Azərbaycanın real fütuhatının başlandığı hicri 22 (643)-ci ildən çox əvvəl, İyad ibn Ğənmin başçılıq etdiyi ərəb ordusunun xəlifə Ömərin əmri ilə 639-cu ilin avqustunda başlamış Mesopotamiyanın işğalı prosesində Azərbaycan ərazisinə hücum (və bəlkə də hücumlar) olmuşdur. Hücum Urmiya gölünün cənub-qərbindən başlamış və nəticədə qərb sərhədlərinin mərzbanı ilə müqavilə bağlanmışdı.
Ərəblərin Sasanilər imperiyası nın Xəzər sahili vilayətlərinə, o cümlədən Azərbaycana real hücumu, yalnız 642-ci ildə baş verən fəthindən sonra Həmədana hücumla mümkün oldu. Tarixçi ət-Təbəri bildirir ki, o gündən iranlıların birliyi pozuldu. Hər vilayətin əhalisi düşmənlə yalnız öz vilayəti hüdudlarında döyüşürdü. Əl-Bəlazurinin verdiyi məlumata görə, Nihavənd döyüşündən bilavasitə sonra ərəblər Həmədan-Rey yolu üstündə yerləşən, Qum və Kaşanı tutdular. Bu qələbələrdən sonra qədim Midiya ərazisində möhkəmlənən ərəblər şimala doğru istiqamət götürdülər.
Ərəblərin Azərbaycana tərəf yollarının üstündəki ilk vilayət Rey idi. Bu şəhəri tutmaq üçün ərəblər Həmədan-Rey vilayətləri ayrıcındakı Dəstəbə sərhəd nahiyəsini işğal etdilər, onun qalalarında isə hərbi qarnizonlar yerləşdirdilər. Məhz bu qarnizonlardakı ərəb əsgərləri Azərbaycana və İranın Xəzəryanı vilayətlərinə ediləcək yürüşlərə hazırlıq görürdülər.
Azərbaycan qoşunlarına mərzban İsfəndiyar ibn Fərruxzad komandanlıq edirdi. O, Bacrəvan, Mayməd, Nariz, Şiz, Məyanic və digər yerlərin əhalisindən Ərdəbildə böyük qoşun toplayıb ərəblərlə vuruşmağa girişdi. Vuruşma bir neçə gün davam etdi və ərəblərin qələbəsi ilə sona çatdı.
Nihavənd döyüşündən düz bir il sonra, yəni 643-cü ildə, Reyin işğalı hələ tam başa çatmamış, xəlifə Ömərin (634-644) əmri ilə Bukayr ibn Abdullah və Utba ibn Farkadın başçılıq etdikləri qoşun dəstələri Azərbaycan sərhədlərini keçdilər. Ərdəbildən bir qədər aralı, Cərmidan dağı yanında İsfəndiyarın hələ yaxşı möhkəmlənə bilməmiş dəstələri onları qarşıladı. Mənbələrin məlumatına görə, bu, Bukayrın Azərbaycan ərazisində azərbaycanlılarla ilk toqquşması idi. Bir neçə gün davam edən qanlı döyüş ərəblərin qələbəsilə başa çatır. İsfəndiyar özü isə əsir düşür.
Rey yanındakı döyüşlərin ərəblər üçün müvəffəqiyyətlə başa çatdırılması, xəlifənin Bukayra kömək göndərmək haqqında əvvəlki əmrinin yerinə yetirilməsinə imkan yaradır. Sərkərdə Simak köməyə göndərilir. Çox keçmədən İsfəndiyarın qardaşı Bəhramın başçılığı altında təşkil olunmuş yeni qoşun Utba ibn Farkadın dəstəsinə hücum edir. Ərəblər bu dəfə də qələbə qazanırlar. Bəhram qaçır. Hələ də Bukayrın yanında əsirlikdə qalan Azərbaycan mərzbanı İsfəndiyar isə bu hadisədən sonra ərəblərlə sülh müqaviləsi imzalamalı olur. Bu müqaviləyə görə Azərbaycan əhalisi "imkanları daxilində" can vergisi-cizyə ödəməli idi; "qadınlar və uşaqlar, həmçinin yaşamaq üçün vəsaiti olmayan xroniki xəstələr, dünya malından heç nəyi olmayan zahidlər" bu vergidən azad olunurdular.
Yeni hakimiyyət Azərbaycanın bütün əhalisinə, "onun düzlərində, dağlarında, ucqar və sərhəd yerlərində yaşayanlarına, onların əmlakına, dini icmalarına, qanunlarına, qaydalarına aman" verməyi öz üzərinə götürürdü.
Bəlazuri isə yazır ki, "hicri 18-ci ildə Xuzeyfə ibn əl-Yəmən Azərbaycanı dinc yol ilə istila edib, Azərbaycan əhalisi adından hərəkət edən Azərbaycan mərzbanı ilə müqavilə bağlamışdır. Bu müqaviləyə görə mərzban "800 min dirhəm verməyi öhdəsinə götürdü" ərəblər isə öz tərəfindən öhdələrinə almışdılar ki, heç kəsi öldürməsinlər, əsir almasınlar, atəşgədələri dağıtmasınlar və Balasacan, Savalan və Satrudan kürdlərini təqib etməsinlər. Şiz əhalisinin öz bayramlarında rəqs etməsinə və (keçmişdə) icra etdikləri hər işi açıq görmələrinə mane olmasınlar". Bundan sonra xəlifə Ömər, Xuzeyfə ibn əl-Yəməni vəzifəsindən götürdü və Utbə ibn Farkadı Azərbaycana canişin təyin etdi. Lakin ərəb qoşunları Azərbaycandan gedəndən sonra ölkənin əhalisi hicri 24 (644-645)-cü ildə üsyan qaldırıb, "müsəlmanların onlarla bağladıqları sülh şərtlərinə əməl etməkdən boyun qaçırdılar"
Tarix: 07.01.2015 / 16:46 Müəllif: Feriska Baxılıb: 47 Bölmə: Azərbaycan Ərəb Xilafətinin tərkibində