Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ramiz Rövşənİlan balası

İlan balası

Böyüyüb bu körpə ilan balası,
gah o başa, gah bu başa sürünür.

Sevinir udduğu havaya, suya,
Torpağa sevinir,daşa sevinir.

Bir sevgi həvəsi dolur canına,
Gecələr gözünün itir yuxusu.

Çiçəyin qoxusu,
otun qoxusu,

Küləyin nəfəsi dolur canına.
Özündən xəbərsiz,

səssiz-səmirsiz
Zəhərə çevrilir canında hər şey.

Bu ilan balası bir vaxt
Canında gizlənən zəhərdən xəbər tutacaq.

Bəlkə qarğıyacaq
baxtını onda,

Bəlkə boğazını
qəhər tutacaq.

Ağlama, ağlama, ilan balası,
Baxtını qarğıma, ilan balası!

Bu da bir ömürdü,
dözəsən gərək,

Beləymiş taleyin əmri, buyruğu;
Döşünün altında

sevən bir ürək,
Dişinin altında

zəhər tuluğu.
Görənlər çığırar:

- İlan var, ilan!..
Qovduqca qovarlar səni dünyada.

Hər yandan kəsilər
yolun-yolağın,

Tək bircə yol qalar sənə dünyada;
Başından
quyruğunacan,

Zəhərli dişindən
Quyruğunacan
Tək bircə yol qalar, -
o yol özünsən,
Özün öz yolunsan, ilan balası.

Hara qaçacaqsan
göz qabağından,
Bu zalım dünyaya neyləyəcəksən?
Yüz yol çıxacaqsan
öz qabığından,
Özündən ayrıla bilməyəcəksən.

Öyrən,
yavaş-yavaş özünə öyrən,
Dünyanın hər Ardı »

Ramiz RövşənBir səhər yuxudan durub

Bir səhər yuxudan durub

Bir səhər yuxudan durub
Özünü uşaq görəsən.
Görəsən hamı evdədi,
Ölənləri sağ görəsən.

…Qorxasan qaçıb gedələr, -
Tez qapını bağlayasan.
Geri dönüb içəridə
bir təzə qonaq görəsən.

Görəsən ki, qapqaradı
o qonaq başdan ayağa.
Ondan başqa hamısının
üst-başını ağ görəsən.

Pəncərədən içəriyə
dola, dola gün işığı.
İçəridə boş-boşuna
yanan bir çıraq görəsən.

Söndürəsən o çırağı -
hamı birdən yoxa çıxa….
Otaqda bir qara qələm,
bir də ağ vərəq görəsən. Ardı »

Ramiz RövşənÇıxır..

Çıxır..

Ələ qələm alan kimi,
Sətirlər qaralan kimi,
Köynəyə çıxan qan kimi
Kədərim varağa çıxır.

Canımda sözlər sıxılır,
Artır, üst-üstə yığılır,
Yüz nəğmə batır, boğulur,
Bir nəğmə qırağa çıxır.

Küsən çox şair sözündən,
Öpən yox şair gözündən,
Şeirin astarı üzündən
Baha çıxır, baha çıxır... Ardı »

Ramiz RövşənDərd...

Dərd...

Göz yaşları süzüldükcə
Adamın quru üzünə,
İçimizdə batan dərdlər
Bir-bir çıxır su üzünə.

Qazancımız bitdi bizim,
Bu dünyanın dərdi bizim,
Çevrilərik dərdimizin
O üzündən bu üzünə.

Milyon-milyon qəbir varsa,
Bir qəbirsiz şair varsa...
Üzündə bir sağ yer varsa,
Dünyanın tfu üzünə!.. Ardı »

Ramiz RövşənNə var Allahdan yuxarı?

Nə var Allahdan yuxarı?

Nə var Allahdan yuxarı?
Nə var qəbirdən aşağı?
Çəkdiyim ahdan yuxarı?
Bildiyim sirdən aşağı?

Niyə günün gündüzündə
Quşlar azır göy üzündə?
Göz yaşları quş gözündən
Tökülür dən-dən aşağı.

Demə, biz ki quş deyilik,
Allaha tanış deyilik...
Ruhum, dur, yığış, gedirik,
Sən yuxarı, mən aşağı... Ardı »

Ramiz RövşənÜmidim yox bir adama

Ümidim yox bir adama

Ümidim yox bir adama,
Tanrı çatacaq dadıma,
Yenə salacaq yadına,
Yenə dindirəcək məni.

Mən əlinə düşən kimi,
Sevinəcək uşaq kimi,
Bir sınıq oyuncaq kimi
Bir də qondaracaq məni.

Saçlarıma dən salacaq,
Ürəyimə qəm salacaq.
Yenə əlindən salacaq,
Yenə sındıracaq məni.. Ardı »

Ramiz RövşənGedək biz olmayan yerə

Gedək biz olmayan yerə

Gəl, əl-ələ tutub gedək,
Gedək biz olmayan yerə
Hər dərdi unudub gedək,
Dərdimiz olmayan yerə.

Burda qoyaq özümüzü,
Bu qırışan üzümüzü,
Bu köhnələn sözümüzü,
Gedək biz olmayan yerə.

Bir kimsə tutmasın xəbər
Gəl çıxıb gedək birtəhər.
Bu ev, bu küçə, bu şəhər,
Bu dəniz olmayan yerə.

Atam oğlu az çapala,
Sən deyən çətin tapılar,
Bu Ramizi kim aparar,
Bu Ramiz olmayan yerə?! Ardı »

Ramiz RövşənDünya qəfil işıqlansa,....

Dünya qəfil işıqlansa,....

Qəfil gün doğsa bir gecə,
Dünya düm ağ işıqlansa;
Şəhər-şəhər, küçə-küçə,
Otaq-otaq işıqlansa,
Görərik kimlərin əli
kimlərin cibindən çıxır.
Kimlər əyilə-əyilə
kimlərin evindən çıxır.

Qəfil gün doğsa bir gecə,
Min-min gizli günah görsək,
Üstünü örtə bilməsə,
Bu dünyanı çılpaq görsək,
Başımıza hava gələr,
ağlımız çaşar bəlkə də.
Hamı birdən baş götürüb
dünyadan qaçar bəlkə də.

Bu dünyada bəs kim qalar,
Kim böyüdər, uşaqları?!.
Nə yaxşı ki, bu dünyamız
Yavaş-yavaş işıqlanır… Ardı »