Qafillər içrə gəlib keçdin, əlvida Ramazan,
Acımış ruhumuza eylədin qida Ramazan!
Yadlaşan dünyada qardaşlığı əta elədin,
Səni bəxş eylədi insanlığa ancaq belə din,
Bu din İslam, Ramazan, sən bizə rəhmət ələdin!
Qapına kim ki, gəlir xeyrini daim dilədin,
Sən kimi xeyri bilməyən düşər cüda Ramazan!
Qafillər içrə gəlib keçdin, əlvida Ramazan,
Acımış ruhumuza eylədin qida Ramazan!
Günahkar üzlə oruc müddəti olduqca tamam,
Kobud əxlaqını tərk etməyən vermirsə aram,
Nə bilir etməyəcəkdir bu gedişlərlə haram?
Gözəl əxlaqa fəqət, sən kimi heyran olaram,
O ki, qurana bağlı çox verir səda, Ramazan!
Qafillər içrə gəlib keçdin, əlvida ramazan,
Acımış ruhumuza eylədin qida ramazan!
Ürəyin kirləri ilə səni biz qarşıladıq,
Rəhmətin sirləri ilə səni biz qarşıladıq,
Vay o gündən ki, orucdan nə isə anlamadıq,
Gecələr ağlamadıq, nəfsimizi danlamadıq.
Tövbəsiz neyləyirik eyləsək əda Ramazan?!
Qafillər içrə gəlib keçdin, əlvida Ramazan,
Acımış ruhumuza eylədin qida Ramazan!
İldə bir kərrə dirildi bu ölən qəlbi həyat,
Onu da yatmaq ilə keçirmisənsə, hələ yat!
İli-ildən qiyamətin küləyi əsir rahat,
Daha gəl əyriliyi at yana, irfanına çat,
Əyriliklər düzəldir, istəsən hüda Ramazan!
Qafillər içrə gəlib keçdin, əlvida Ramazan,
Acımış ruhumuza eylədin qida Ramazan!
Aclıqdan ibarətsə oruc sənin vay halına,
Niyyətindən çatacaq hər əməlin misqalına,
Bu ayda xilas olmayan düşüb nəyin dalına?
Günahlar içrə üzən nə istəyir ki, alına!
Ona fürsət əta eləyərkən xuda Ramazan!
Qafillər içrə gəlib keçdin, əlvida Ramazan,
Acımış ruhumuza eylədin qida Ramazan!
Alçaq işlərlə başlayıb bu cürə vermə xitam,
Səbəb eylə onu qəlbində gözəlliklərə tam,
O kobud qəlbini incəltdi bu ay, oldun adam,
Gözəl əxlaqa, bu həsrətlərə bəxş etdi ənam,
Nəfsi ram eyləməyən, eyləməz fəda Ramazan!
Qafillər içrə gəlib keçdin, əlvida ramazan,
Acımış ruhumuza eylədin qida ramazan!
Batilin nuru yox deyə, heç zaman saçmır işıq,
Fəqət, İslamın özü fitrəti eyləyir ayıq,
Ramazan gəldi, bitməsiylə qarşı-qarşıyayıq,
Bu günahlarda davam eyləyiriksə, bəlayıq,
Qorxuram gələn il görməm əbəda Ramazan!
Qafillər içrə gəlib keçdin, əlvida Ramazan,
Acımış ruhumuza eylədin qida Ramazan!
On bir ay nuşi-can ilə yedik, ifraz elədik,
Bir ay da nəfsə nəsihətlər ilə vaz elədik,
Təzə paltar kimi imanımızı tazələdik,
Fəqət ki, ibadəti biz deyəsən az elədik,
Ömrümün qonağı gəlmiş idi, o da Ramazan!
Qafillər içrə gəlib keçdin, əlvida Ramazan,
Acımış ruhumuza eylədin qida Ramazan!
------------
SAHİB ƏBDÜSSƏLAM
Tarix: 09.05.2013 / 13:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 314 Bölmə: Dini Şe`rlər