Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səfəvilər dövrü - vergi

XVI-XVII əsrlərdə Azərbaycan kəndlisi aşağıdakı vergiləri və mükəlləfiyyətləri ödəyirdi: torpaq və gəlir vergisini – malcəhət, bəhrə, xərac – natura ilə ümumi məhsulun 1/5, 1/3 hissəsini təşkil edirdi. Bu vergi sahibkar ilə dövlət arasında bölünürdü. Birinciyə 1/10, ikinciyə 2/10 hissə çatırdı. Bağbaşı – məhsulun 1/10-nə bərabər idi. Çobanbəyi, çöl pulu – örüşdə heyvanları otarmaq üçün alınırdı. Dəh-yek (onda bir) – iri feodal torpaqlarından götürülən gəlirlərin 10 faizi alınırdı. Cüftbaşı – torpağı əkib-becərmək üçün bir cüt qoşqu vasitəsi olanlardan alınırdı. Dəzgahbaşı – hər bir toxucu dəzgahından istehsal edilən məhsuldan alınan vergi idi. İxracat – XVI əsrdə ümumi və müxtəlif vergilərin məcmusu mənasında işlənirdi: dövlət canişinləri, hərbi xidmətdə olanların və əyanların tələbatını ödəmək üçün alınırdı. Ot-alafa – yük heyvanları, atlar üçün alınırdı. Ulafa (ərzaq) – bir nəfərin (hərbçi, canişin və s.) yaşaması üçün alınan vergi idi. Bu iki vergi bəzən pulla da alınırdı. Qonalqa – əyanların kəndlinin evində düşərgə salmaq hüququ idi. Kəndli əyanı, onu müşayiət edənləri yataqla təmin etməli, yedirtməli, atlarını yemləməli idi. Təyin isə şəhər və kəndlərdə xarici dövlətlərin səfirlərinə və onları müşayiət edənlərə qulluq etmək üçün əhalidən alınan məbləğ idi. Ulaq və ulam – kəndli şah çaparlarının ixtiyarına minik, yük, qoşqu atları verməli idi. I Şah Abbasın əmri ilə alafa, ulafa, biyar, ulaq, peşkəş, salami, şiltaqat kimi əvvəlcədən nəzərdə tutulmamış, təsadüfi səciyyə daşıyan bütün töycü növləri "ixracat" və "əvazirat"a daxil edilmişdi. Rüsum – dövlət canişinləri və ruhanilər üçün natura ilə alınan vergi idi. Səvari – əhalinin hakim sülalənin üzvlərinə – sərkərdələrə, yeni fəth edilmiş yerlərə gələn tanınmış adamlara (Novruz bayramı münasibətilə) verdiyi hədiyyə idi. O, bəzən novruzi adlanırdı. Tərh – dövlətə və feodala məxsus olan malın bazar qiymətindən yuxarı zorla kəndliyə satılması və yaxud, dövlətə və feodala lazımi olan malın bazar qiymətindən aşağı qiymətə alınması idi. Dəstəndaz – aşağı səviyyəli dövlət icraedici şəxslərin xidmətinə görə verilən vergi idi. Başpulu – yetkin kişi cinsinə mənsub şəxslərdən alınırdı. Otaqxərci (həmçinin yurtanə) – hər evdən, hər ailədən alınan vergi idi. Cizyə – xristianlardan alınırdı. Biyar – kəndlinin feodal və ya dövlət üçün zorla, pulsuz işləməsi idi. Bütün ailə üzvləri növbə ilə 2 gündən 6 günə qədər biyara getməli idi. Çərik – döyüşən orduya kənar vilayətlərdən göndərilənlərdən alınırdı. Bunlardan başqa tüstü pulu, alaçıq pulu və s. alınırdı. XVII əsrdə vergi və mükəlləfiyyətlərin sayı 35-ə çatmışdı. Onların arasında natural səciyyə daşıyanlar üstünlük təşkil edirdi. Ölkədə əmtəə-pul münasibətləri inkişaf edirdi. Dövlət xəzinəsinin müflisləşməsi ilə əlaqədar olaraq vergilərin məbləği kəskin surətdə artırıldı. 1699-1702-ci illərdə əhalinin yeni siyahıyaalınması keçirildi. Bu siyahıyaalınma zamanı vergilər 3 dəfə artırıldı.

XVIII əsrin I yarısında vergi və mükəlləfiyyətlərin ağırlığı rəiyyət və elatların boynuna düşürdü. İranda mövcud olan vergilər Azərbaycanda da tətbiq olunurdu: torpaq vergiləri (malcəhət, uşr, çobanbəyi), adambaşına alının vergi (sərşomari, cizyə), qoşunları saxlamaq üçün (ulufa, sursat, əsb-e çapar), hərbi qulluq mükəlləfiyyəti (çərik), şah və dövlət məmurlarının xeyrinə toplanan vergi (ruşmat, təhzilat, peşkəş, xərc-e tə’yin mütərəddin), dövlət və feodallar üçün görüləcək işlər (bikar və əvazir), torpaqbasdı vergisi (rahdari) və s. Vergilər dövlət xəzinəsini dolduran yeganə mənbə idi. Vergi verməkdən boyun qaçırmasınlar deyə, şah hökuməti 15 yaşına çatmış bütün kişi cinsindən olanları siyahıya alırdı.


Tarix: 07.01.2015 / 17:48 Müəllif: Feriska Baxılıb: 61 Bölmə: Azərbaycanda vergi və mükəlləfiyyət sistemi
loading...