Bu kino ki var, çox qəliz məsələdir...
Kino XIX əsrin ən maraqlı kəşfidir. 1895-ci ildə meydana gələn kino o dövrün bütün texniki yeniliklərdən daha çox bəşəriyyətin diqqətini çəkdi. Buna qədər kinoya yaxınlaşan müxtəlif komponentlər (fonoqraf, fotoqraf, kinetoskop - Tomas Alva Edison, Dikson tərəfindən) kəşf edilsə də, onların cəmindən yaranan sinematoqraf Oqüst və Lümyer qardaşlarının adı ilə bağlıdır. Sinematoqraf bütün dünyanı təəccübləndirdi.
1895-ci il martın 22-də Lui Lümyer “Lümyerin Monplezir və Liondakı fabrikindən fəhlələrin çıxması” kadrını tamaşaçılara göstərdi. Bu kiçik kadr tamaşaçıları maraqlandırdığından həmin ilin yayında Lümyer 10-dan artıq qısa süjetlər çəkdi. Dekabrın 28-də isə kinonun nadir və maraqlı tapıntı olduğunu tamaşaçılarına sübut etmək məqsədilə qardaşı Oqüstlə birlikdə Parisin Kapusinov bulvarında ictimai baxış təşkil etdi. Bu kino seansı tamaşaçıların bəşər tarixində gördüyü təəccüblü və sensasiyalı bir baxış idi. Həmin gün dünya kinosunun yaranması kimi tarixə düşdü. Beləliklə, kino XIX əsr imperialist epoxasında, kapitalist cəmiyyətində yaranan burjua mühitinin yeni bir əyləncə vasitəsi kimi qəbul edildi.
Lümyer qardaşlarının çəkdikləri səssiz kadrlar ilk vaxtlar böyük maraq doğursa da, təsvirlər hərəkət edən fotoları xatırladırdı. Məsələn, velosiped sürən oğlan, fabrikdən çıxan fəhlələr, kart oynayan adam və s. Belə süjetlərin içərisində faktları əks etdirən kadrlar, komik nüanslar tamaşaçıların daha çox diqqətini çəkirdi. Xarakterli kadrların (“Suçunun sulanması” süjeti) daha çox maraq çəkdiyini görən Lümyer qardaşları xronikal yox, məzmunlu kadrları ekranlaşdırıb müxtəlif ölkələrdə nümayiş etdirməyə başladılar. Lümyerin filmlərinə baxış parklarda, restoran-kafelərdə, yarmarkalarda təşkil olunurdu. Həmin illərdə rəngsiz, boz kinosüjetlərə baxan Rusiyanın görkəmli ədəbiyyatçısı M.Qorki rəngsiz kinonu “həyatın kölgəsi” adlandırmışdı.
Əsasən burjua cəmiyyətinin maraq dairəsini əhatə edən (həyat problemlərini ələ salan, bədii zövqü olmayan) süjetlər tədricən tamaşaçıları bezdirməyə başladığından Lümyer qardaşları insanların diqqətini çəkə biləcək məzmunlu, real faktlar çəkməyi qərara aldılar. Qardaşlar 1897-ci ildə bir neçə kinooperator hazırlayaraq müxtəlif ölkələrə süjet çəkməyə göndərdilər. Operator sənəti də məhz belə yarandı.
Müxtəlif ölkələrə səpələnən operatorlar rejissorsuz, aktyorsuz çəkdikləri real həyat kadrlarını kinoteatrlarda nümayiş etdirirdilər. Uzaq ölkələri yaxınlaşdıran canlı xəbərləri tamaşaçıların ovcunun içinə gətirən kadrlar bir müddət maraq doğursa da, tamaşaçılar yenə ekranda cərəyan edən hadisələrin mahiyyətinin tamamlanmadığını sezirdilər. Xronikal lentlər içərisində daha çox diqqət çəkən “Suçunun sulanması” süjetində göstərilən insanların xarakterik cəhətləri, yumoristik elementlər tamaşaçıları daha çox əyləndirirdi. Kinosüjetdə əks olunan insanların obrazlılığı kinematoqrafçıları bədii yaradıcılıq axtarışına sövq edirdi. Onlar artıq tamaşaçını təəccübləndirə biləcək, informasiya xarakterli süjetlər çəkməyə başlayırdılar. Bununla sənədli, tədricən bədii kinonun özülü qoyuldu. Beləliklə, kommersiya mənbəyi kimi ixtira olunan kino getdikcə incəsənətə xidmət etməyə başladı. Kinonun bədii səviyyəyə, sənət əsəri dərəcəsinə qədər yüksəlişini səbirlə izləyən tamaşaçı auditoriyası isə bu günədək ondan ayrılmayıb.
Teatr rejissoru, dekorator, aktyor, qəzet karikaturaçısı və ən nəhayət əyləncəli attraksionlarda texniki konstruktor kimi çalışan Melyes Lümyer qardaşlarından aparat əldə edərək ilk dəfə kamera ilə kinematoqrafik tryukları çəkməyi kəşf etdi. Küçədən keçən minik arabalarını çəkən Melyes birdən çəkilişi dayandırıb kameranı digər səmtə çevirir. Hansısa bir cənazə maşınını görən kimi çəkilişi təkrar davam etdirir. Sonra o, çəkdiyi kadrları izlədikdə bir-birinin ardınca yaranan montaj kinosunun maraqlı cəhətlərini kəşf edir.
Melyes montaj kinosu üslubunda bir-birinin ardınca sirk səhnələrini, teatr tamaşalarını ekranlaşdırdı. Onun çəkdiyi ümumi və iri planlarda olan obrazlılıq təəssüratı tamaşaçıların kinoya olan marağını artırırdı. “Qırmızı papaq”, “Göy saqqal”, “Janna d'Ark”, “Faust” tamaşalarının ekran variantı tamaşaçıları son dərəcə heyrətə gətirir, kinoya isə bədiilik verirdi. Lakin Melyesin kinoya gətirdiyi teatral (kinokomediya, feeriya (əfsanə məzmunlu teatr tamaşası) və s.) yaradıcılığı 1913-cü ilə qədər davam edə bildi. Çünki bu gün də tez-tez rastlaşdığımız tükənməz tamaşaçı tələbatına artıq bu formatda çəkilən filmlər də cavab vermirdi.
1908-ci ildə ədəbiyyat və teatr xadimləri mütəşəkkil şəkildə “Bədii kino” anlayışına cavab olaraq “Film d Ar” cəmiyyətini yaratdılar. Cəmiyyətin əsas məqsədi zövqlə çəkilmiş bədii kino yaratmaq idi. Tarixi melodramlardan başlayaraq (“Hersoq Gizin ölümü və s.) məşhur romanların motivləri əsasında birinci dərəcəli aktyorların iştirakı ilə filmlər çəkməyə başladılar. Bununla da “Film d Ar” cəmiyyəti kinonun yalnız əyləncə və xəbər (komediya, xronika) daşıyıcısı yox, sözün həqiqi mənasında ədəbi və mədəni mühitin dirçəlişi, estetik zövqlərin zənginləşməsini təmin edən sənət növü olduğunu sübut etdilər.
1930-cu illərdən Fransa kinosunda artıq avanqard kinematoqrafçı ordusu yaranmışdı. Fransadakı nəhəng Pate və Qomon kino şirkəti bütün dünyada baş verən sensasiyalı xəbərləri (avtomobil yarışları, öküz döyüşü, rus çarının tacqoyma mərasimi və s.) əks etdirən xronikal filmlər çəkir, unikal lentlərin əldə edilməsi üçün bütün ölkələrə öz kinooperatorlarını göndərirdilər.
Fransız firmasının kinematoqrafçıları Rusiyada on il müddətində fəaliyyət göstərdilər. Bu illər ərzində onlar Don kazaklarının həyatından, Həştərxan balıqçılarından, Bakıda neft hasilatından və s. bəhs edən müxtəlif mövzuda filmlər çəkmişdilər. Bakıda yaşayan nasir və fotoqraf Aleksandr Mixayloviç Moşon da dünyanın diqqətini çəkən “Bibiheybətdə neft fontanı yanğını” və “Balaxanıda neft fontanı” kadrlarını 1898-ci ildə Fransada keçirilən dünya sərgisində nümayiş etdirmək üçün aparmışdı. Lümyer qardaşlarının diqqətini çəkən unikal kadrlar Fransa kino arxivində qorunub saxlanılıb. Həmin xronikal kadrlar 2001-ci ildə Dövlət Film Fondu rəhbərliyinin təşəbbüsü ilə Fransadan Azərbaycana gətirilib.
XX əsrin əvvəllərində kino (janr, mövzu, cərəyan) bədii təsvir vasitələrinə əsasən artıq incəsənət növünə çevrilmişdi. Vestern - “Qatar oğurluğu” (rej. Edvin Porter; 1903), romantika - “Romeo və Cülyetta” (“Film d Ar”şir, 1905), komediya - “Uşaq” (rej. Ç.Çaplin, 1920), (“Əndəluz köpəyi”, rej. L.Bünüel, 1928) və s. janrlarda ekran əsərləri meydana gəldi.
1930-cu illərdə Fransada L.Bünüelin (sürrealist), Lukino Viskontinin (neorealist) və s. kinorejissorların fərdi yaradıcılığı kinoya yeni nəfəs gətirdi. İtaliyada rejissor Roberto Rosselianinin, Federiko Fellininin və s. neorealist dəst-xətti klassik kino ənənələrinin təməlini qoydu. Amerikada Hollivud kino imperiyasının rejissorları kinonun çoxşaxəli imkanlarından istifadə edərək, daha çox qazanc əldə etmək məqsədilə qanqster, detektiv, triller janrlı kommersiya filmlərinin sayını artırdılar. 60-70-ci illər isə dünya kinosunun intibah, eyni zamanda klassik kino yaradıcılığının sonu kimi yadda qaldı.
Əslində 115 illik tarixə malik olan kino bu gün də tamaşaçılarını rəngarəng, tez-tez yeniləşən filmləri ilə təəccübləndirir. Lakin estetik dəyələr baxımından ibtidai kino mərhələsi insanların dünyagörüşünü daha çox zənginləşdirirdi, nəinki çoxsaylı texniki imkanlarını durmadan yeniləşdirən çağdaş kino. Əgər ibtidai kino mərhələsində həyat hadisələri ekranlaşdırılırdısa, 1980-ci illərdən etibarən ekranda izlədiyimiz ağlagəlməz (virus, yoluxucu epidemiyalar, mutant canlılar, daşqın halları, kütləvi qırğınlar) illüziyalar, hadisələr 5-10 ildən sonra həyat gerçəkliklərinə çevrilirdi.Azərbaycan kinosu
Kinoda səsin vizual təsiri zəiflətdiyini (aktyor ifası baxımından) söyləyən Çaplini qınasalar da, texnikanın imkanlarından eninə-boyuna istifadə edən Amerika kino sektoru bu günə qədər aqressiv mövqedə dayanır. Sırf kommersiya məqsədi güdən blokbaster janrlı belə filmlər, reallıqdan kənar illüziyalı mövzular ekranlaşdırılmaqla, müəlliflərin qaranlıq (ekranda gerçəkləşən təsvirlərlə) düşüncələrini (“Avatar”, rej. C.Kemeron, “Günahlar şəhəri”, rej. K.Tarantino və s.) sığortalamış olur. Xüsusi kompüter qrafikası ilə düzəldilən, insanlığın yuxusuna belə müdaxilə edə biləcək eksperimental xarakterli filmlərin prokatına isə, daim gördüyündən artığını uman tamaşaçı kütləsi durmadan başgicəlləndirən məbləğ ödəməklə reallığı təkzib edən filmlərin çoxalmasına şərait yaradır, həyat hadisələrini təhlil edən filmləri kölgədə qoyur.
Kinonu tərəqqiyə, rahat, əmin-aman həyata can atan insanların arzu çələngi də adlandırmaq olar. Ən azından ona görə ki, əsəbləri tarıma çəkən mövzulardan əlavə nağıl, macəra, melodrama, romantika janrlı filmlərdə həyat gözəlliklərini, sevgi anlayışını insanlığı dəyərləndirən keyfiyyətləri görmək mümkündür.
Tarix: 28.11.2014 / 11:12 Müəllif: Aziza Baxılıb: 343 Bölmə: Filimler