Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ərəblərin növbəti hücumları (639-720)

646-cı ildə ərəb ordusu Valid ibn Uqbənin komandanlığı ilə yenidən Azərbaycana hücum etdi. Ordunun qabaq dəstəsində Salman ibn ər-Rəbiə əl-Bəxili gedirdi. Azərbaycan ikinci dəfə istila edildi, "bu şərtlə ki, (hər il) onlar (əhali) səkkiz yüz min dirhəm versinlər. Bu, Xuzeyfə ibn əl-Yəməninin 22 (b.e. 644)-ci ildə, yəni Nəhavənd vuruşmasından bir il sonra onlarla bağladığı sülhün şərtləri idi".

639-cu ildə ərəb qoşunlarının bir hissəsi Azərbaycandan şimal-qərb tərəfə keçdi və bir neçə vuruşmadan sonra Mukanı işğal etdi və əhalisini cizyə verməyə məcbur etdi. Bu dəstənin komandanı Bukeyr ibn Abdullah mukanlılarla müqavilə bağladı və onlara aşağıdakı məzmunda fərman verdi:

"Bismillahirrəhman-irrəhim. Bu fərman Bukeyr ibn Abdullah tərəfindən Mukan əhalisinə, onların şəxsiyyəti, əmlakı, dini və qanunlarını mühafızə etmək haqqında verilən mühafızə fərmanıdır ki, həddi-büluğa çatmış hər bir şəxs bir dinar, yaxud onun dəyərini versin, müsəlmana səmimi yanaşsın, ona yol göstərsin və bir gün bir gecə onu saxlayıb yedirsin. Nə qədər ki, onlar öz üzərində (ərəb) hakimiyyətini qəbul edib ərəblərə xeyirxahlıqla yanaşırlar, onlara əmin-amanlıq təmin olunur və biz öz təəhhüdlərimizi yerinə yetirərik. Əgər onlar öz təəhhüdlərini pozub səmimi olmadıqlarını göstərsələr, xainləri ələ verməyincə, onlara aman yoxdur! Əks halda! Onlar xainlərin həmfıkri hesab olunacaqlar. Şahidlər əş-Şəmmax ibn Dirar, ər-Rusaris ibn Cunadib və Xəmələ ibn Cuveyyə olmuşlar. Hicri 21-ci ildə (b.e. 642-ci ildə) yazılmışdır". Bukeyr ibn Abdullah Mukandan Xəzər dənizinin sahili ilə şimala doğru hücum etdi və həmin il Bab-ül-Əbvaba (Dərbəndə) çatdı. Sonrakı 642/643-cü illərdə xəlifə Ömər Dərbəndə Surakə ibn Əmri göndərdi. Surakə ordusunun qabaq dəstəsi Əbd-ür-Rəhman ibn ər-Rəbiə əl-Bəxilinin komandanlığı ilə şəhərin hasarları yanında Bukeyr ilə birləşdi. Surakənin ölümündən sonra xəlifə Dərbənd yaxınlığındakı sərhəd xəttinə Əbd-ür-Rəhman ər-Rəbiəni təyin etdi və ona əmr verdi ki, xəzərlərə qarşı çıxsın. Ərəb atlıları əl-Beyda şəhərinə çatıb onu işğal etdi. Lakin Balancar yaxınlığındakı xəzərlər hücuma keçib ərəbləri məğlub etdi və onların komandanı Əbdür-Rəhman ər-Rəbiəni öldürdülər.


Tarix: 07.01.2015 / 16:50 Müəllif: Feriska Baxılıb: 49 Bölmə: Azərbaycan Ərəb Xilafətinin tərkibində
loading...