Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vüqar Aslanov

Vüqar Aslanov - Qarabağ müharibəsi iştirakçısı, şəhid.

Vüqar Qəmbər oğlu Aslanov 15 iyul 1970-ci ildə Laçın rayonunun Mişni kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılmış, Almaniyada hərbi qulluq edərkən erməni faşistlərinin xalqımıza qarşı zora¬kılıqlarını eşitmiş, torpaqlarımıza qarşı qəsdləri dəf etmək üçün Vətənə dönmüşdür.

Vüqar Aslanov 1990-cı ildə hərbi xidməti başa vurub kəndə qayıtdı. Elə qayıdan kimi də könüllü olaraq özü¬nümüdafiə dəstəsinə qoşuldu. Atası Qəmbər müəllim kimi təbiəti çox sevən Vüqar Vətənin müdafiəsinə biganə qala bilməzdi. Doğma torpaqların müdafiəsi üçün özünü səfərbər etdi.

1992-ci ildə Şuşa və Laçın rayonları ermənilər tərəfindən zəbt edildi. Vüqarın qulluq etdiyi batal¬yon Laçını tərk elədi. Az bir müddət sonra ordu hissələrimiz yenidən Laçın rayonunun şimal hissəsini düşmən qüvvələrindən təmizləməyə nail oldu. Bu zaman ən ağır döyüşlər “Hoçaz qayası” adlanan ərazidə və onun ətrafında baş verdi. Vüqarın aid olduğu batalyon görünməmiş şücaət göstərdi. Əksəriyyəti Mişni cavanlarından olan bu dəstənin fədakarlığı hamıya örnək olacaq bir kitabın səhifələridir. Bu yazılacaq kitabda başda Elşad Ramazan oğlu Qarayev olmaqla (Əbədiyyətə qovuşan ruhun şad olsun, ay xalaoğlu!) Mişni batalyonunun qəhrəmanlığı öz əksini tapacaq (hansı döyüşçü ilə söh¬bət etdimsə hamısı dedi ki, Elşad müəllimin üstümüzdə əziyyəti çoxdur, o, bizim üçün adsız Milli Qəhrəmandır). 150-yə qədər canlı qüvvə və texnikanın məhv edildiyi Hoçaz qayası və onun ətrafındakı döyüşlərdə Vüqarın da öz qəhrəmanlığı unudul-mazdır. Təkcə Mişni kəndində düşmənin 51 muzdlu döyüşçüsünün öldürülməsi və 6-sının əsir götürülməsi faktları Mişni batalyonunun əsl şücaətini əks etdirir.

Lakin tezliklə torpaqlarımız yenidən düşmən əlinə keçdi. Vüqarın aid olduğu batalyon Kəlbəcər rayonuna göndərildi. Bu zaman Ağdərə yolu bağlanmış və əsgərlərimizin cəsədləri düşmən ərazisində qalmışdı. 1993-cü ilin fevral ayı idi. Batalyon əks hücuma keçdi. Düşmən çoxlu itki verərək yolu açdı, cəsədlər götürüldü. Sonra batalyon Daşkəsən ərazisində Kəlbəcərə kəşfiyyat üçün mövqe tutdu və 1993-cü ilin noyabrına qədər o ərazidə qaldı. Elə həmin ay batalyon Füzuli rayonu ərazisinə gətirildi. Əvvəlcə Balabəhmənli kəndinə, sonra isə kənd Horadizə, oradan da Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə qədər gəlib çıxan batalyon ağır döyüşlərə şahid oldu. Elə bu zaman atəşkəs elan olundu.

1994-cü il martın 13-də növbəti kəşfiyyat planı hazırlandı. Vüqar yoldaşları ilə düşmən postuna yaxınlaşdı. Vüqar qabaqda gedirdi, birdən partlayış oldu. Vüqar minaya düşmüşdü. Yoldaşları ona çatanda artıq gec idi. Qəlpə yaraları almış Xudayar Qarayev ağır yaralanmış, Vüqar isə əbədi olaraq gözlərini yummuşdu. Bir Azərbaycan övladı şəhidlik dün¬yasına qovuşmuşdu. Öz vüqarı ilə, öz qəhrəmanlığı ilə.

Vüqarın nakam ölümündən sonra çox qısa ömür sürən ata və anası – Qəmbər müəllim və Dinarə ana üçün yeganə təsəlli yeri Şəhidlər Xiyabanı oldu. Bir də döyüşlərdə Vüqarla birgə iştirak edən, Vüqarla əkiz olan Habilin Vüqarla həddən artıq oxşarlığı. Lakin Vüqarsız dünyada xatirələrlə yaşamaq sizin üçün çətin oldu. Vüqarmı tələsdi, sizmi tələsdiniz? - bilmirəm. Haqq dünyasına qovuşan ruhlarınız şad olsun! Mişni kənd xəstəxanasına Vüqar Aslanovun adı verilib.


Tarix: 27.01.2015 / 14:49 Müəllif: Feriska Baxılıb: 241 Bölmə: Azərbaycanın müharibələri‎
loading...