Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

416-cı milli atıcı diviziya

416-cı milli atıcı diviziyanın tərkibinin, xüsusi ilə də komanda heyətinin 92%-i azərbaycanlılardan ibarət idi. 1942-ci ilin payızında diviziya Şimali Qafqazda 44-cü ordu, az sonra 58-ci ordu tərkibində Mozdok istiqamətində döyüşlərə başladı. Taqanroq şəhərinin azad edilməsində fəal iştirakına görə, "Taqanroq diviziyası" adına layiq görüldü.

1943-cü ilin iyulundan sonra diviziyaya general mayor Heybət Heybətov komandanlıq etmişdir. Azərbaycan hökumətinin ardıcıl köməyi nəticəsində diviziya müharibənin sonuna qədər öz milli tərkibini saxlaya bildi.

Diviziyanın 1368-ci atıcı alayı Qırmızı Bayraq ordeni, 1054-cü topçu alayı Suvorov ordeni, 444-cü əlahiddə topçu divizionu Boqdan Xmelnitski ordeni, 348-ci əlahiddə sanitar batalyonu Qırmızı Bayraq ordeni ilə təltif edilmişdi.

Diviziya Qafqazdan Berlinə kimi 2500 km müzəffər döyüş yolu keçmiş, düşmənin 23 minə yaxın əsgər və zabitini məhv etmiş, 5474 nəfər əsir götürmüş, onların istifadəsində olan çoxlu döyüş texnikasını işlək vəziyyətdə qənimət kimi ələ keçirmişdi. Diviziyanın 14396 nəfər əsgər və komandiri SSRİ-nin orden və medalları ilə təltif edilmişdi. Komandir və əsgərlərin bir çoxuna xarici ölkələrin orden və medalları verilmişdi.

416-cı diviziyanın 1945-ci ildəki döyüş fəaliyyəti xüsusilə diqqətəlayiqdir. Diviziya 1945-ci ilin fevral ayının 3-də Oder çayını keçərək Kyustrin şəhərinin alınmasında iştirak etmişdir. Berlin üzərinə həlledici hücuma başlayan diviziyanın 1373-cü alayı Berlinin müdafiə xəttini yararaq, aprelin 21-də şəhərin kənarına daxil oldu. May ayının 3-də marşal Georqi Jukov başda olmaqla birinci Belorussiya cəbhəsinin hərbi şurasının üzvləri, 416-cı diviziyanın Berlində keçirdiyi döyüş əməliyyatlarının şahidi olmuş, onun xidmətlərinə yüksək qiymət vermişdilər.

416-cı milli diviziya İkinci dünya müharibəsi cəbhələrində 30 ay fasiləsiz döyüşlər aparmış, Bakıdan Praqaya qədər 5000 km yol qət etmiş, 6 Avropa ölkəsindən – Rumıniyadan, Bolqarıstandan, Yuqoslavinyadan, Macarıstandan, Avstriyadan, Çexoslovakiyadan və 50-dən çox böyük və orta çaydan keçərək düşmənin 28 hərbi təyyarəsini, 113 tankını və zirehli maşınını, 549 səhra topunu, 311 minomyotunu, 1152 pulemyotunu, 200 avtomaşınını, 219 parovozunu, 7400 vaqonunu, 70 ambarını məhv etmiş, küllü miqdarda qənimət ələ keçirmişdi.

Diviziyada xidmət etmiş zabit və əsgərlərdən 5 nəfərinə Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilmişdir. Diviziyanın özü Qırmızı Bayraq və II dərəcəli Suvorov ordeni ilə təltif edilmişdir, onun qələbələri şərəfinə Taqonroq şəhərinin yaxınlığındakı Sanbek yüksəkliyində xatirə ansamblı yaradılmışdır, Taqonroqda, Kiyevdə, Nikolayev və Odessa şəhərlərində və Moskvada diviziyaya həsr olunmuş şöhrət muzeyləri təşkil edilmişdir.


Tarix: 07.01.2015 / 16:37 Müəllif: Feriska Baxılıb: 38 Bölmə: Azərbaycan İkinci dünya müharibəsində
loading...