Azərbaycan Respublikası Hərbi İdarəsinin 1919-cu il sentyabr ayının 21-də verdiyi digər bir əmrdə isə deyilirdi: “Azərbaycan hökumətinin 1918-ci il iyunun 27-də Dövlət dili haqqında qəbul etdiyi qərara əsasən ölkə ərazisində, o cümlədən hərbi hissələrdə yazışmalarda türk dilindən istifadə edilsin. Bu məqsədlə mərkəzi Bakı şəhərində yerləşən Baş qərargahda zabitlərin türk dilini öyrənməsi məqsədilə iki mərhələli axşam kursları açılıb. Birinci mərhələ türk dilini tamamilə bilməyən hərbçilər üçün nəzərdə tutulub. İkinci mərhələdə isə türk dilini şifahi şəkildə bilənlər, ancaq onun yazılı qanun-qaydalarından, türk ədəbiyyatından və türk tarixindən xəbərdar olmayanlar savadlarını artırmalıdırlar... Hərbi nazir arzu edir ki, türk dilini bilməyən, ancaq Azərbaycan ordusunda hərbi xidmət etmək arzusunda olan bütün hərbçilər türk dilini və qrammatikasını öyrənmək məqsədilə təşkil edilən kurslarda bu dili öyrənsinlər. Belə kurslar hərbi hissələrin yerləşdikləri bütün ərazilərdə, hərbi müəssisələrdə və qarnizonlarda təşkil edilməlidir.” Həmin dövrdə orduda nizam-intizamın təmini, ordunun döyüş qabiliyyətinin artırılması daim diqqət mərkəzində olduğu üçün bu məsələlərə dönə-dönə qayıdılırdı.
Azərbaycan ordusu
Azərbaycan ordusunun formalaşmasında və təşkilində, onun döyüş qabiliyyətinin artırılmasında qardaş Türkiyədən gələn zabitlər mühüm rol oynadılar. Onların çoxu Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçdilər. Yeni yaranan Azərbaycan ordusu Qarabağın dağlıq hissəsində erməni qiyamının yatırılmasında tarixi bir vəzifəni həyata keçirdi. Bolşevik Rusiyasının əli ilə milli ordunun zabitlərinə divan tutuldu, 20 min nəfərdən yuxarı zabit və generallar məhkəməsiz güllələndi. Azərbaycan Respublikasının Sovet Sosialist Respublikası İttifaqı (SSRİ) tərkibində olduğu 1923-cü il yanvarın 1-dən sonrakı ilk 17 ildə (yəni Böyük Vətən müharibəsinin başlanmasına qədərki dövrdə) Respublika vətəndaşları Sovet Ordusu tərkibində ümumi əsgəri mükəlləfiyyətə cəlb edilməklə yanaşı,Azərbaycanda bir milli atıcı diviziya da var idi. Həmin dağ-atıcı diviziyası 1920-ci ilin 30 oktyabrında təşkil edilmişdi və 1938-ci ilə qədər mövcud olmuşdur. 1924-1930-cu illərdə diviziyanın komandiri Cəmşid Naxçıvanski (1895-1938) olmuşdur. Sovet Ordusunun təşkili ərazi sistemindən sırf kadr sisteminə keçirildikdə (1938) həmin diviziya 77-ci diviziya adı ilə Zaqafqaziya hərbi dairəsi (1935-ci ildə yaradılmışdır) ordusu tərkibinə daxil edilmişdi.
1991-ci ildə Azərbaycan yenidən müstəqilliyini əldə etdi. Azərbaycanın ikinci dəfə dövlət müstəqilliyinin bərpasından sonra, 1991-ci ilin sentyabrında Ali Sovetin qərarı ilə Müdafiə Nazirliyi (MN), oktyabrın 9-da isə Azərbaycan Silahlı Qüvvələrinin (ASQ) yaradılması barədə qərar qəbul edildi. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 sentyabr tarixli Fərmanı ilə oktyabrın 9-u Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edildi. Lakin 22 may 1998-ci il tarixli prezident fərmanı ilə həmin fərman qüvvədən düşürülərək 26 iyun tarixi “Silahlı Qüvvələr günü” elan edilmişdir. Hal-hazırda Azərbaycan Ordusu Azərbaycan dövlətçiliyini, ərazi bütövlüyünü qorumağa qadir olan və regionda ən böyük ordudur.
Tarix: 06.01.2015 / 17:56 Müəllif: Feriska Baxılıb: 78 Bölmə: Azərbaycan tarixi