Subay oğlanla boşanmış qadının evlənməsinə cəmiyyətdə münasibət necədir?
Asifin 28 yaşı var. 2 il əvvəl ailəsi onu evləndirmək istəyib. Ancaq anasını dili ilə desək, oğlu bir “axmağa ilişmişdi” və evlənmək istəmirdi. Daha doğrusu, ailəsinin seçim etdiyi qızla evlənmək istəmirdi. Anasının “axmaq” dediyi qadın isə əslində ərindən boşanmış biri olduğundan onun oğluna layiq hesab olunmurdu. Nəyə görə onun oğlu subay, bakirə qız almamalıydı? Asif isə deyir ki, ailəsi və cəmiyyət tərəfindən qəbul olunmasa da, o, qadını çox sevirdi və ondan utanacaq bir cəhəti də yox idi. Sadəcə taleyi belə olub və bunda heç də o, günahkar deyildi. Dediyinə görə, ailəsinin seçdiyi qızla evlənsəydi, nə özünü, nə də o qızı xoşbəxt edə bilməyəcəkdi. Heç sevdiyi qadından ayrılmazdı da. Onunla ailə qurub xoşbəxt yaşayacağına inanırdı və inandığını elədi də. Hər nə qədər qınaqlara tuş gəlsə də…
Bakirə, yoxsa başqasının "artığı"?
Qeyd edək ki, cəmiyyətimizdə Asif kimi düşünən oğlanlar və onun anası kimi düşünən analar heç də az deyil. Yaxud da Asifdən fərqli olaraq, bu halı özünə sığışdırmayan kişilər də var. Bu təbəqəyə aid olanların fikrinə görə, məhz o qadının həyatında birinci kişi olmalıdır və bu, onun tam kişilik haqqıdır. Ümumilikdə, Azərbaycan cəmiyyətində isə məsələyə yanaşma birmənalı deyil. Belə ki, vətəndaşlar arasında bununla bağlı sorğu aparılıb. Nəticə isə maraqlıdır. Çünki subay oğlanla boşanmış qadının evliliyi qəbul edilməsə də, sorğuda ilk yeri 50.15 faizlə bu cavab tutub: “Fərq etməz, əsas sevgi və xoşbəxtlikdir”. Hesab edirik ki, bu cavab sadəcə insanların ürəyindən keçən bir arzudur, reallaşması isə əksəriyyət hallarda mümkün olmur.
2-ci yerdə isə 17.03 faizlə cavab verməyə çətinlik çəkənlər qərarlaşıblar. Onların fikrincə, belə çətin hal qarşısında insan özü də nə edəcəyini bilmir. 3-cü sırada isə, 10.37 faizlə “Mütləq bakirə olmalıdır” qənaətində olanlar durur. Bu fikirdə olanlar isə əsasən kişilərdir. 4-cü yeri tutanlar isə düşünür ki, əslində ola bilər, ancaq cəmiyyətin qınağı imkan vermir. 5-ci yerdə qərarlaşanların sözlərinə görə, başqasının “artığını” qəbul etmək olmaz. Nəhayət, 6-cı sıradakıların fikrincə, bunun baş tutması valideynlərin narazılığı ucbatından mümkün olmur.
Bəs nə üçün ilk ailə həyatı uğursuz olan qadınlar “boşanmış qadın” damğası altında yeni bir ailə qurmaq şansından məhrum edilirlər? Niyə insanlara onların başqasının “artığı” olması fikri təlqin edilir və yeni bir həyat qurmağa haqları olmur?
"İnsana ağlına görə yox, bir "pərdə"sinə görə qiymət verən cəmiyyət…"
Psixiatr Elmir Əkbərin sözlərinə görə, ümumiyyətlə, Azərbaycanda mentalitetdə və digər davranış qaydalarında insanlar insan sayılmır.
Hərəsi bir statusla yaşayır: “Məsələn, kişilər “subay oğlan”, “qardaş”, “ər”, “yaxşı oğlan”, “kürəkən”, “yeyib-içən oğlan” və s., qadınlar “gəlin”, “ana”, “bacı”, “qayınana”, “gəzən”, “açıq-saçıq”, o cümlədən, “boşanmış” olurlar. Yəni kimsə qadına qadın kimi, kişiyə kişi kimi baxmır, bu statusların daşıyıcısı kimi baxır. Sadaladıqlarımdan da görünür ki, qohumluqlar çıxılsa, kişilər daha çox müsbət, qadınlar isə mənfi sayılan statuslarla xatırlanırlar. Bu statusların hər birinin davranış qaydası müəyyən olunur və buna uyğun olaraq da insanlar status daşıyıcılarına münasibət göstərirlər. O bildirir ki, boşanmış qadının cəmiyyət tərəfindən qəbul olunması qaydası isə daha dəhşətlidir: “Belə qadında davranış müəyyən olunmur, çünki ondan hər bir hərəkət gözləyirlər. Qısacası, etiraf edək ki, onlara cəmiyyətdə “potensial fahişə” kimi baxırlar. Ona görə də, onların necə davranmasından asılı olmayaraq, onlarla həmişə eyni cür davranırlar – işə düzəlmək üçün müraciət edəndə kişi müdirin gözündə çarpayı formasında qığılcım parlayır. Oxuyursansa, tələbə yoldaşlarının “padxod”u artır və xeyli cəsarətlənirlər, sanki belə də olmalıymış (bunu öz boşanmış potok yoldaşımın timsalında görmüşəm). Artıq işləyirənsə, kişi kolleqalar stoluna daha çox yanaşırlar, başqalarından yox, məhz səndən qələm, vərəq kimi mənasız “ehtiyac”larını istəyirlər və bunları digər ehtiyacın müjdəçisi sayırlar. Bakirəliyi alınmaz qala, təkcə insanın özünün yox, onun bütün kişi qohumlarının, nəslinin, soyadının, ölkəsinin, Qafqazın, getdiyi avtobusun sərnişinlərinin şərəfi, namusu, qeyrəti, qadının, onun qardaşlarının, atasının, anasının yaşaması üçün ürəkdən də vacib orqan hesab edən; insana ağlına görə yox, bir “pərdə”sinə görə qiymət verən; evlənmək üçün qadın seçərkən alnının ortasına (qaşının alınmasına) baxmaqla ayaqlarının arasındakı vəziyyəti təyin edən mentalitetdən elə bu gözlənilməlidir”.
Boşanan qadın əxlaqsızdırmı?
Müsahibimiz qeyd edir ki, həyatda heç kim deyə bilməz ki, sabahımı bilirəm: “Demək istəyirəm ki, boşanan xanımlarla evlənən subay gənclər hər zaman qınaq obyekti olurlar. Cəmiyyət bunu qəbul etmir. Mentalitet sözünün mənasını bilməyənlər mentalitetdən danışırlar. Axı boşanan xanım əxlaqsızdır? Yox. Onun hansı səbəbdən boşandığını biz bilə bilmərik. Boşanan kimi birmənalı şəkildə xanımları günahlandırırlar. Bu, çox yanlışdır”.
Sevdiyi qadın, yoxsa “kişilik”?
Onu da qeyd edək ki, nəinki subay oğlanın boşanmış qadınla evlənməsinə narazılıq olur, həmçinin, artıq o qadına baxış da dəyişir. Yaşadığın yerdən keçəndə söhbətlər kəsilir, əvvəllər səni məhəllənin namusu hesab edənlər indi geyiminin nə qədər qapalı olmasından asılı olmayaraq, başqa gözlə baxmağa başlayırlar. Elə qadınlar da baxışları ilə onu aşağılayıb, öz ərli vəziyyətləri ilə qürur duyurlar. Boşananda eyni yaşda olan qızlarla eyni cür geyinə bilməzsən, mümkün qədər qapalı geyinməlisən, çünki eyni paltarın içindəki insanın artıq “boşanmış” damğası var. Və bu damğayla da onu heç kim nə oğluyla, nə də qohumuyla evləndirmək istəməz. Cəmiyyətin fikrini nəzərə alanda isə, görürük ki, elə qadınla evlənən kişi də artıq “kişilər” sırasından çıxmış olur.
Belə qınağa rast gələnlərdən biri də Nuranədir. Onun ailəsi dağıldıqdan sonra çox narahatlıqlar yaranıb.
Buna baxmayaraq, əvvəldən tanıdığı bir oğlan onunla münasibətə başlayıb. Ancaq Nuranə ətrafdakı söz-söhbətlərə görə, oğlanın onunla evlənə biləcəyinə, ona sahib çıxacağına inanmayıb. Elə də olub. Kişiliyinin dillərə düşməməsini sevdiyi qadından üstün bilib. Ancaq Nuranə deyir ki, bu cür mənfi münasibət onu çox da narahat etmir. Çünki boşanmaqla doğru qərar verdiyinə əmindir və o cür qınaqlara da layiq olmadığını düşünür. Ona görə, əsas olan da budur: “Mənim haqqımda pis düşünən onsuz da pis düşünəcək, mən nə etsəm də. Çox haqsız münasibətlərlərlə qarşılaşıram, iyrənc münasibətlərini də bilirəm. Ancaq mən bu boş və mənasız mühakimələrə görə həyatımı məhv etmək istəmirəm. Məncə, ən əxlaqsız insan elə başqalarını yersiz mühakimə edəndir. Bizim cəmiyyət büdrəyən, lakin ayağa qalxıb yerimək istəyən insanlara şans vermir. Elə insanlara gülüb qınamaqla öz eqolarını qidalandırmağa çalışırlar. Ancaq mənim namusum da, qeyrətim də həmişə necə var, elədi. Boşanmaqla heç nə dəyişməyib. Hələ bir çox kişilərə qeyrət dərsi də keçərəm.”
Oğlanı sevən qızdırsa görüşür, boşanmış qadındırsa “gəzir”.
Maraqlıdır ki, menatalitetin boşanmış qadınlar üçün yenidən tanışlıq variantı yoxdur, sanki adət-ənənə onları cəmiyyətdən atılmış, toxunulmaz hesab edir. Mentalitet boşanmış qadın üçün yeni terminologiya da formalaşdırıb. Bir oğlan dostun varsa, qızlar üçün “görüşür”, boşanmışlar üçün “gəzir” ifadəsi işlədilir. Əgər bu oğlan subaydırsa, qınaqlar daha da artır və “Sənin “camaatın arvadı” ilə nə işin var?” deyə oğlana irad tutulur. Qız sevgilisindən ayrılsa, qismətin üstünə atılır, boşanmış qadın sevgilisindən ayrılsa, “potensial fahişə” avtomatik olaraq “fahişə”yə çevrilir. Adətən qızdan ayrılan oğlan qınaq obyekti olursa, ayrılıq yaşayan boşanmış qadındırsa, burda mütləq qınanan, hətta söyülən də qadın olur.
Məsuliyyət də, cəza da, təklik də ona aiddir, çünki “damğası” var…
Beləliklə, təəssüflər olsun ki, qadının namusu, əxlaqı, ağlı və digər keyfiyyətləri əksər vaxtlarda yalnız “boşanmış” statusu ilə itirilir. Ona görə də, o, hər ailəyə gəlin, hər oğlana həyat yoldaşı ola bilməz. Burda əsas amillər qayınananın qohum-qonşu içində üzüağlığı, nəslin kişilərinin qeyrət anlayışlarıdır. Evlənəcək kişinin isə “papağıdır”. Artıq sevgi, ailənin qurulması üçün lazım olan və qadında görülən üstün cəhətlərin heç bir anlamı qalmır. Əsas odur ki, o, bakirə deyil. Bu düşüncə o qadını nə dərəcədə bataqlığa sürükləsə belə, məsuliyyət də, cəza da ancaq və ancaq həmin qadına aid olur. Tək qalmağa məhkum olan da odur. Ancaq Mirzə Cəlil demişkən, “Bir qadın əxlaqsıza çevriləndə cəmiyyət daha bir ana itirmiş olur. Unutmayın ki, o qadın fahişə də olsa, nə də olsa, cəmiyyət üçün ana ola bilər. Ona görə, qadınlara diqqət və sayğı lazımdır”.
Tarix: 19.05.2013 / 15:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 877 Bölmə: Cinsi Münasibətlər