Həsənqulu: Arvadsan, arvad işinə qarış. Görunur kişilər belə məsləhət biliblər. Mən çıxım görüm nə hazırlıq görürük.
Fatmanisə: (əllərini göyə qaldırıb) Ey yeri-göyü yox yerdən var eləyən Allah, məni neçə ildi ağlar qoymusan, ciyərimə dağ basmısan! Ay rəhim Atət -Allah bizə kömək olmadı, mən şəhərimizi səndən istəyirəm (ağlayır. İsgəndər girir içəri. Gəlib durur anasının yanında, anasının başını bağrına basır).
İsgəndər: Yazıq ana!
(Həsənqulunun evi. Fatmanisə və qızı Nazlı, qonşusu Zeynəb evi səliqəyə salırlar)
Nazlı: (sevinclə anasına) Ana, başına dönüm, ana, qadan alım! Ana, deyirlər bu gələn qonağımız İtqapanı qaytarıb! Qadan alım ay ana, bu doğrudu? (anasın qucaqlayır).
Fatmanisə: Ay qız, mən nə bilim?! Mən də sənin kimi. Odur ey, dədənə də məktub yazıb. O boyda adam yalandan yazmayıb ha! İşində ol, qonaqların gələn vaxtıdı. Bu xalçanı bir az bu tərəfə çək. Tez ol! Bir az çəpik tərpən!
Nazlı: Ana, vallah bilmirəm ağlayım, yoxsa gülüm. Vallah, gör ağlıma nə gəlir. Ana, vallah, qonağımıza yalvaracam, onun ayağına düşəcəm (ağlayır), qoy bizim şəhərimizi də qaytarsın.
Fatmanisə: Ay qız, qoy bir Təsye gəlsin, yəqin ki, dədən birtəhər yoluna qoyar.
Zeynəb: Ay Fatmanisə, sən Allah, ürəyini sıxma. Allah kərimdi. Fatmanisə, görən o kişi nə qüdrətin sahibidir ki, İtqapanı qaytara bilib. Heç o boyda beemte qaytara bilmədi. Bay Allah, kərəminə şükür. Vallah bu gün o qədər dua eləmişəm, heç bilmirəm nə qayırıram. Düzü, bizim o daxma bircə gün də yadımdan çıxmır. Minbir müsibətlə neçə ilə tikmişdik, heç bir ay içində yaşaya bilmədik. Bircə saatın içində yanıb kül oldu. Rəhmətlik kişi tutmasaydı özümü də evin içinə atıb yandıracaqdım.
Fatmanisə: Allah rəhim Allahdı, əlbəttə bizə də yazığı gələr. Qoy qaytarsınlar qayıdıb ondan yaxşısını tikəcəyik. Sən get ocağın altına bax.
Nazlı: Ana, vallah ürəyim bir tikə olub. Kaş evimizi bir də görəydim, ondan sonra ölsəydim də dərdim olmazdı.
İsgəndər: (oxuya-oxuya girir içəri) Həg Ana, kefin necədi?
Fatmanisə: Eh, zəhrimara qalsın kefimi. Sənin dərdin az qalıb məni çürütsün. Xalqın da uşaqları oxuyublar də! Odur ey, hamısı əməlli-başlı adam olublar, hərəsi özünə görə bir qulluq sahibidi. Amma sən, gecə kefli, gündüz kefli. El içində biabır olmuşuq. İçirsən o zəhrimarı, ağzına gələni danışırsan. Nə Allah tanıyırsan, nə də böyük-kiçik. Hələ o nə sözdü dünən Nazlıya demisən. Gəl yapışım əlindən bu xarabadan çıxıb gedək. Ay nə bilim, aparım səni Leninqrada, gir instituta. Elə bircə bu qalmışdı. Sən Leninqradda oxuyub bizi bəxtəvər elədin, qaldı Nazlı. Az qalıram öz əlimlə bir qəbir qazım, girəm içinə canım qurtara.
İsgəndər: (qəh-qəhə çəkir) Nə danışırsan ay ana, Brat dədəmə yazıb ki, mən əvəzdən Fatmanisəni öpərsən, de ki, onun xətrinə qaytaracam şəhərinizi. İndi sən ölsən Brat küsər, şəhərimizi qaytarmaz. Camaat da goruna tüpürərg Ha, ha, hag
(Zeynəblə Nazlı girir içəri. Zeynəb yastığı düzəldir. İsgəndər gəlib oturur yastığın üstə)
Zeynəb: Ə, dur, dur görüm, yastıqları əzmə. Səndən ötrü bunları bura qoymamışam ki! Görmürsən qonaq gəlir.
İsgəndər: Hey, ay Zeynəb, vallah kələyini duymuşam. Qonağın yolunda bu qədər çalışırsan ki, səndən xoşu gəlsin, səni alıb aparsın Parisə. Badenbadenin mavi gecələri, madam-madmazel... ha... ha... ha... Day bilmirsən ki, indi Fransada arvad almaq dəb deyil, kişi almaq dəbdi. Kişi də kişi alır. Ona görə ölkədə kişi qıtlığıdı. Yazıqlar Əlcəzairdən, Türkiyədən kişi idxal edirlər. Zeynəb, Fantamas kinosunu görmüsən?
Zeynəb: Niyə görməmişəm. Kino tapmayanda televiziyalar həftə səkkiz, mən doqquz verir.
İsgəndər: Orda yaraşıqlı bir oğlan vardı ey, bilirsən kimi deyirəm?
Zeynəb: Jan Mareni?
İsgəndər: Ay maşallah, görürəm adı da yadında qalıb. Zeynəb, indi məlum olub ki, o da kişi deyilmiş (gülür).
Zeynəb: Allah ayıbını örtsün.
İsgəndər: Mənim, yoxsa onların?! Ha-ha...
Fatmanisə: (İsgəndərə) Ay yazıq! Sən nəyə inanırsan ki, buna da inanasan. Yaxşısı budur, çıx get, qoy işimizi görək. Barı bu gün özünü adam kimi apar. Ay qız Zeynəb, sən də ona fikir vermə.
Mir Bağır Ağa: (içəri girir) Salam-əleyküm.
Fatmanisə: Əleyküməsalam, keç əyləş.
İsgəndər: (Gəlib durur Mir Bağır ağanın qabağında) Mən ölüm, əl ver! Lotusan ey, əl ver. İki ildən bir maşınla arvadı dəyişməsən bağrın çatlayar. Əlişin qatığı, Behbudun çörəyi... Lotusan əl ver.
Mir Bağır Ağa: Ayıbdı, ayıbdı! Heç olmazsa anandan utan, abır-həyan olsun.
Fatmanisə: Onun həyası olsa heç o sözləri danışar?
İsgəndər (Bir az təəccüblə özünə baxır) Bəlkə doğrudan məndə heç həya yoxdu. (Əllərini cibinə salıb nə isə axtarır) Baxım görüm bəlkə ciblərimdədi, yox, ciblərim də boşdu. Ə, sən bir ciblərinə bax, bəlkə sənin ciblərində olsun. (Mir Bağır ağa istəyir durub getsin). Mən ölüm incimə. Lotusan ey! Pul olan yerdə həya nəyə lazımdı ey! Heç görmüsən bazarda həya satalar? Bilirsən niyə? Alan yoxdu, pula getmir. Bir də ki, görən mən həyasızam, yoxsa bu binəva qaçqınların malın yeyənlər?
Mir Bağır Ağa: Ə, yekə kişisən, bəsdi də! Günah səndə deyil ey, sənin kimi bir axmaqla qohum olmaq istəyəndədi. Heyf Həsənqulu kimi kişiyə ki, sənin kimi oğlu var. (Gedir)
Fatmanisə: Bu gədə lap bizi biabır elədi. Rədd ol.
(İsgəndər çırtıq çalıb oynayır)
İsgəndər: Olmasaydı bizi kimi qaçqınlar, ac qalardı Bağır kimi axmaqlar.
Nazlı: Qağa, sən Seyid Lazım ağanın cəddi, bəsdi.
İsgəndər: (Yapışır Nazlının əlindən gətirir pəncərənin qabağına) Bax, bax, o kimdi?
Nazlı: Özün bilirsən də, mən nə bilim.
Fatmanisə: Ay oğul, Allahın-peyğəmbərin olsun. Bir utan. O nə sözlərdi o yazığa dedin. Yazıq Bakıda gül kimi evin-eşiyin qoyub gəlib burda bizim dərdimizi çəkir. Onun bizdən başqa buralarda kimi var.
İsgəndər: Niyə Nazlı kimi nişanlısı var.
Nazlı: Qağa, and olsun Allaha, mən Mir Bağır ağaya getməyəcəm, öz şəhərimizə dönməyənə qədər heç kəsə getməyəcəm.
İsgəndər: Ay yazıq, sən kimsən ey?! Tutaq ki, sən çəm-xəm elədin. Getmək istəmədin. Görəcəksən səni daldan itələyirlər, get-get. Çevrilib görəcəksən dədən Həsənquludu. Deyir, get bala, get, pulu var, maşını var, Bakıda evi var. O boyda Qaçqınkomda o boyda vəzifədə işləyir. Bu yerlərin yiyəsidi. Yardımımızı kəsər, qalarıq ortalıqda...
(Kimsə tövşüyə-tövşüyə içəri girir)
Kimsə: Qonaqlar gəlir, qonaqlar gəlir...
Həsənqulu: (girir içəri) Allah-təalanın hər bir bəlası gərək bizim başımıza gələ. Göydən yüzü tökülə, biri bizə çatmaz. Amma bircə paz düşsə bizlikdi. Təsye cənabları yolda özünü soyuğa verib. Barı Allah şəfa versin ki, xəcalət olmayaq. (İsgəndərə) Ə, barı bu gün qonaqların yanında özünü yaxşı apar. Ayıbdı, dost var, düşmən var.
İsgəndər: Dədə, gələn o İtqapanı qaytaran Təsyedi?
Həsənqulu: Hə, hə. Təsye cənabları özüdü.
İsgəndər: Dədə, doğrudan İtqapanı padnosda qaytarıb veriblər bizə? Ha, ha, ha... Özü də zəncəfilli, darçınlı?!
(Həsənqulu İsgəndərin qolundan yapışıb çıxarır bayıra. Bu vaxt Cənab Təsye varid olur, yorğundu. Alqışlar qopur. Qaçqınkomun nümayəndələri, şəhərciyin saytal kişiləri daxil olurlar içəri. Cənab Təsyeni oturdurlar divanın üstə, yastıq, mütəkkə ilə dirsəkləndirirlər)
əli bəy muəllim: Cənab Təsye, əhvalınız necədi?
(Təsye bir söz deməyib başını tərpədir)
Həsənqulu: (qorxa-qorxa Təsyeyə yaxınlaşır) Cənab Təsye, izin verin çay gətirsinlər.
(Təsye başı ilə "yox" deyir)
Həsənqulu: Bəlkə Cənab Təsye təam buyurur? Yaxşı cücə-plov dəmləyiblər.
Təsye: (heç kimin üzünə baxmayıb yavaş-yavaş) Necə cücə-plov?! Cücə-plov nədi? Hara gedirsən plov, xaş, bozbaş, kabab... Deyəsən bu millətin işi-gücü yemək-içməkdi. Əli bəy-müəllim, məgər bunlar bilmirlər ki, mənim yediyim yalnız qurbağa bacağıdı?
Həsənqulu: (Yavaşca Əli bəy-müəllimə) Əli bəy-müəllim, bu nə danışır? Qurbağa bacağı nədi?
əli bəy muəllim: Qurbağa qurbağadı də, görməmisən.
Həsənqulu: Görmüşəm, niyə görməmişəm! Amma qurbağa yeyən görməmişəm.
Tarix: 09.06.2015 / 13:13 Müəllif: Aziza Baxılıb: 217 Bölmə: Aqil Abbas - "Ölülər"