi ehtiraslı il bitir. Bu dəfə Belmondo italiyalı aktrisa Laura Antonellini seçir. Ursula ciddi depressiya keçirir, ancaq özünü bir təhər toplayır. İllər sonra müsahibəsində o, fransalı sevgilisi barədə deyir: — Bütün sevgililərim arasında ən zərifi Belmondo olub. Bu kobud, kəndli xarici görünüşlü qanmazı sevirdim...”
Belmondo Laura Antonelliyə uzun müddət ona ərə gəlməsi üçün yalvarır. Ancaq faydasız. Laura bütün kişilərə inamını itirmişdi. O düşünürdü ki, kişilər ona yalnız əylənmək məqsədilə yaxınlaşır. Ancaq Belmondo onu atan zaman italiyalı aktrisanın həyatı tamamilə dəyişir. Ursula kimi depressiya keçirir, ancaq daha dərin. Karyeradan uzaq düşür. Sonralar məlum olur ki, Jan-Pol Lauraya yaşaması üçün pul göndərirdi.
58 yaşında ikən “eybəcər” aktyor braziliyalı model 20 yaşlı Karlos Sotomayerlə eşq macərası yaşayır.
1989-cu ildə isə Belmondo gələcək həyat yoldaşı Natti Tardevil adlı model və balerina ilə tanış olur. Evlilik 17 il davam edir. 42 yaşlı Nanni aktyora qız övladı bəxş edir. Lakin evlilik 2008-ci ildə boşanma ilə bitir.
Barbara Qandolfi aktyorun sonuncu sevgililərindən olur. Özündən 40 yaş cavan olan xanımla Belmondo xoşbəxt olduğunu söyləyirdi. Lakin Barbara da işini bilirdi və aktyorun dərdindən heç də dəli-divanə olmamışdı. Qadının yeganə məqsədi yaşlı və varlı akytordan yaxşıca pul qoparmaq idi. Lakin bu istək baş tutmur və münasibətlərə məhkəmədə aydınlıq gəlir.
Belmondo və Barbara
1994-cü ildə aktyorun böyük qızı Patrisiya yanğın zamanı həlak olur. 2001-ci ildə aktyor insult keçirir və kinodan uzaqlaşır. Yalnız 2008-ci ildə “İnsan və onun iti” psixoloji filmlə ekranlara qayıdır. Hamı tərəfindən atılmış qocaya yalnız iti sadiq qalır. Bu obraz aktyorun ən gözəl rollarındandır. Bunu yaşlı Belmondo özü də etiraf edir. “Nə qədər məşhur obrazlarım olsa da, “İnsan və onun iti” mənə daha yaxındır...”
Tarix: 28.11.2014 / 11:29 Müəllif: Aziza Baxılıb: 193 Bölmə: Filimler