Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cəbrayıllı eli - Xanlıq dövründə

Cəbrayıllı xanlıq dönəmində böyük bir el idi. Bəs necə oldu ki, 1727-ci ildə 1 kənddən ibarət olan oymaq 1747-ci ildə böyük elə çevrildi? Qısa zaman kəsiyində bir kəndin qələbəlik elə çevrilməsi təəcüblü biçimlənmədir. Bunu aydınlaşdırmaq üçün XVIII yüzilin ortalarında baş verən tarixi olaylara fikir verək. 1736-cı ildə Nadir şah Qırxlı-Avşar Cavanşir, Otuziki və Kəbirli ellərini Xorasana sürgün etdi. Qarabağda xeyli qışlaq və yaylaq ərazisi boş qaldı. Fürsətdən istifadə edən Cəbrayıllı oymağının başçıları keçmiş ellərini bərpa etdilər. Onlar bu dəfə Əhmədli adı altında deyil, Cəbrayıllı eli adı ətrafında birləşdilər. Köhnə adlarının üstündə "dönük" damğası vardı. Bu adla böyük yurdsevər Nadir şaha təqdim olunmaq istəmirdilər. Orta çağda böyük el olmuş Əhmədli camaatı oymaq kimi Cəbrayıllı qurumunun tərkibinə daxil oldu. Sonradan bir neçə oba və kənd də Cəbrayıllılara qoşularaq qələbəlik el yaratdılar. Elin ərazisi Ibrahimxəlil xanın ağalıq dönəmində mahala çevrildi. Cəbrayıllı elinə minbaşı, Dizaq-Cəbrayıllı mahalına isə naib başçılıq edirdi. Cəbrayıllı eli xanlığın yaranmasında iştirak etməsə də, möhkəmlənməsində böyük səy göstərmişdi. Pənahəli xanın vəfatından sonra parçalanan xanlığın birləşməsində elin rolu danılmazdır. Bəlli bilgidir ki, Ibrahimxəlil ağa Urmiyadan, girovluqdan dönəndən sonra xanlığı ələ keçirmiş kiçik qardaşı Mehrəli ağaya qarşı mübarizəyə başladı. Cavanşir, Otuziki və Kəbirli elləri Mehrəli ağanı dəstəkləyirdi. Ibrahimxəlil ağa kömək üçün Cəbrayıllı elinə müraciət etdi. Cəbrayıllılar tərəddüd göstərmədən Ibrahimxəlil ağaya yardım göndərdilər. Cəbrayıllı, Kəngərli, Cinli, Dəmirçihəsənli ellərindən təşkil olunmuş qoşun və Cavanşir elinin Arazbar qrupundan ibarət atlı dəstə Mehrəli ağanın tərəfdarlarını yendilər. Qalib gələn Ibrahimxəlil ağa Qarabağ xanlığının taxtına əyləşdi. Tərəfdarlarına xeyli yeyimlik yurd verdi. Cəbrayıllı eli ilə qohum oldu. Elin kələntəri Nəbi ağanın qızı Nənəxanım xanımla evləndi. Cəbrayıllı elinin çəkisi artdı. Böyüyüb yayılmağa başladı. Xan Dizaq mahalının böyük bir kəsiyini elə verib yeni inzibati ərazi, Dizaq-Cəbrayıllı mahalını yaratdı. Xanın böyük oğlu Məhəmmədhəsən ağa Cəbrayıllı elini idarə edirdi. Anası Cəbrayıllı qızı olduğundan el-oba camaatı onun xətrini əziz tuturdu. 1805-ci ildə Məhəmmədhəsən ağa ilə atasının arasına inciklik salırlar. Tarixçi Mir Mehdi Xəzani yazır: "Xüsusən bir para şərir adamlar aralıqda şeytanlıq edib, Ibrahim xan ilə öz böyük oğlu Məhəmmədhəsən ağanın arasına və Mehdiqulu ağa və Xanlar ağanın aralarına küdurət və iğtişaş saldılar. Ibrahim xanı Məhəmmədhəsən ağadan dilxor və rəncidə elədilər. Cəbrayıllı tayfası ki, Vərəndə mahalında (sahəsində-Ə. Ç.) bir böyük eldir və Məhəmmədhəsən ağanın anasının qohumları olan ümdə bəyləri var idilər. Məhəmmədhəsən ağaya itaət edib, Ibrahim xanın əmrinə müti olmadılar. Bu gunə işlər çox baisi-küdurət oldu. Hərçənd mərhum xan iradə elədi ki, Mehdiqulu ağa və Xanlar ağa ittifaq olub Məhəmmədhəsən ağanın hökmünü və rütbəsini aşağı salalar və cəbrayıllı camaatını dəxi bir növ (sakit) edib, ondan kənar və uzaq edələr ki, Ibrahim xana dürüst mütü olalar. Amma Mehdiqulu ağa və Xanlar ağa Məhəmmədhəsən ağa ilə bihörmətlik etməyə razı olmadılar ki, Ibrahim xan yaşlaşmışdı. Məhəmmədhəsən ağa sayılan və sahibi-hörmət və sahibi-əql və rəftar və fərasətli və kamallı və sahibi-ədəb və adab və qırx yaşına yetmiş və təcrübə etmiş və hamı vilayətlərdən ümdə mötəbər və sahibi-tədbir hesab olunan idi (Bax: Qarabağnamələr. 2-ci kitab. Gös. əsər. səh. 161-162.). Ibrahimxəlil xan böyük oğlu Məhəmmədhəsən ağadan incik düşəndə digər oğlu Əbülfət xana sifariş göndərib Qarabağa dəvət edir. Fətəli şah xanın sifarişindən hədsiz sevincək olub qiymətli ərməğanlarla Əbülfət xanı Qarabağa yola salır. Dayaq və dəstək üçün beş min də qoşun verir. Əbülfət xan Qarabağın sınırına çatıb şahın istəyini atasına yazır. Fətəli şah Əbülfət xana göstəriş vermişdi ki, Məhəmmədhəsən ağanı Tehrana göndərib, özü Qarabağda atasının qulluğunda qalsın. Məktubun məzmunundan xəbərdar olan xanzadələr (Məhəmmədhəsən ağa, Mehdiqulu ağa və Xanlar ağa) atalarını məcbur etdilər ki, Əbülfət xanı geri göndərsin. Ibrahimxəlil xan Əbülfət xana yazıb bildirdi ki, gəldiyi kimi geri dönsün. Əbülfət xan məktubun qırımından bilir ki, işin içində qardaşlarının barmağı var. Ona görə də geri dönməyib Qapan, Muğru, Çulundur və Bərgüşad mahallarını tutur. Atasının mahallara təyin etdiyi naibləri, kənxudaları, kovxaları, darğaları və yüzbaşıları çıxarıb, iş başına öz adamlarını qoyur. Bərgüşad çayının yaxasında düşərgə qurub əyləşir. Dizaq, Xırdapara-Dizaq və Cavanşir-Dizaq mahallarının naiblərinə, el-oba başçılarına məktub yazıb yanına çağırır. Çox keçmir ki, el böyükləri başlarının dəstələriylə Əbülfət xanın yanına gəlirlər. Tarixçi Mir Mehdi Xəzani yazır: "Həmin vaxt idi ki, Əbülfət xan gəlib, Tuğ kəndinin iki ağaclığında Qızılqışlaq mənzilinə varid olmuşdu. Yanında külli və çox olan cəmiyyət və qoşun ki, o vaxtda məcmu, Qapan və Bərgüşad və Dizaq mahallarının kəndlərinin əhli və Dizaq-Cavanşir və Hacılı xalqı və hətta Cəbrayıllı bəyləri və əhliləri tamam ehtiyat və xofdan ki, məbada Əbülfət xan çapıb və qarət edə məcmusu onun yanında idilər". (Bax: Qarabağnamələr. 2-ci kitab. Gös. əsər. səh. 164.). Ibrahimxəlil xanın oğulları Məhəmmədhəsən ağa və Mehdiqulu ağanın başçılığı ilə Qarabağ qoşunları Əbülfət xanın üzərinə hücuma keçirlər. Xanın yan-yörəsinə yığılan qarabağlılar dağılırlar. Mir Mehdi Xəzani yazır: "Pəs Əbülfət xanın qoşunu şikəst tapıb, yerbəyer yüklərini töküb, qaçmağa başladılar. Bir tərəf dəxi öz yanlarında olan Cəbrayıllı və Hacılı və Cavanşir xalqı həm dönüklük edib, ümdə şikəstliyi onlar saldılar. (Bax: Qarabağnamələr. 2-ci kitab. Gös. əsər. səh. 165). Əbülfət xan Məhəmmədhəsən ağanı əsir almaq üçün Tuğ kəndinə yürüş edir. Kəşfiyyatı bilgi gətirmişdi ki, Məhəmmədhəsən ağa az bir qoşunla Tuğda təkdir. Qəfil hücum olsa yardımına qardaşları yetməyəcəklər. Qış günü, duman-çənlə bir təhər Tuğa yetişən Əbülfət xan aldandığını duyur. Mehdiqulu ağa və Xanlar ağa böyük qoşunla səngər tutub onu gözləyirdi. Cəbrayıllı eli Məhəmmədhəsən ağanın yanında qərar tutmuşdu. Qayıtmağı qüruruna sığışdırmayan Əbülfət xan savaş əmrini verir. Elə birinci döyüşdə yenilir. Ikinci həmlədə xeyli adam itirir. Qacar ordusunun adlı-sanlı başbuğları əsir düşür. Beş min qoşundan qalan beş yüz nəfərlə Arazı adlayıb Qaradağa çəkilir. Məhəmmədhəsən ağa vəfat edəndən sonra elin idarəsi böyük oğluna, Cəfərqulu xana keçdi. Cəfərqulu xan öncə eli müdara etmədi. Narazılıq yarandı. Elin böyük oymaqlarından birinin başçısı Hacı Ağası bəy ona qarşı çıxdı. Qasım bəy Zakir sonralar yazırdı:

Bivəhyi-əmin yaxşı deyib Hacı Ağası, Türfə bu ki, nadan nə bilir sirri-xudanı.

Elin ağsaqqalırı yığışıb Cəfərqulu xanla Hacı Ağası bəyin arasını düzəltdilər. Cəfərqulu xanın könlündən Qarabağın hakimliyi keçirdi. Yaxşı bilirdi ki, Cəbrayıllı elinə arxalanmadan bir iş görə bilməz. 1808-ci ildə Qafqaza qraf I. V. Qudoviçi vali təyin etdilər. Cəfərqulu ağa Tiflisə gəldi. Vəliəhdlik hüququnun bərpa olunmasını istədi. Ona babasının, çarın fərmanlarını göstərdilər. Mülkiyyət hüququnu tələb edəndə xana yazdılar ki, Cəfərqulu ağanın mal-mülk istəyi təmin olunsun. Mehdiqulu xan qrafa bilgi verdi ki, Cəfərqulu ağa məhdudiyyətsiz amirlik iddiasındadır. Qraf I. V. Qudoviç "bir kilimə doqquz dərviş yerləşər, doqquz iqlimə iki padşah yerləşməz" timsalı ilə Cəfərqulu ağanı danlayıb Qarabağa yola saldı. Cəfərqulu ağa ilə Mehdiqulu xanın incikliyi Abbas mirzəyə çatanda məktub yazıb ağanı və onun dayağı olan Cəbrayıllı elini Irana dəvət etdi. Rzaqulu xan Hidayət "Rövzətül-səfa"da bu barədə yazır: "Gizli qalmasın ki, Şahzadə Naibüssəltənə Həsən və Hüseyn bulağı üstündə dayanarkən təsadüfən baş vermiş hadisələrdən biri Qarabağın xoşbəxt şəhidi mərhum Ibrahimxəlil xanın oğlu Əbülfət xan tərəfindən elatın köçürülməsi üstündə Rusiya ilə Qarabağ arasında baş verən müharibə idi. Hadisənin icmalı budur ki, Qarabağ elatını köçürmək üçün getmiş Ətaulla xan Şahsevən elat hərəkət etdikdən sonra Əbülfət xanla onları gətirirdilər. Cəbrayıllı tayfasından birisini gizli yanlarına çağırdılar, çətin keçilən Qapan mahalına çatdılar. Gündüz saat ikidən gün batana kimi şiddətli döyüşlər getdi, tüfəngçilərin barıt-qırması qurtardı və onlar məğlub oldular. Elə ki, Naibüssəltənə Nəvvab bundan xəbər tutdu, Ismayıl xan və Həsən xan Sərdarı oraya göndərib özü də Qəfandan Aslandüz yolu ilə aslanları yandıran şir kimi yola düşdü. Bu dəhşətli xəbər rus generalının ürəyini sıxdı və kiçik bir dəstəni Pənahabad qalasına göndərib özü isə Gəncəyə tərəf yollandı." Abbas mirzənin yazdığı məktub rusların əlinə düşdü. Podpolkovnik Jenkoviç Cəfərqulu ağanın və Cəbrayıllı elinin minbaşısının, yüzbaşılarının tutuqlanmasına buyuruq verdi. 1811-ci ildə Cəfərqulu ağa tutuldu. Yaxınlarından minbaşı Lütfəli ağa Fuğani ağa oğlu Cəbrayıllını və başqalarını da ona qoşdular. Abbas mirzənin məktubunu göstərdilər. Bir də ki, Böyükəli bəy Cəbrayıllının kim olduğunu soruşdular. Cəfərqulu ağa Cəbrayıllı elindən olan nökər və rəiyyətləri arasında belə bir adamın olmamasını bildirdi. Yalnız rəiyyətləri içində Bəyalı adında kasıb bir kişinin olduğunu aydınlaşdırdı. Ondan əl çəkmədilər. Cəfərqulu ağa Tiflisə yola salındı. Əl-qolu çataqlananda yalvar-yaxar etdi ki, məni qolubağlı rəiyyətlərimin içərisindən aparmayın. Hara istəsəniz getməyə hazıram. Zamin kimi ev adamlarımı verirəm. Cəfərqulu ağanın yalvarışlarına fikir verməyib, qollarını çatdılar. Dəstə Tərtər çayına çatanda ağa xəncərinin alt bıçağı ilə əllərini çözdü. Sonra atın cilovunu kəsdi. Arxasında əyləşən əskəri yerə atıb, atı sürüb, aradan çıxdı. Markiz Pauluççinin Bakıya gələcəyini öyrənib, atının başını Şirvana çevirdi. Şirvan hakimi Mustafa xan Xançobanlı Cəfərqulu ağanı sınırlarından buraxmadı. Elə bu zaman Abbas mirzənin məktubu yetişdi. Iran şahının vəliəhdi yazmışdı ki, mən sənin xilasın üçün qışın oğlan çağında Irandan bir ağır qoşun gətirmişəm. Sən də yenidən kafirlərə pənahlanmaq istəyirsən. Əlacı kəsilən Cəfərqulu ağa atını Irana dəhmərlədi… Cəfərqulu ağa 1812-ci ildə Irana keçmişdi. Onun Irana keçdiyini eşidən Qarabağ elləri hərəkətə gəldilər. Arazdan Goran çayınadək Qarabağ torpağı boş qaldı. Abbas mirzə Cəfərqulu ağaya xan ünvanı verib Qaradağa hakim təyin etdi. Ətrafında olan Qarabağ ellərinə, cəbrayıllılara Qaradağda yeyimlik yurd verdi… Cəfərqulu xan 1815-ci ildə Qarabağa qayıtdı. Cəbrayıllı eli də xanla bərabər yurdlarına qayıdıb yerləşdilər.


Tarix: 21.01.2015 / 18:32 Müəllif: Feriska Baxılıb: 171 Bölmə: Ellər
loading...