Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan partizan hərəkatı Qərbi və Şərqi Avropada

Azərbaycanın oğul və qızları faşistlərin Buhenvald, Mauthauzen, Daxau, Zaksenhauzen, Ravensburyuk və b. ölüm düşərgələrində Avropa ölkələrinin antifaşistləri ilə birlikdə hitlerçilərə qarşı mübarizə aparmış və azərbaycanlı adına layiq fəaliyyət göstərmişdilər.

1942-1944-cü illərdə azərbaycanlı hərbi əsirlər Polşanın Edlin, Almaniyanın Noyhammer-Ştranse, Fransanın Rodez, İtaliyanın Udine, Triyestin Opçina, Çexoslovakiyanın Brno və Bistritsa rayonlarında gizli antifaşist təşkilatları yarada bilmişdilər.

Təkcə Fransanın cənubunda gedən partizan hərəkatında 1000 nəfərdən çox, Yuqoslaviyadakı partizanların zərbə briqadasında 600 nəfərdən çox azərbaycanlı vuruşmuşdu.

1943-cü ilin yayında Krımda fəaliyyət göstərən partizan dəstələri içərisində Azərbaycan partizan dəstəsi də var idi. Sonrakı illərdə Belarusiya torpaqlarında və Baltikyanı Respublikalarda da azərbaycanlı partizanlar düşmənə qarşı mübarizədə geniş miqyasda iştirak etmişlər.

Azərbaycanlılardan Ukrayna torpaqlarında faşistlərə qarşı mübarizədə 5000 nəfərə qədər, Belarusiya torpaqlarında isə 1000 nəfərə qədər döyüşçü partizan dəstələrində fəal iştirak etmişlər.

Azərbaycanlı döyüşçülər partizan dəstələri tərkibində Avropanın bir neçə ölkəsində faşistə qarşı müqavimət hərəkatında fəal iştirak etmişlər.

1943-cü ildə faşistlərin Almaniyanın Stranse əsir düşərgəsindən İtaliyaya, Triyestə və Yuqoslaviyaya köçürdüyü sovet hərbi əsirləri içərisində xeyli azərbaycanlı var idi. Onlar gizli antifaşist təşkilatı yaratmışdılar. Təşkilatın rəhbərliyinə Mehdi Hüseynzadə, Mirdamət Seyidov, Cavad Həkimli və başqaları daxil olmuşdular. Onların çoxu 1944-cü ilin fevralında əsirlikdən qaçaraq partizanlara qoşulmuş, İ.Qradnik adına İtalyan — Yuqoslav partizan diviziyası tərkibində əlahiddə rota təşkil etmişdilər.

Mehdi Hüseynzadə Yuqoslaviya Xalq Azadlıq Ordusunun 11-ci korpusu qərargahı yanında Haribaldi adına xüsusi kəşfiyyat — təxribat qrupuna rəhbərlik etmiş fövqəladə qəhrəmanlıqlar göstərmişdir. Həmin qrupa M.Hüseynzadə ilə yanaşı, Mirdamət Seyidov, Ənvər Məmmədov, Tağı Əliyev və digər soydaşlarımız daxil idi. Faşistlərə qarşı döyüşlərdə fərqlənən 50-yə qədər Azərbaycan övladı Yuqoslaviyanın orden və medalları ilə təltif olunmuşdur.

1942-ci ilin yazında Polşadakı hərbi əsir düşərgələrindən birində azərbaycanlıların gizli antifaşist təşkilatı yaradılmışdı. Ona zabit H.Qiyasbəyov və M.Məmmədov başçılıq edirdilər. Bu təşkilatın köməyi ilə bir qrup əsir düşərgədən qaçaraq Polşa partizanlarına qoşulmuşdu.

Fransanın Rodez şəhərindəki əsir düşərgəsində xeyli azərbaycanlı vardı. Onların çoxu gizli antifaşist təşkilatının üzvi idi. Burada üsyan hazırlanması xəbəri xain tərəfindən düşərgə rəhbərliyinə çatdırılmasına, onun qarşısını almaq üçün böyük tədbir görülməsinə baxmayaraq, gizli təşkilatın üzvlərindən həkim Əmirov son dəqiqədə fürsətdən istifadə edərək 29 nəfər əsirlə birlikdə meşəyə qaçıb fransız partizanlarına qoşulmuşdu.

Faşistlər xalqımızın qəhrəman oğulları Mirzəxan Məmmədov, Qulu Quliyev, Vəli Vəliyev, Mirzəli Məmmədli, Paşa Cəfərxanlı, Feyzulla Qurbanov, İsmayıl Heydərov, Həsən Əliyev, Qurban Məmmədov, Məmməd Axundov, Abbas Hüseynov və bir çox başqalarını həbs edib, böyük əzab və işgəncədən sonra ölüm cəzasına məhkum etmişdilər.

1944-cü il avqustun 17-də Rodez şəhəri fransız və azərbaycanlı partizanlar tərəfindən faşistlərdən azad edilmişdi. Bu əməliyyatda azərbaycanlılara gizli antifaşist təşkilatın üzvü Hüseynrza Məmmədov başçılıq edirdi. Rodez zəhmətkeşləri qəhrəmancasına həlak olmuş azərbaycanlı vətənpərvərlərin xatirəsini əziz tutaraq, onları böyük matəm mərasimi ilə Rodez qəbiristanlığında dəfn etdilər. Matəm mitinqində çıxış edən polkovnik Rişard fransız vətənpərvərlərinin sovet xalqına qarşı məhəbbətlə dolu olan fikir və duyğularını bu sözlərlə ifadə etmişdi: "Fransa, azərbaycanlı hərbi əsgərlərin igidliyini unutmayacaqdır. Övladlarımız, nəvə və nəticələrimiz də biləcəklər ki, uzaq Azərbaycandan olan dostlarımız da Fransanın faşizmdən azad edilməsi yolunda canlarını əsirgəməmişlər". Qardaşlıq məzarı üzərinə qoyulan baş daşına Azərbaycan xalqının qəhrəman oğullarının şanlı adları həkk edildi.


Tarix: 07.01.2015 / 16:37 Müəllif: Feriska Baxılıb: 60 Bölmə: Azərbaycan İkinci dünya müharibəsində
loading...