Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bıçaqçı eli

Tarixi
Azərbaycanımızın bağrından qopmuş və hal-hazırda İran adlanan ölkənin Kirman əyalətində yaşayan Oğuz boylarımızdan biri də Bıçaqçı elidir. Adın anlamını həm “bıçaq hazırlayanlar”, “bıçaq düzəldənlər”, həm də “bıçaq gəzdirənlər” mənasında “qəzəbli”, “qızğın” kimi izah edirlər, bu sonuncu daha ağlabatan sayılır.

Bıçaqçı elinin kökləri ilə bağlı çox-çox az məlumat var. Orta əsr səyyahı İbn Battuta (1304−1377) Anadoluda Sivas dolaylarında Əhməd Bıçaqçı adında bir əsilzadədən xəbər verir. Bundan başqa Bıçaqçı elinin içində Ərəşli/Ərəşlü tirəsinin olması Bıçaqçı boyunun bir zamanlar Avşarlarla bağlılığını göstərir, çünki, bilindiyi kimi Ərəşlilər tarixən Avşarlara aid bir tirə olmuşdur.

Bıçaqçı eli Birinci Dünya Savaşı dönəmində İranda Britaniyaya qarşı üsyanda, xüsusən “Sircan epizodu” olaraq bilinən olaylarda fəal iştirak edib adını duyurmuşdur. 1916-cı ilin avqust-oktyabr aylarında baş verən bu olaylar zamanı Bıçaqçı elinin hakimi Hüseyin xan Sircan ərazisində Britaniya dustaqlığındakı Alman və Avstriya hərbi əsirlərini xilas etmiş və azad etdiyi hərbi əsirlərin də bir qisminin qatılması ilə Sircanın mərkəzi Səidabadı bir sürəliyinə ələ keçirə bilmişdir. Hüseyin xanın atası İsfəndiyar xan da qaçaq təbiətli qoçaq bir igid olmuş və bundan dolayı ingilislər ona hətta “İranın Robin Qudu” demişlər.

Bıçaqçı eli köçəri həyatı sürməkdədir. Bıçaqçıların yaylaqları Balvard və Çahargünbəd ərazilərində, qışlaqları isə Səidabadın güney-batısındakı Eyn-əl-Baqarda yerləşir. 1930-cü ilə aid bilgilərə görə Bıçaqçı elinin tirələrinin adları və ailə sayı belə olmuşdur: Qara Səidli (50 ailə), Kersli/Kirsli (30 ailə), Savar Səidli (15 ailə), Anqalu/Anqalı (70 ailə), Abbaslı (22 ailə), Halvai (25 ailə), Ərəşli (100 ailə), Usturi (40 ailə), Nuki Rizvani (90 ailə), Sircan-i Köhnə (50 ailə), Suktaçalı (30 ailə), Çahargünbədi (120 ailə), və Rayini (80 ailə). Adlar İran qaynaqlarından götürüldüyünə görə dəqiqləşdirməyə ehtiyac var.

Bıçaqçı eli öz xalçaları ilə ünlüdür. 1963-cü ilin bilgilərinə görə toplam sayları 500 ailə olmuşdur.


Tarix: 21.01.2015 / 18:30 Müəllif: Feriska Baxılıb: 88 Bölmə: Ellər
loading...