Moskva uğrunda döyüşlərin ən ağır günlərindən biri olan 8 dekabr 1941-ci ildə paytaxtın şimalında yerləşən Novqorod vilayətinin Pustinka kəndi yaxınlığında döyüşlərdə İsrafil Məmmədov komandir olduğu dəstənin 20 nəfər döyüşçüsü ilə 400 nəfərdən çox düşmən qüvvəsinin 9-10 saat ərzində aramsız hücumlarını dəf edərək mövqelərini daha da möhkəmləndirmişdi. Bu döyüşdə İsrafil Məmmədov özü 70-dən çox faşist məhv etdiyi üçün ona dekabrın 11-də Sovet İttifaqı Qəhrəmanı fəxri adı verildi. İsrafil Məmmədov bu yüksək ada layiq görülmüş ilk azərbaycanlı idi.
1941-ci ilin noyabrında Moskvanın müdafiəsinə göndərilən Bakı zenit artileriyası alayı düşmənin 40-a qədər təyyarəsinin yarıdan çoxunu məhv etmiş, qalanlarını isə Moskva səmasına çatmadan geriyə dönməyə məcbur etmişdi. Moskva uğrunda döyüşlərdə 1000 nəfərdən çox Azərbaycan vətəndaşı iştirak etmiş və "Moskvanın müdafiəsinə görə" medalı ilə təltif edilmişdir. Bunların arasında tank alayı komandiri Həzi Aslanov, polkovnik Yaqub Quliyev, mayor Muxtar Suleymanov, kapitan İsrafil İsmayılov, mayor Əhəd Şəmsizadə, leytenant Müseyib Allahverdiyev, leytenant Məmmədrəsul Paşayev, kiçik leyntenant Pərviz Tağızadə, serjant Camal Sədrəddinov, pulemyotçu İdris Vəliyev, sıravi Rəhim Kərimov, snayper Ziba Qəniyeva, tibb bacısı Aliyə Rüstəmbəyova və digərləri olmuşdur.
Tarix: 07.01.2015 / 16:35 Müəllif: Feriska Baxılıb: 57 Bölmə: Azərbaycan İkinci dünya müharibəsində