Birinci Bakı hücumunun uğursuzluqla başa çatması nəticəsində Türk ordusu 5 avqustda geri çəkilmişdi. Bakını müdafiə edən birləşmiş qüvvələr 6 avqustda Türk ordusuna özünə gəlməyə imkan verməmək məqsədilə əks-hücuma keçmişdi. Türk ordusu bu hücumu dəf etmiş, üstəlik bir az da sursat ələ keçirmişdi. Birləşmiş qüvvələr o tarixdən etibarən kiçik çaplı çarpışmalara keçdilər. Ancaq yenə də əsasən müdafiədə qalmağa üstünlük verirdilər. İngilislərin də türklərə qarşı ediləcək hücumda uğur qazanmayacaqları aydın idi. Buna görə də Bakıda olan rus, erməni və ingilis birləşmiş orduları bütün qüvvələrini şəhərin müdafiəsinə yönəltmişdilər. Türklər ikinci bir həmlə edəcəkləri halda, bu həmlənin qarşısı alındıqdan sonra, əks-hücuma keçilməsi və türk qüvvələrinin bütün Azərbaycandan çıxarılması planlaşdırılmışdı.
Şərq Cəbhəsi Komandanlığı Abşeron yarımadasında yerləşən qəsəbə və kəndlərə bəzi komandirlər göndərərək, türklərdən milis birlikləri qurmağa başladı. Bəzi yaralıları da bu kəndlərə daşıyaraq müalicələrini təmin etdi. Binəqədi, Sabunçu və Balaxanı ətrafında yeni cəbhələr qurdu. Cəbhə xəttində olan tərəflər 25 avqust 1918-ci il tarixinə qədər heç bir ciddi hərəkət etmədilər, əhəmiyyətli bir döyüşə girmədilər. Birləşmiş düşmən qüvvələri şəhərin müdafiəsi üçün mövqelərini möhkəmləndirirdi. Türklərin Bakıya ən yaxın mövqe hesab etdikləri Biləcəridən hücuma keçə biləcəklərini güman edən düşmən qüvvələri bu bölgədəki Yanardağ və Binəqədi yüksəkliklərini də tutmağa başladı. Qafqaz İslam Ordusu Komandanlığı 22 iyul 1918-ci il günü Bakıya planlaşdırılan hücumda sol cinah birliklərinin yolu üzərində olan bu bölgənin tutulmasına mane olmağı qərara aldı. Bakının şimalında olan 364 m yüksəklikli Yanardağ ilə 311 m yüksəklikli Binəqədi təpələri və Digah kəndinin ələ keçirilməsinə ehtiyac duyulurdu.
Hücuma keçəcək 13-cü Qafqaz alayına bağlı topçu və piyada bölüklərinin komandirləri, lazımi hazırlıq işlərini görərək, 26 avqust günü səhər saatlarında hərəkətə başladılar. Orduya, mümkün qədər mərmidən istifadə edilməməsi, bunun əvəzinə top atəşləri və süngü tətbiq edilməsi tapşırılmışdı. İlk olaraq Yanardağın qərbində olan və tikanlı məftil və başqa maneələrlə bərkidilmiş Sarıtəpə, süngü və bomba hücumu ilə saat 11-də ələ keçirildi. Dağınıq halda Sarıtəpədən qaçmağa çalışan düşmən əsgərləri pulemyot atəşi altında ağır itkilər verirdi.
Binəqədi təpələrinə qarşı hücuma keçən Maştağa dəstəsinə tabe olan 29-cu batalyon isə şiddətli müqavimətlə qarşılaşdı. Top atəşinin hədəfi vura bilməməsi və təpəni qoruyan birləşmiş düşmən qüvvələrinin iki batalyon əlavə qüvvə alması səbəbindən türk əsgərləri ancaq təpənin ətəklərində dayanmaqla kifayətləndi. 31 avqusta qədər tərəflər bu vəziyyəti saxladı. 13-cü Qafqaz alayı ilə 38-ci alayın 1-ci və 26-cı batalyonu səhər erkən hərəkətə keçdi. Binəqədi Yanardağ təpəsindəki üç sıralı tikanlı məftillər səhər saat 6.30-da kəsilərək birləşmiş düşmən əsgərlərindən təmizləndi. İngilislərin Bakının müdafiəsinə qoşularaq, rus və erməni birlikləri ilə birgə döyüşə girdikləri də görüldü.
Binəqədi və Bakı istiqamətində qaçmağa çalışan düşmən əsgərlərini təqib edən Türk ordusu güclü pulemyot atəşi ilə onları ağır itkilərə məruz qoyurdu. Bakıdan qalxan bir təyyarə də top atəşi ilə vurulub salındı. 38-ci alayın 29-cu batalyonu Sarıtəpənin şərqindəki Digah kəndini ələ keçirmək üçün başladığı hücumu da uğurla başa çatdırdı.
364 m yüksəklikli təpədən geri çəkilən ingilislər Binəqədi kəndinin şimalından Biləcəri məntəqəsinə gələn cəbhə xəttində müdafiə olunmağa çalışırdılar. Burada iki yerdə müdafiə xətti qurdular. Yanardağın şərqindəki neft quyuları Varvisk batalyonunun bir bölüyü tərəfindən mühafizə olunurdu. Stanford alayının bir bölüyü də bir az cənub tərəfdən Biləcəri məntəqəsi yaxınlığındakı cəbhə xəttində müdafiə təşkil etmişdi. Biləcəridə ehtiyat qüvvələri saxlanırdı. General Deustervil, əgər ingilis əsgərləri olmasaydı, türklərin 26 avqust tarixində Bakıya girə biləcəkləri barədə yazır.
26 avqustda gedən Yanardağ və Biləcəri döyüşlərində ingilislərin cəbhədəki komandirinin Deustervilə yazdığı raportda belə deyilirdi:
"Türklərin hücumu, 26 avqust 1918-ci il. Yanardağ sahəsi Stanford alayının D bölüyü tərəfindən müdafiə olunurdu. Yanar dağın cənub-qərbində düşmənin hərəkətləri başlandı. Türklər sol cinahdan süvari ordusu ilə dörd düz xətli zəncir şəklində hücuma keçmişdi. Sayı təxminən min nəfər olan düşmən, topçu atəşi ilə müşayiət olunurdu. Zəncir şəklində hücum edən Türk orduları, bizim pulemyot və piyada atəşləri qarşısında dayanmaq məcburiyyətində qaldılar. Cəbhə xəttinin lap başlanğıcında, birinci müdafiə xəttində olan əsgərlərimizə beş dəfə hücum etdilər. Birliklərimiz beşinci hücumdan sonra səngərləri tərk edərək, geri çəkilmək məcburiyyətində qaldılar. Düşmən günorta saatlarından etibarən 12.30 radələrində Yanardağın sağ tərəfinə çıxmağa müvəffəq olaraq, orada pulemyotlar yerləşdirdi. Buradan ikinci və üçüncü müdafiə xəttimizi atəşə tutdular. Bu arada türklərin bizə sol tərəfdən başladığı hücumun qarşısını almağa başladıq. Lakin 13.30 radələrində ikinci və üçüncü müdafiə xətlərimiz də düşmənin əlinə keçdi. Buradan yalnız 6 əsgərimiz xilas ola bildi. Zabit və sıravilərdən ümumilikdə 80 adam itirdik. Müdafiə xəttində bu döyüşlər gedərkən, saat 13.30-da yük maşınları ilə Bakıdan göndərilən 130 nəfərlik əlavə qüvvə cəbhə xəttinə çatmaqda gecikdi. Vəziyyəti düzəltmək mümkün olmadı. 9-cu Vourçester alayından göndərilən əlavə kömək isə 15.30 radələrində cəbhəyə çatdı. Düşmən, Binəqədi kəndinin şimalındakı yüksək təpələrə qarşı hücuma keçmişdi. Bu təpələr erməni batalyonu tərəfindən qorunurdu. Yanardağa edilən həmlə əsnasında bir bölük əsgər, oradakı erməni diviziyasına kömək məqsədilə Binəqədiyə göndərildi. Oraya saat 12.15-də çatan birliklərimiz erməni birliklərindən heç birini tapa bilmədi. Sonra dağa çıxdılar, dağın şimal istiqamətindən təxminən 250 nəfərlik bir Türk ordusunun irəlilədiyi göründü. Təpəni və buradakı səngərləri ələ keçirən birliklərimiz, piyada tüfəngləri və pulemyotlarla atəş açdı. Düşmən ağır itkilər verərək geri çəkildi".
— General Denstervil, Britaniya İmperatorluğu, Bakı və İran, s. 234
Sentrokaspi hökumətinə tabe hərbi komandanlıq 26 avqustda Qafqaz İslam Ordusuna qarşı hücuma keçilməsini əmr etmişdi. Bu əmrdə Türklərin Novxanı, Pirşağı, Goradil, Kürdəxanı və Fatmayı kəndlərini ələ keçirdiyi bildirilir və Fatmayıda bir topçu batareyası yerləşdirildiyi, Maştağa və Hökməli kəndləri ilə ġabandağdakı mövqelərini də gücləndirdikləri qeyd edilirdi. Bundan əlavə, Fatmayı, Pirşağı və Goradil kəndlərinin də ələ keçirilməsi əmr edilirdi. Bu bölgədəki göllər ilə dəniz arasındakı sahədə ələ keçiriləcək mövqeləri gücləndirdikdən sonra, hücumu davam etdirərək Novxanı kəndinin də zəbt edilməsi istənilirdi. Birləşmiş düşmən qüvvələrinin 27 avqustda cəbhə xəttinin sağ tərəfindən planlaşdırdığı hücum baş tutmadı.
Yanardağ və Binəqədi təpələrində meydana gələn döyüşlərdə 13-cü alaydan üç zabit şəhid oldu, ikisi yaralandı. Sıravilərdən 20 nəfər şəhid oldu, 55-i isə yaralandı. 29-cu batalyondan isə üç sıravi şəhid olmuş, bir zabit və 15 sıravi isə yaralanmışdı. Birləşmiş düşmən qüvvələrindən isə bir ingilis zabiti ilə çoxu ingilis olan 150 sıravi öldürülmüş, üç rus və iki ingilis zabiti ilə birlikdə 51 ingilis əsgəri əsir götürülmüşdü. Bu müharibədə 14 pulemyot, yüz ədəd top mərmisi və 70 qutu tüfəng mərmisi ələ keçirildi.
General Deustervil, şimaldakı cəbhə xəttində çoxlu itkilər verilməsində bakılı rus və erməni əsgərlərini günahkar sayırdı. Sentrokaspi Diktaturası Hərbi Şurası 31 avqustda bir yığıncaq keçirərək, düşdükləri vəziyyətdən çıxış yolu axtardılar, ancaq əhəmiyyətli bir qərar çıxara bilmədilər. Bundan sonra general Deustervil 1 sentyabr səhəri Qərargah heyəti və ingilis ordu komandirlərinin iştirakı ilə bir yığıncaq keçirdi. Yığıncaqda Bakıdakı birləşmiş hərbi qüvvələrin Türk Qafqaz İslam Ordusu qarşısında dayana bilməyəcəkləri və Bakını müdafiə etməyəcəkləri barədə qərar verildi. Deustervil bu qərarı bəyan etmək üçün Bakıdakı mülki və hərbi idarə təmsilçilərini saat 16.00-da bir yığıncağa dəvət etdi. Deustervil yığıncaqdakı çıxışında belə dedi:
"Yer üzündə heç bir qüvvə, Bakını türklərdən qoruya bilməz. Şəhərin müdafiəsinin davam etdirilməsi, təslim gününü uzatmaqdan başqa bir şeyə yaramır. İndiyə qədər yalnız ingilis əsgərləri döyüşdü. Mənim əsgərlərimin qəhrəmancasına döyüşməsinə baxmayaraq, türklər hər hücumda qalib gəldilər. Yerli hərbi birliklər bizimkilərə kömək etmədi. Mən adamlarımın boş yerə həlak olmasına razı ola bilmərəm. Biz türklərə qarşı vuruşmaq üçün sizin əsgərlərinizə köməyə gəlmişdik. Ancaq sizin əsgərlərinizin yerinə biz vuruşuruq. Sizlərə, Bakının təslim edilməsi barədə danışıqlara başlamaq üçün türklərə bir nümayəndə göndərməyi tövsiyə edirəm. Qadın və uşaqların şəhərdən çıxarılmasına imkan verəcək uyğun şərtlərin əldə edilməsi, sizin üçün çətin olmayacaq. Sizlər bununla da türklərin şəhəri silah gücünə ələ keçirməsindənsə, hadisələrin gedişinə daha yaxşı istiqamət verə bilərsiniz".
— General Denstervil, Britaniya İmperatorluğu, Bakı və İran, s. 247
Sentrokaspi hökumətinin general Deustervilə göndərdiyi məktubda "Bakıda yaşayan əhalinin evakuasiyasından sonra və ancaq bizim əsgərlərimizlə birlikdə şəhəri tərk etmək şərti ilə, ingilis hərbi birləşmələrinin getmələrinə icazə verə biləcəkləri" qeyd edilirdi. Bakı rəhbərliyi məktubda ingilislərin şəhərdən getməsinə razılıq verə bilməyəcəkləri kimi, əlavə qüvvə gətirmələrini də istəyirdi.
Tarix: 09.01.2015 / 00:28 Müəllif: Feriska Baxılıb: 75 Bölmə: "Azərbaycan Demokratik Respublikası"