İspaniyadan Hindistanadək bir çox ölkə və xalqları tabe etmiş ərəblər, işğal etdikləri yerlərdə yeni tipli idarə sistemi qura bilmədiklərindən, bu yerlərin əvvəlki idarə sistemlərini saxlamalı oldular. Müxtəlif xalqlardan alınan və idarə işini yüngülləşdirmək məqsədilə çox vaxt köhnə coğrafi və ya inzibati adını saxlayan bu ərazilər müstəqil və ya asılı ölkədən Xilafətin çoxsaylı vilayətlərinə çevrildilər. Bu vilayətlər, adətən həmin yerləri fəth etmiş sərkərdənin və ya yürüşün bilavasitə iştirakçısının idarəsi altında ərazicə yaxın torpaqları özlərində birləşdirirdi. Ərəblərin işğalı ərəfəsində tarixi Azərbaycan torpaqları ilə yanaşı, şərqi Gürcüstanı və Şərqi Ermənistanı, İranın bir sıra vilayət və şəhərlərini (Təbəristan, Gilan, Dehistan, Rey və b.) də özündə birləşdirən Sasanilərin şimal kustakı (kustu) – əyaləti olan Adurbadaqan (Azərbaycan) bir inzibati vahid kimi cənubda Həmədan, Əbhar və Zəncandan şimalda Dərbəndədək uzanırdı; tədqiqatçıların (Y.Paxomov, K.Trever, V.Henninq və b.) əksəriyyətinin 567/568-ci ilə aid etdikləri Dərbənd divarlarındakı pəhləvi yazısı imperiyanın şimal sərhədinin Dərbənddən keçdiyini bir daha təsdiq edir.
Ərəblərin Qafqaza hücumları zamanı Süniklə birlikdə Albaniya, eləcə də Gürcüstanın bir hissəsi xəzərlərin əlində idi. Baş vermiş ərəb işğalı bu ölkələrin tarixi-coğrafi ərazi bütövlüyünü saxlasa da onların inzibati adını dəyişdirdi. İlk çağlar Azərbaycanın cənub hissəsi olan Adurbadaqan Albaniya, Ermənistan, Şərqi Gürcüstan və əl-Cəzirə vilayəti ilə birlikdə yeni yaranmış gənc ərəb dövlətinin beş vilayətindən birini təşkil edirdi. VIII əsrin başlanğıcında Qafqazın işğal olunmuş torpaqlarında ərəblərin tam hakimiyyətinin bərqərar olması ilə vassallığını da itirən və bir dövlət kimi ləğv edilən Albaniya ərəb vilayəti Arrana (ar-Ran, Aran) çevrildikdə, "Ərminiyə" adlı yeni ərəb inzibati adı yarandı. Bu adı daşıyan ərəb vilayəti öz tərkibində təkcə Cənubi Qafqazın qalan hissəsinin fəthindən bir neçə il əvvəl işğal olunmuş bilavasitə Ermənistanı deyil, eləcə də keçmiş Albaniya və İberiya ərazilərini də birləşdirirdi. Yeni ərəb inzibati termininin yuxarıda adı çəkilən ölkələrə də şamil edilməsi Bizans imperatoru I Yustinianın (527-565) islahatları nəticəsində VI əsrin ortalarında yaranmış Bizans Ermənistanı inzibati vahidinin adı ilə bağlı idi.
Ərəblərəqədərki inzibati quruluşdan miras qalmış "Ərəb Ərminiyəsi" inzibati adının yaranmasına başqa obyektiv səbəblər də təsir edib: əvvəla, ərəblər hələ Azərbaycan torpaqlarına qədəm basmamış, artıq 639-640-cı illərdə, Mesopotamiya yürüşü zamanı Bizansın tabeliyində olan erməni torpaqlarını ələ keçirmiş, ikincisi isə ərəb işğal zonasını idarə edən canişinin qərargahını ermənilərin baş şəhəri Dəbildə -Dvində yerləşdirmişdilər. Təbii ki, özlərindən əvvəlki Bizans inzibati-idarə sisteminə varis çıxmış ərəblər, başqa yerlərdə olduğu kimi, burada da köhnə dövrə aid "Ərminiyə" adını saxlamışdılar. O da təbiidir ki, işğal prosesində əllərinə keçən yeni həmhüdud yerləri də onlar artıq tabeliklərində olan zonaya qatmış, bir bölgədə yerləşən bu torpaqları birlikdə "Ərminiyə" adlandırmış, bütün Cənubi Qafqazdakı işğal zonasının idarəsini Dəbildə oturan ərəb canişininə – amilinə həvalə etmişdilər. Bu obyektiv səbəblərlə yanaşı, qədim kitablardan faydalanan erkən ərəb müəlliflərinin (İbn Xordadbeh, ibn əl-Fəqih və b.) islamaqədərki siryani xristian ədəbiyyatından (məsələn, VI yüzildə yaşamış Mitilen Zaxarinin əsərindən) istifadə etmələri də mümkündür; bu ədəbiyyatdan olan məlumata görə Qurzan (Gürcüstan) və Aran (Albaniya) hələ ərəblərəqədərki dövrdə "Ermənistanda olan torpaqlar" adlanırdı (bu dövrün ən yaxşı tədqiqatçılarından azərbaycanlı alim Z.M.Bünyadov və erməni alimi A.N.Ter-Gevondyan bunu haqlı olaraq kilsə birliyi kimi qəbul edirlər).
VII əsrin axırlarında ərəblərlə əks cəbhədə olan Bizansa qarşı ideoloji mübarizə aparan erməni din xadimlərinə etdikləri xidmət müqabilində xəlifənin göstərdiyi iltifat və yürütdüyü qərəzli siyasət bu inzibati adın bir qədər də möhkəmlənməsinə səbəb oldu.
Beləliklə, Sasanilər dövründə Xəzəryanı İran vilayətləri ilə yanaşı, bütün Cənubi Qafqaz vilayətlərini özündə birləşdirən inzibati Adurbadaqan – Azərbaycan adı ərəb hakimiyyətinin ilk dövründə Xilafətin yalnız Cənubi Qafqazda işğal etdiyi yerlərə verilən inzibati Ərminiyə adı ilə əvəz olundu. Alban kilsəsinin erməni kilsəsinə tabe edilməsi və bununla əlaqədar bütün Arran və Ermənistan xristianlarına real rəhbərliyin, müvəqqəti də olsa, erməni katolikosunun əlində cəmlənməsi, VIII yüzilin başlanğıcında Albaniyanın özünün də bir dövlət kimi süqutu xəlifə Əbdülməlik ibn Mərvanın (685-705) başladığı yeni inzibati islahatın nəticəsi olan bu inzibati bölgü sisteminin həyata keçirilməsinə şərait yaratdı. Onu da qeyd etməliyik ki, VI əsrdə imperator I Yustinianın Qərbi Ermənistanda, yəni coğrafi baxımdan ərəb Ərminiyəsindən fərqlənən yerdə həyata keçirdiyi bu inzibati bölgü (o cümlədən bu bölgünün daha kiçik vahidləri olan I-IV Bizans Ermənistanı adları) yalnız bilavasitə ermənilərin yaşadıqları əraziyə aid idisə, "Ərəb Ərminiyəsi" vilayətləri indiki kimi azərbaycanlıların, gürcülərin, ləzgilərin və b.-nın yaşadıqları və ermənilərə dəxli olmayan Cənubi Qafqaz torpaqlarını əhatə edirdi. Vaxtilə Bizansın tabeliyində olan erməni torpaqları kimi, ənənəvi olaraq onlar da I-IV Ərminiyə adı ilə dörd hissəyə bölünürdü. Xilafət qoşunlarının ələ keçirdikləri və müəyyən inzibati bölgü daxilində öz köhnə adlarını saxlayan bu qondarma ərazilər haqqında yalnız erkən ərəb mənbələri məlumat verir. Maraqlı burasıdır ki, ərəblərəqədərki Bizans inzibati bölgüsü haqqında ətraflı məlumat verən sinxron erməni mənbələri ərəblərin bu inzibati bölgüsü haqqında heç bir xəbər vermir. Çox güman, bu "məlumatsızlıq" bütün bölgə ərazisinin süni şəkildə Ərminiyə adı ilə birləşdirilməsindən, bu birləşmənin isə dövrün real tarixi coğrafiyasını əks etdirməməsindən irəli gəlirdi. Məhz buna görə bu dövr haqqında məlumat verən ərəb mənbələri erməni torpaqları ilə birlikdə ermənilərə aid olmayan qonşu torpaqları da əhatə edən yeni "Ərminiyə" inzibati vahidi ilə yanaşı, ərəblərəqədərki Sasani inzibati vahidi "Azərbaycanın" (Adurbadaqanın) da adını çəkirlər. Son Sasanilər dövründə Albaniya və Atropatena ilə birlikdə imperiyanın bütün şimal kustunu əhatə edən bu ad, ərəb hakimiyyəti dövründə, şimalda Dərbənddən cənubda Zəncana qədər olan bilavasitə tarixi Azərbaycan ərazisinə aid edilirdi. Bu yerlərdə olmuş X əsr müəllifi İbn Havqəl özünün tərtib etdiyi Xəzər dənizinin xəritəsində həmin dövrün tarixi coğrafiyasını əks etdirən məhz bu təsviri vermiş, Dərbənddən Həmədanadək ərazini Azərbaycan adlandırmışdır. Onun Cənubi Qafqaz bölgəsini təsvir edən digər xəritəsində bölgə vilayətlərinin dəqiq hüdudları göstərilir. Cənubi Azərbaycan – Adurbadaqan Arran – Albaniyadan Araz çayı ilə ayrılır, bilavasitə Ermənistan isə Xilat (Van) gölü ilə Araz çayının yuxarı axarı arasında yerləşdirilir.
Orta əsr ərəb müəlliflərinin (İbn Xordadbeh, əl-Bəlazuri, əl-Yəqubi, İbn əl-Fəqih və b.) ərəb inzibati-ərazi bölgüsü barədə təqdim etdikləri material bir qədər qarışıq olsa da, biri digərini tamamlayan bu məlumatlara görə, I Ərminiyə adlanan ərazi öz tərkibində ərəblərin Arran adlandırdıqları qədim Albaniya torpaqlarını (Sünik – Sisəcan – Sisakan ilə birlikdə) birləşdirirdi. Ərəb Arran vilayətinin tərkibinə Albaniyanın bilavasitə özündən başqa 644-cü ildən 1122-ci ilədək müsəlmanların tabeliyində olan Tiflis və onun civarları da daxil idi.
II Ərminiyə adlandırdıqları hissəyə ərəb inzibati hakim dairələri Curzanı (Gürcüstanın bir hissəsini), Tiflis yaxınlığında, Kür çayı sahilində yerləşən Suğdəbil şəhərini, Dərbəndin yaxınlığındakı Bab Feyruz Qubad şəhərini, eləcə də Lakz vilayətini daxil edirdilər. Yalnız III və IV Ərəb Ərminiyəsi ermənilərin Dəbildən Şimşatadək yaşadıqları yerləri əhatə edirdi.
Beləliklə, Xilafətin Cənubi Qafqazdakı I və II Ərminiyə inzibati bölgüləri şimalda Tiflis və Dərbənddən cənubda Araz çayınadək, qərbdə Kiçik Qafqaz dağlarından şərqdə Xəzər dənizinədək olan sahəni əhatə edir və əsasən ərəblərin Arran adlandırdıqları qədim Albaniya torpaqlarını özündə birləşdirirdi.
VIII yüzilin sonu – IX yüzilin I yarısında Xilafətin daxilində baş verən hadisələr ərəb işğal dairələrinin Cənubi Qafqaz ərazisində yaratdıqları süni "Ərminiyə" inzibati birləşməsinin faktiki olaraq ləğvinə gətirib çıxartdı. Çox keçmədən, bu dövrdə həm də Bizansla müharibə aparan Xilafətin zəifləməsi onun yerlərdəki hakimiyyətini də nominallaşdırdı. Məhz buna görə formal olaraq Azərbaycan, Arran və Ermənistanı birləşdirən vahid Qafqaz canişinliyi – vilayəti yaradılsa da, əslində Xilafətin Qafqazdakı siyasi nüma-yəndəsinə – valiyə tabe olan və ona vergi verən yerli feodallar öz mülkləri daxilində hakimiyyət və imtiyazlarını qoruyub saxlaya bilmişdilər.
X əsrin müxtəlif illərində Azərbaycan torpaqlarında da olmuş əl-İstəxri, İbn Havqəl, əl-Müqəddəsi və b. artıq köhnə inzibati bölgünün adını çəkmir, müxtəlif gəlmə və yerli sülalələrin hakimiyyətləri altında olan Cənubi Qafqaz ölkələrini – Azərbaycan, Arran və Ermənistanı "yalnız bir məlik – hökmdar idarə etdiyi" üçün "vahid ərazidə" birləşdirirdilər. Əsrin 80-ci illərində Qafqazda olmuş əl-Müqəddəsi bu yerlərin hamısını birlikdə "ər-Rihab iqlimi" (yəni bölgəsi) adlandırır. Onun sözlərincə, "ər-Rihab geniş və səfalı iqlimdir. Meyvə və [xüsusilə] üzümü boldur. Qiymətlər ucuzdur... Biz bu yerləri birləşdirə biləcək ümumi ad tapa bilmədiyimiz üçün onu ər-Rihab adlandırdıq" (məzmununa görə bu söz "geniş yer" kimi açıqlana bilər, Nailə Vəlixanlı).
Yenə onun məlumatına görə, ər-Rihab iqliminin üçdə birini təşkil edən Arran Xəzər dənizi ilə sərhəddə axan Araz çayı arasında adaya bənzəyir, əl-Məlik (Kür) çayı onu ikiyə bölür. Yeri gəlmişkən, onu deyək ki, Kür çayı Arranı sağ və sol sahillərə böldüyü üçün İbn Havqəl buranı "iki Arran" adlandırırdı. Başqa ərəb mənbələri də tarixi Albaniya ilə tarixi Adurbadaqan arasında ayrıcın Araz çayı boyunca keçdiyini təsdiq edirlər. Belə ki, X əsr müəllifi əl-Məsudiyə görə, ər-Ras çayı "xürrəmi Babəkin Azərbaycanda sahib olduğu əl-Bəzzeyn adlı yerlə Arrana aid olan Əbu Musa (Qarabağ – Nailə Vəlixanlı) dağı arasında axır".
Ərəblərin Arran ərazisində tabe etdikləri vilayətlər sırasında erkən ərəb müəllifləri (əl-Bəlazuri, əl-Yəqubi və b.) alban vilayət və nahiyələri Sakasenanın (Şakaşenanın), Kambisenanın (Kəmbiranın), Utinin, Sisakan-Sünikin (Sisəcanın), Xaçının, Mets- İrankın (əl-Məsiranın), Mets Kuenkin (əl-Miskuanın), Şəkinin, eləcə də Şirvanın, Layzanın, Məsqətin, Xursanın, Şabranın, Təbəsaranın, Muğaniyənin və b.- nın adlarını çəkirlər.
Ərəblərin işğalına qədər Cənubi Azərbaycanın paytaxtı Ərdəbil idi; ancaq ərəb-xəzər müharibələrinin başlanması ilə Ərdəbil və onun ətraflarının gərgin döyüş meydanına çevrilməsi Mərvan ibn Məhəmmədin valiliyi dövründə (732-744) paytaxtın yenidən bərpa edilmiş Marağaya köçürülməsinə səbəb oldu. IX əsrin sonunadək, yəni Yusif ibn Əbu-s-Sacın Ərdəbili paytaxt etməsinədək vilayətin baş şəhəri oldu. Arranın baş şəhəri isə Həbib ibn Məsləmənin ikinci yürüşündən sonra (654-cü ildən) bütün Qafqaz ərəb canişinliyinin yeni iqamətgahına çevrilmiş Bərdə idi.
Tarix: 07.01.2015 / 16:55 Müəllif: Feriska Baxılıb: 76 Bölmə: Azərbaycan Ərəb Xilafətinin tərkibində