Əli bəy muəllim: Niyə televizora baxmırsan, qəzet oxumursan. Bilmirsən fransızların cücə-plovu qurbağadı. Tez uşaqları göndər beş-on qurbağa tapıb gətirsinlər, bizi kişinin yanında pərt eləməsinlər. Amma qurbağalar bir az canlı olsunlar.
Həsənqulu: Ə, qurbağadan çox qurbağa var ey, amma onu kim bişirəcək.
əli bəy muəllim: Əşi köməkçisi var, o bişirər. Sən uşaqları göndər.
Həsənqulu: Ay uşaq, ordanCəlalı çağırın.
(Cəlal gəlir)
Həsənqulu: Ə, qaç gölməçəyə, bir vedrə qurbağa tut gətir.
Cəlal: Ata, vallah mən qurbağadan iyrənirəm.
Həsənqulu: Axmaq-axmaq danışma, o boyda kişi yol gəlib yorulub, acdı, qurbağa istəyir. Uşaqları da götür, qaçın gölməçəyə.
Cəlal: Ata, vallah uşaqlar da iyrənir. Əlimizə ziyil çıxacaq.
Həsənqulu: Ə, tərpən dedim sənə, tez elə, bir-iki dənə də tısbağa tutun, bəlkə tısbağa da istədi.
(Cəlal gedir)
Həsənqulu: (Təsyeyə yaxınlaşır) Cənab Təsye, vallah bilməmişik. Qarabağın bütün qurbağaları sizə qurban olsun. Uşaqları göndərdim. Hələ dedim tısbağa da gətirsinlər. Cənab Təsye, bizim Qarabağ qurbağalarının dünyada tayı-bərabəri yoxdu ey! Hələ quruldamaların eşidəsiz. Heç bir ölkənin qurbağaları bizim qurbağalar kimi avazla, şirin-şirin quruldaya bilməz. O qızıldan qiymətli başınız haqqı, gecə sizi aparım gölün qırağına qurbağaların qurultusuna qulaq asın, məəttəl qalacaqsınız... Simfoniyadı ey, başdan-ayağa.
əli bəy muəllim: Həsənqulu, Cənab Təsye qurbağaları yiyəcək ey, oxutmayacaq.
Həsənqulu: (bir qədər əsəbi) Əşi, ermənilər hər zir-zibillərinin tərifini göyə qaldırırlar. İndi nə oldu, mən bir balaca gül kimi qurbağalarımızı təriflədim dünya dağıldı?! Elə-belə eləyirsiz ey, ala bilmirik Qarabağı.
Təsye: (onların mübahisəsini kəsir) Əli bəy-müəllim, bu cənablar kimdi?
əli bəy muəllim: Bu Həsənquludu.
Təsye: Həsənqulunu yaxşı tanıyıram. Cənab Brat haqqında mənə çox danışıb. Bilirəm ki, bu yerlərin ağsaqqalıdı, hörmətli adamdı.
(Həsənqulu qəddini düzəldib ətrafdakılara bir forsla baxır)
əli bəy muəllim: Bu Mirzə Hüseyndir. İngilis dili müəllimidi. Özü də şairdi, iki kitabı çıxıb.
Mirzə Hüseyn: Üç! Biri də çapdadı. Özüm də Yazıçılar Birliyinin üzvüyəm.
əli bəy muəllim: Bağışlayın, üç, biri də çapdadı. Özü də Yazıçılar Birliyinin üzvüdü.
Təsye: Çox gözəl, çox gözəl. Bəs uşaqlara Hüqonun dilini öyrətmirsiz?
Mirzə Hüseyn: Niyə fransız dili də öyrədirik.
Təsye: Hə, bu çox yaxşı, çox yaxşı. Hüqonun dili dünyanın ən gözəl dilidi.
Mirzə Hüseyn: (kənara) Niyə bizim dilimizə it dəyib?! Hüqo Füzulinin heç şagirdi də ola bilməz.
əli bəy muəllim: (yavaşca Mirzə Hüseynə) Ə, yavaş, eşidər!
Mirzə Hüseyn: Cəhənnəmə eşitsin. Belə eləysirsiniz deyin Qarabağı ala bilmirik ey.
əli bəy muəllim: Bu Mir Bağırdır ki, bizim bu bölgədə nümayəndəmizdir.
Təsye: Yəni bu bölgənin bələdiyyə sədridir.
əli bəy muəllim: Təxminən elə bir şey. Bu Heydər müəllimdir, şəhərciyin meridir.
Heydər müəllim: Ə, mer nədi?
əli bəy muəllim: Lənət sənə şeytan, ə, bunlar icra başçısına mer deyirlər, qandın? Özü də oğlun Parisdə oxuyur. (Təsyeyə) Cənab Təsye, özü də oğlu Parisdə oxuyur.
Təsye: Bizim Pağidə?
əli bəy muəllim: Bəli, bəli, sizin Parisdə.
Təsye: Nə gözəl, nə gözəl. Cənab Heydər müəllim, siz mənim telefonumu verərsiz oğlunuza, kəsir-zadı olsa qoy mənə zəng eləsin, rektor mənim arvadımın ən yaxın dostudur. Birbaşa elə bizim arvada da zəng edə bilər. Bizim arvad türkləri çox sevir.
Heydər müəllim: Allah-təala sizi başımızın üstündən əskik eləməsin.
Təsye: Cənab Heydər müəllim, bu şəhərdə sizin övladınızdan da başqa xaricdə təhsil alan varmı?
Heydər müəllim: Xeyr, Cənab Təsye! Doğrudur, Həsənqulunun oğlu da xaricdə təhsil alıb, Leninqradda, amma ora bizim üçün xaric sayılmır. Həm də çifayda, axırı peşmanlıq olub. Alkaqolikdi, ağzının danışığını bilmir. Həsənqulu kişi kimi bir el ağsaqqalın hörmətdən salır. Camaatın ondan gözü qorxduğuna görə day heç kim uşağını xaricə oxumağa göndərmək istəmir.
Həsənqulu: Cənab Təsye, Allah ağlımı onda aldı ki, gül kimi Parisi qoyub uşağı göndərdim o xaraba Leninqrada. Getdi elm öyrənmək əvəzinə qoşuldu uruslara, elm əvəzinə araq içməyi öyrəndi. İnşallah, balaca oğlumCəlalı göndərəcəm Parisə. Gedib oxusun, sizin kimi elm sahibi olsun.
Təsye: Leninqradda oxuyan oğlun burdamı?
Həsənqulu: Xeyr, cənab Təsye, xəcalətindən sizi görcək qaçıb gizləndi. Allah onun üzün qara eləsin.
Təsye: Çağırın gəlsin, görmək istəyirəm.
(İsgəndər gəlib durur Təsyenin önündə və əllərini cibinə qoyub baxır onun üzünə)
Təsye: Cənabların adı nədir?
İsgəndər: (fransızca) Adım İsgəndərdir.
(Təsye onun fransızca danışmasından çaşır, təəccüblə başını yelləyir)
Təsye: Fransızca harda öyrənmisiz?
İsgəndər: Mən Sankt-Peterburqda universitet bitirmişəm, ixtisasca diplomatam.
Təsye: Belə de, belə de! Çox gözəl, çox gözəl! İsgəndər! İsgəndər Zülqərneyn! İsgəndər Makedonski! Nə gözəl isimdir. İsgəndər Makedonski Qordi düyününü qılıncla kəsdi. Siz də, özünüz, Qarabağ düyününü kəsə bilməzmisiniz?
İsgəndər: Niyə kəsə bilmirik ki!
Təsye: Bəs niyə kəsmirsiniz? Bizi evdən-eşikdən, arvad-uşaqdan, işdən-gücdən edirsiz?
İsgəndər: Ermənilərin sizin kimi aftafa götürənləri olmasa özləri bizə yalvarar ki, gəlin Qarabağınıza yiyə durun. Az qala iyirmi ildir buralarda veyllənirsiz, siz nə qələt eləmisiz, bizim başımızın altına yastıq qoymaqdan başqa.
Təsye: Cənab Həsənqulu, xahiş edirəm bu ədəbsizi burdan kənar edəsiz.
Heydər müəllim: Cənab Təsye, ağlı başında deyil, çünki gecə-gündüz keflidi.
Mir Bağır Ağa: Hələ kefliliyi cəhənnəm. Hər yerdə deyir ki, Atət impotentdi, nə bilim mavidilər.
Təsye: Necə?
əli bəy muəllim: Xeyr, xeyr, cənab Təsye! O qələti eliyə bilməz.
Mir Bağır Ağa: Necə eliyə bilməz?! Elə dünən çayxanada öz qulağımla eşitmişəm.
Təsye: (Durur ayağa) Bu təhqirdi, biz sizdən ötəri neçə illərdi evimizdən-eşiyimizdən olmuşuq. Aylarla arvad-uşağımızı görmürük. Bu da əvəzi?! Mən burda qala bilmərəm.
(Adamlar qarışır bir-birinə, Həsənqulu Təsyeni basır bağrına)
Həsənqulu: Cənab Təsye, mən onu necə lazımdı cəzalandıracam. Siz mənim evimdən narazı getməyin. Yoxsa sabah qardaşım Bratın üzünə necə baxaram.
Adamlar: Narahat olmayın, bu dəqiqə onu it kimi qovarıq.
(çıxırlar İsgəndərin dalınca)
Təsye: Əli bəy-müəllim, bu İsgəndərdi-nədi, ondan heç gözüm su içmir.
əli bəy muəllim: Cənab Təsye, heç narahat olmayın, onu buralarda it yerinə də qoyan yoxdu.
Təsye: Gör yemək nə oldu, acından öldüm. Mümkünsə bir Napoleon konyakı da tap. Buralarda olurmu?
əli bəy muəllim: Buralardakı girdirmədi.
Təsye: Girdirmə nədi?
əli bəy muəllim: (öz-özünə) Sizin Atət kimi bir şey. (sonra üzünü tütür Təsyeyə). Yəni saxtadı. Bəraye-ehtiyat özümlə Bakıdan götürmüşəm.
Təsye: Çox sağ ol. Bir də denən yatağımı hazırlasınlar. Bir də özün bilirsən də, mən gecələr tək qala bilmərəm, bədənim möhkəm ağrıyır. Gərək bir qüvvətli gənc oğlan məni massaj eləsin. Özün bilirsən də! Dayanma!
(Əli bəy-müəllim çıxır)
Təsye: Mən həmişə deyəndə ki naxoşam, elə bilirlər yalan danışıram. Amma Allah şahiddir ki (xaç çevirir) mən heç kəsi aldatmıram. Çünki mən doğrudan xəstəyəm. Və mənim mərəzim çox şiddətli mərəzdi. Hər gecə bir qüvvətli kişi məni masaj eləməsə yata bilmirəm.
(Yemək-içmək gətirirlər. Əli bəy-müəllim bir bığıburma oğlanla girir içəri)
Bığıburma: Əli bəy-müəllim, vallah ayıbdı.
əli bəy muəllim: Ə, nə ayıbdı. Bunlar avropalıdı ey, canlarının qədrini bilirlər. Hər gecə özlərini ovdurmasalar rahat yatmazlar.
Bığıburma: Sənin başına dönüm, ayrı adam tap. Vallah, sabah qəsəbədə bilsələr mən gecə qonağı ovmuşam, gərək baş götürüb buralardan gedəm.
əli bəy muəllim: Ə, axmaq-axmaq danışma. Sənə təzə qəsəbədə üç otaqlı mənzil verəcəm. Otur qonaqla ye-iç.
Bığıburma: Əli bəy-müəllim, mən qurbağa yeyənəm?! Mən qurbağa görəndə iyrənirəm.
əli bəy muəllim: Ə, sənə kim deyir ki, qurbağa ye. Cücə plov da var, sən plov ye. Xalis Napoleon konyakı vur.
(Bığıburma keçib oturur, Təsye ona da konyak süzür)
Təsye: İstəyirsən get, istəyirsən qal. Amma öləndən sonra sənin əməllərini ipə düzəcəklər. Görsünlər cəhənnəmliksən, yoxsa cənnətlik. O zaman səndən soruşacaqlar, dünyada nə qədər savab işlər görmüsən? Məni masaj eləməyini də yazarlar savab siyahısına və cənnətin qapıları üzünə açılar.
(Çadır şəhərində Yardım Qərargahı. Cəmiyyət yığılıb. Hamı ayaqüstə Təsyeni alqışlayır. Hamının görə biləcəyi bir yerdə dayanıb. Əli bəy-müəllim, Həsənqulu və digər ağsaqqallar, Qaçqınkomun işçiləri)...
Təsye: (Əlində xeyli sənədlər) Ey mənim əziz və mehriban qaçqın və məcburi köçkün qardaşlarım. Siz elə bilməyin Avropa, dünya sizi unudub? Əsla! Sizlər olmasa bizlər neyləyərik. Biz müsəlmanları çox sevirik, elə bizim Fransanın yarısı müsəlmandı. Biz avropalılar xaç gəzdirsək də əslində çoxdan İslamın buyurduqlarına əməl edirik. Sadəcə bir fərqimiz odur ki, bizlər şərab içirik, sizlər yox. Bizlər sizin üçün, siz müsəlmanların xoşbəxtliyi üçün çalışırıq. Baxın, əlimdə Birləşmiş Millətlər Çayxanasının, bağışlayın Təşkilatının Təhlükəsizlik Şurasının çıxartdığı dörd qətnamə var. Bu qətnamələrdə qeyd edilib ki, Ermənistan Silahlı Qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarını dərhal azad etməlidirlər.
Yerdən replika: Cənab Təsye, bu qətnamələrdən on yeddi il keçir, hələ ortada bir şey yoxdu.
Həsənqulu: Kəs səsini küçük! Böyük danışanda balaca qələt eləyib qulaq asar.
Yerdən replika: Belə eləyirsiz deyin Qarabağı ala bilmirik də!
(Yerdən replika atanı dərhal ordan uzaqlaşdırırlar)
Təsye: Belə araqarışdıranlara əhəmiyyət verməyin. Bəli, əziz qaçqın və məcburi köçkün qardaşlar, elə Atət-in Minsk qrupunu məhz ona görə yaratdılar ki, bu məsələni çözsün. Neçə illərdir bu yollarda əziyyət çəkirik, əlimizdən gələni edirik ki, sizlər doğma torpaqlarınıza, evinizə-eşiyinizə, əzizlərinizin yatdığı qəbiristanlıqlara dönəsiz. Atət-in Kəraməti böyükdür. Bizlər olmasa ruslar Tiflisi çoxdan işğal etmişdilər. Rusiya məhz bizdən qorxduğu üçün geri çəkildi. İndi də gücümüzü Ermənistana göstərəcəyik. Baxın artıq İtqapanı qaytarırlar. Kimdir deyən ki, ermənilər daha Qarabağı qaytarmayacaqlar.
Tarix: 09.06.2015 / 13:13 Müəllif: Aziza Baxılıb: 210 Bölmə: Aqil Abbas - "Ölülər"