Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Arranın istilası (Salman ibn Rəbiə əl-Bəxilin)

Ərəb qoşunları Arran ərazisinə şərqdən deyil, cənub-qərbdən, Naxçıvandan keçməyə başladılar. Arrana soxulan ilk ərəb dəstəsi Salman ibn Rəbiə əl-Bəxilinin komandanlığı altında olan dəstə idi ki, bu da Həbib ibn Məsləmənin ordusuna daxil idi.

Naxçıvan xəlifə Osman ibn Affanın (644-656) hökmranlığı zamanında tutulmuşdu. Həbib ibn Məsləmə Naxçıvanı işğal edəndən sonra onun əhalisi ilə sülh müqaviləsi bağladı və aşağıdakı fərmanı verdi:

"Bismillahirrəhman-irrəhim. Bu fərman Həbib ibn Məsləmə tərəfındən Naşava (Naxçıvan) şəhəri əhalisinə, onun burada olan və olmayan kahinlərinə və yəhudilərinə, ona görə verilir ki, mən sizin əmin-amanlığınızı və əmlakınızı, sizin kilsə və ibadətgahlarınızı və şəhərinizin hasarlarını mühafızə altına alıram. Siz əmin-amandasınız və biz sizinlə bağladığımız müqaviləni o vaxtadək yerinə yetirməyi təəhhüd edirik ki, siz özünüz ona əməl edib cizyə və xərac verəsiniz, ən mötəbər zamin olan Allah özü buna zəmanətdir. Fərman Həbib ibn Məsləmənin möhürü ilə təsdiq olunur" Salman ibn ər-Rəbiənin dəstəsi Naxçıvandan çıxandan sonra Biçənək keçidindən Şəki, Gorus tərəfə yeridi və Arran ərazisinə çatanda Beyləqan üzərinə yürüş etdi.

Daha sonra Salman ibn ər-Rəbiənin ordusu Bərdəni, Beyləqanı işğal etdi. Şakşin (Şakaşen), Meskean (Meskuenk), Ud (Uti), Mesiran (Mesarans), Xarxilyan (Xarcilank), Tabar (Tri) mahallarının kəndlərini və Arranın digər yerləri də işğal olundu.

Sonra Salman ibn ər-Rəbiənin dəstəsi Şamxoru, Qəbələni tutdu, Şakkan və Kamiberan hakimləri ilə bac vermək şərti əsasında sülh bağladı. Xeyzan əhalisi, Şirvan padşahı, qalan dağların padşahları, Məsqət, Şabran və Bab (Dərbənd) şəhərinin əhalisi də onunla (Salmanla) eyni məzmunda sülh bağladılar".

Beləliklə, 643-644-cü illərdə, xəlifə Ömərin dövründə, ərəblər tarixi Azərbaycan ərazisinin yalnız cənub və Dərbəndədək Xəzər sahili torpaqlarını tuta bildilər. Lakin bu işğalın özülü hələ möhkəm deyildi. Hətta 644-645-ci illərdə, xəlifə Ömərin ölümündən sonra mərkəzdə baş verən siyasi sabitsizlikdən istifadə edən azərbaycanlılar üsyan edərək, ərəblərin onlarla bağladıqları müqavilələrin şərtlərini yerinə yetirməkdən imtina etdilər. Xilafətin yeni başçısı Osmanın Azərbaycana göndərdiyi sərkərdə əl-Valid ibn Ukbanın rəhbərlik etdiyi ordunun hücumu ilə ərəblərin Azərbaycana yeni – ikinci yürüşü başlandı. Bu yürüşdə birinci yürüş zamanı ad çıxarmış Salman ibn Rəbiə və Abdallah ibn İubeyl kimi sərkərdələr iştirak edirdilər.

Abdallahın başçılıq etdiyi dörd minlik qoşun Muğan, Bədr və Taylasana (Talışana) soxularaq bu Xəzəryanı torpaqları yenidən işğal etdi, qənimət və əsirlərlə əl-Validin qərargahına qayıtdı. Azərbaycan (cənub hissəsi) yenidən işğal, köhnə müqavilə isə bərpa edildi. Müqavilənin şərtlərinə görə, azərbaycanlılar təzminatla yanaşı 800 min dirhəm verməyə boyun oldular.

Bu yürüş zamanı əl-Validin on iki minlik ön dəstəsinə başçılıq edən Salman ibn ər-Rəbiənin əsgərləri ətraf əhalini qorxutmaq məqsədilə Albaniya ərazisinə hücum edərək, oranı talayıb çapdılar və zəngin qənimət və əsirlərlə əl-Validin qərargahına qayıtdılar. Gevondun məlumatına görə, xəlifə orduları "Midiya (Cənubi Azərbaycan) kəndlərini və Naxçıvan obalarını xaraba qoydular. Kişilərin çoxunu öldürdülər, qalanlarını isə qadın və uşaqlarla birlikdə əsir götürdülər və Culfa keçidindən Arazın o tayına apardılar".[24] Yalnız bundan sonra vəzifəsini bitmiş hesab edən əl-Valid Xilafətin nümayəndəsi əl-Əşas ibn Qeysi Azərbaycan hakimi təyin edərək paytaxta (Mədinəyə) qayıdır.

Elə həmin il xəlifə Osman iki Qafqaz yürüşünün iştirakçısı, özünü mahir sərkərdə kimi tanıtdırmış Salmanı bu zaman Kiçik Asiya ərazisində bizanslılarla vuruşan Həbib ibn Məsləmənin köməyinə göndərdi. Birgə qüvvələrlə onlar bizanslıların hücumunu dəf edərək, Qaliqala və b. şəhərləri ələ keçirdilər. Ərəb tarixçilərinin (ət-Təbəri, əl-Bəlazuri, əl-Yəqubi, əl-Kufi) məlumatına görə bu yürüş zamanı Həbib ermənilərin yaşadıqları ərazidən keçərək, Gürcüstan torpaqlarına daxil olur və Tiflisi işğal edir. Beləliklə, bu dövrdən, yəni 644-cü ildən, Tiflis öz civarları ilə birlikdə Xilafətin Arran vilayəti tərkibinə daxil olur və müsəlmanların uzunmüddətli tabeliyinə keçir. Hələ Gürcüstan hüdudlarına yetişməmiş, Salman ibn Rəbiənin altı minlik dəstəsi Albaniyanın Sünik (Sisəcan, Sisəkan) vilayəti ərazisində Həbibdən ayrılır. Azərbaycanın şimal hissəsinin tam işğalını başa çatdırmaq cəhdilə edilən yürüş başlanır. O dövrün tarixçisi yazırdı: "Salman ibn Rəbiə onun əsgərlərinə düşmənçilik göstərənləri məhv edir, rastına çıxan şəhər və qalaları tuturdu. Sonra o, düşməni (burada ərəblərin düşməni – yerli əhali idi. – N. V.) qıra-qıra Arran ölkəsindəki Beyləqan şəhərinə yetişdi". Beyləqan cizyə ödənilməsi, əhalinin "həyatı və əmlakının", habelə "şəhər divar-larının" saxlanılması şərtləri ilə Salmana döyüşsüz təslim oldu. Sonra ərəb qoşunu Bərdəyə doğru istiqamət götürdü, lakin mənbələrin məlumatına görə bərdəlilər, beyləqanlılardan fərqli olaraq, şəhər qapılarını ərəblərin üzlərinə bağladılar. Salman şəhərin bir neçə fərsəxliyində axan Tərtər çayının sahilində düşərgə salıb, müqavimət göstərən bərdəliləri zəiflətmək məqsədilə "şəhər ətrafında biçini artıq başa çatdırmış kəndlərə qarətçi yürüşlər təşkil edir". Müqavimətin faydasız olduğunu başa düşən bərdəlilər də ərəblərlə sülh müqaviləsi bağlamalı olurlar. Mənbədə deyilir: "[Bərdəlilər] şəhər darvazasını [Salmanın] üzünə açırlar; o, şəhərə daxil olub, bir qədər orada qalır". Çox keçmədən, Bərdəni tərk edən ərəb süvari dəstəsi Albaniyanın Arsax, Uti, Sakasena və b. vilayət və əyalətlərini tutmaqla Kürün sağ sahili torpaqlarının işğalını başa çatdırır. Qədim şəhər olan Şəmkiri ələ keçirdikdən sonra Kürün sol sahilinə adlayan ərəblər, oradakı şəhər və kəndləri də tutur, Qəbələnin, ġəkinin, Hayzanın, Şirvanın, Şabranın, Məsqətin, Lakzın, Filanın, Təbərsəranın, yenidən əl-Babın (Dərbənd) və b. yerlərin hakimləri ilə müqavilə bağlayırlar.

Bağlanılan sülhə baxmayaraq, ərəblər getdikdən az sonra şirvanlılar və dərbəndlilər, görünür öz qoşunu ilə Dərbəndə gəlmiş xəzər xaqanının təhriki ilə Xilafətlə bağladıqları müqavilələrin şərtlərini yerinə yetirməkdən boyun qaçırırlar. 32 (652-653)-ci ildə Salman ibn Rəbiə dörd minlik qoşunu ilə yenidən Dərbəndə daxil olur və bu zaman artıq şəhəri tərk etmiş Xəzər ordusunun izi ilə onların Bələncər şəhərinə doğru irəliləyir. Baş vermiş qanlı döyüşlərdə müsəlmanlar basılır, Salman özü isə öldürülür. Beləliklə, Azərbaycanın çox hissəsi yenidən ərəblərin itaətindən çıxır.

Sonra Salmanın dəstəsi Dərbənddən şimala doğru hərəkət etdi, lakin Balancar çayının o tayında xəzər qoşunları ilə rastlaşdı və qanlı vuruşmadan sonra, demək olar, bütün dörd min nəfərlik dəstə qırıldı və Salmanın özü öldürüldü.

Salman ibn ər-Rəbiənin ölümündən sonra xəlifə Osman Azərbaycan və Arrana Xuzeyfə ibn əl-Yəməni hakim təyin etdi; Xuzeyfə artıq xəlifə canişinlərinin iqamətgahı olan Bərdə şəhərinə gəldi, bir tərəfdən Bərdə ilə Qaliqala, digər tərəfdən Bərdə ilə Xayzan (yəni Bərdənin şimal-qərbində) arasında olan bütün vilayət və şəhərlərə məmurlar (amillər) göndərdi.

Salmanın ölümündən iki il sonra xəlifə Osman öz sərkərdəsi Həbib ibn Məsləməni yeni qüvvələrlə Qafqaza göndərir. Bu dəfə Sirac Tayrda (Şirakda) düşərgə salmış Həbib ərəblərin birinci və ikinci yürüşləri zamanı Qafqazda işğal etdikləri bütün yerlərin hakimlərinə və camaatına qasidlə xəbər göndərib, onlardan itaət tələb edir. Az sonra xəlifə Osman Həbibi geri çağıraraq, Huzayfa ibn əl-Yəməni Xilafətin Qafqaz vilayətlərinin hakimi təyin edir. İşğal olunmuş şimal torpaqlarını daha yaxşı idarə etmək üçün yeni hakim canişinliyin iqamətgahını 640-cı ildən (Ermənistanın fəthindən bəri) yerləşdiyi Dəbildən (Dvindən) Bərdəyə köçürür. Lakin Huzayfanın özü Mədinədə qalırdı, Bərdəyə isə "əmisinin nəslindən olan bir adamı" – Sulat ibn Zafiri göndərmişdi. "Bütöv bir il orada hökmranlıq edən" Sulat, nəhayət, yerli əhalini özünə tabe edə bilir.


Tarix: 07.01.2015 / 16:52 Müəllif: Feriska Baxılıb: 82 Bölmə: Azərbaycan Ərəb Xilafətinin tərkibində
loading...