Azərbaycan Cümhuriyyətinin ilk illərində dövlətin maliyyə vəziyyəti çox ağır idi. Siyasi sabitsizliyin, işsizliyin, manatın alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə əlaqədar olaraq dövlət vergi siyasətinin formalaşmasına yardım edən qanunlar paketi hazırladı. İlk vaxtlar bu sahədə iş keçmiş Rusiya imperiyasının müvafiq qanunlarına düzəlişlər və əlavələr edilməklə məhdudlaşdırıldı, sonralar isə müxtəlif vergilər haqqında ayrı-ayrı qanunlar qəbul edildi. Bu zaman parlament başlıca olaraq ənənəvi vergi sistemindən istifadə edirdi və xəzinənin ehtiyaclarının ödənilməsində dolayı vergilər – inhisar yığımları, gömrük vergiləri və aksizlər mühüm rol oynayırdılar. Vergilər ağır olduğunda siyasi partiyalar (Müsavat partiyası başda olmaqla) dolayı vergilərin ləğv edilməsini və mütərəqqi gəlir vergisinin tətbiq edilməsini istəyirdilər. Lakin dövlət büdcəyə əlavə vəsait cəlb etmək məqsədilə dolayı vergiləri saxladı.1919-cu ilin əvvəllərində dövlət gəliri 600 milyon manat idi ki, bunun da 400 milyon manatı dolayı vergilərin, xüsusilə də neft məhsullarının payına düşürdü. 1919-cu ilin aprelində sonralar dövlət vergi siyasətinin formalaşmasında əsas rol oynamış ən mühüm qanun da Maliyyə Nazirliyindən daxil olmuşdur. Qanun cəmi 2 bənddən ibarət olsa da onun böyük əhəmiyyəti var idi, çünki ilk dəfə olaraq bu qanunla kapital vergisinin müstəqil vergilərdən qəti təyin olunmuş vaxt və tarif dərəcəsi müəyyən edilirdi. Kapital vergisi hər 100 manat 30 manat olmaqla ilin başlanğıcında ancaq fevralın 1-dən gec olmayaraq ödənilirdi, gəlir vergisi isə ilin sonunda, gəlirin həcmi aydınlaşdıqdan sonra ödənilirdi. Qanun martın 15-də qəbul olundu, iyulun 23-də isə parlament öz qanunu ilə gəlirin yaşayış minimumunun dövlət vergisinə cəlb olunmayan hissəsini 1000 rubldan 5000 rubladək artırdı. Bu qanunlarla yanaşı, hökumətin tələbi ilə parlament dəfələrlə torpaq vergisinin, spirtli içkilərə, kənd təsərrüfatı məhsullarına, neft məhsullarına qoyulan aksizlərin, tərpənməz əmlak vergisinin və digər tariflərin artırılmasına əl atırdı. Lakin bu dolayı vergi tariflərinin qəbul edilməsi əks nəticəyə gətirib çıxardı. Daxili bazarda qiymətlər qalxdı, inflyasiya artdı və son nəticədə əhalinin həyat səviyyəsinə təsir etdi. Müasir formada mövcud olan gəlir vergisi 1805-ci ildən etibarən İngiltərədə, Fransada, Almaniyada, sonralar Rusiyada və Azərbaycanda tətbiq edilmişdir. O zaman bu vergi məcmu illik gəlirdən hesablanırdı və hər bir ölkənin spesifik xüsusiyyətləri nəzərə alınırdı. Verginin bu növündən alınan yüksək gəlirlər XX əsrin əvvəllərində iqtisadi artım ilə müşaiyət olunurdu. İllər keçdikcə bu vergi proqressiv xarakter daşıyırdı. Əvvəllər ümumi gəlirin 5-10 %-ni, sonralar isə artaraq 15-50%-ni təşkil etmişdir. Gəlir vergisinin artması birbaşa vergiləri ön plana çəkdi. Yeni iqtisadi siyasət dövründə mülkiyyət formasının müxtəlif növləri və bir sıra iqtisadi qanunlar fəaliyyət göstərirdi ki, bu da vergi sisteminin mövcudluğu üçün ilkin şərtləri yaradırdı. 1920-ci illərin təcrübəsi göstərirdi ki, normal vergiqoyma mülkiyyət formaları arasında münasibətlərdən asılıdır. Vergiqoymanın düzgün təşkili sahələr və müəssisələr arasında kapital axınını tənzimləməli, kapital bazarını formalaşdırmalı idi. O dövrdə aşağıdakı vergi növləri mövcud idi: kənd təsərrüfatı vergisi, mədən vergisi, gəlir vergisi, təsərrüfat dövriyyəsindən alınan torpaq rentası, varislik rüsumu, aksizlər, gömrük rüsumları və b.
Tarix: 07.01.2015 / 17:51 Müəllif: Feriska Baxılıb: 57 Bölmə: Azərbaycanda vergi və mükəlləfiyyət sistemi