Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məmməd ArazDeyiləm

Deyiləm

Bilirəm, mən sənin göz yaşlarınam,
Donub gözlərində qalan deyiləm.
Bir mələk donunda girib qoynuna,
Sonra şahmar kimi çalan deyiləm.
Birinə varamsa, birinə yoxam,
Yoğrulmuş xamırım, yayılmış yuxam.
Mən hər vədəsilə bir tale yıxan
"Həqiqət geyimli" yalan deyiləm.
Qonsan kirpıyimə bir jalə kimi,
Köçsən də qəlbimə bir nalə kimi,
Mən səni bir dolu piyalə kimi
Götürüb əlimdən salan deyiləm.
Hər eşqin yolu var, hər ömrün yarı,
Yeri, bu ümidlər yolunda yarı...
Daha nə gizlədim, çalınmış tarı
Kökləyən deyiləm, çalan deyiləm... Ardı »

Məmməd ArazBir sənin eşqinlə

Bir sənin eşqinlə

Yenə varaqlandı könül kitabım
Bir sənin, bir sənin eşqinlə, gözəl!
Düşündüm gül açır, bülbül oxuyur
Bir sənin, bir sənin eşqinlə, gözəl!
Sinəmə bir eşqin sazını asdım,
Hər könül nəğməmi o dedi, yazdım.
Çox eşqin səsinə qulaq da asdım
Bir sənin, bir sənin eşqinlə, gözəl!
Gah odsuz, alovsuz pərvanə oldum,
Eşqinlə güləcək divanə oldum.
Bəlkə yüz gözələ biganə oldum
Bir sənin, bir sənin eşqinlə, gözəl!
Qəm-kədər üzünə tutanda pərdə
Qəmləndi çaylar da, şəlalələr də.
Sandım-doğur günəş, gülür səhər də
Bir sənin, bir sənin eşqinlə, gözəl!
Sənsiz bir anıma dedim bir ildi,
Dərdimi nə bacı, nə ana bildi...
Məhəbbət önündə qəddim əyildi
Bir sənin, bir sənin eşqinlə, gözəl! Ardı »

Məmməd Arazİnsan ürəyi

İnsan ürəyi

Unudulmaz, görkəmli aktyorumuz
Ələskər Ələkbərovun xatirəsinə
Bir şair demişkən yel əsdi yaman,
Başladı bir nəslin yarpaq tökümü.
Qopdu bir ömür də öz budağından,
Qopdu saralmamış bir yarpaq kimi.
Əcəlin nə ağır qanunu varmış,
Ölümün gülləsi dəydi hədəfə...
Cavanşir qılıncı yerə qoyarmış,
Vaqif də ölərmiş ikinci dəfə...
Gör, kimi yıxarmış, ürəyə bir bax...
O görkəm, o gövdə sanki dağ idi.
Bəlkə də bircə gün Otello olmaq
Onunçün əlli il yaşamaq idi...
Fırtına duyardın qaşqabağından,
Şəlalə kimiydi hər gülməyi də.
Onun hisslərinə dözməzdi bir an
Üç insan ömürlü fil ürəyi də.
Eh, ürək... Yox, onun nə təqsiri var,
Əsəblər üstündə yer salır insan.
Yollar silkələnər, relslər qırılar
Bir qəlbin yükünü qatara yığsan.
Sən, həkim, adını soruşmamış gəl
Öyrən ki, hər xəstən kimdir, nəçidir.
Elə bil sənətkar hər Ardı »

Məmməd ArazƏlvida, dağlar

Əlvida, dağlar

Bəlkə bu yerlərə bir də gəlmədim,
Duman, salamat qal, dağ, salamat qal.
Dalımca su səpir yoxsa buludlar? –
Leysan, salamat qal, yağ, salamat qal!
Qıy vuran qartallar yox oldu çəndə,
Nərgizlər saraldı şehli çəməndə.
Ey qaragöz pəri, dalımca sən də
Boylan, salamat qal, bax, salamat qal!
Gəldim, qarşıladı güllər-çiçəklər,
Gedirəm, əl edir boz biçənəklər.
Nidamı çaylara dedi küləklər:
Bulan, salamat qal, ax - salamat qal!
Dağların pələngi, şiri də sənsən,
Şairi də sənsən, şeiri də sənsən.
Varı, bərəkəti, xeyri də sənsən –
Çoban, salamat qal, sağ-salamat qal! Ardı »

Məmməd ArazGöygöl...

Göygöl...

Çiskinli bir gündə gəldim bu yerə,
Dumanda görünməz - dumandı Göy göl.
Tənha qayalara, lal meşələrə
Zülmət gecələrdə hayandı Göy göl.
Bir səhər gördüm ki, durulub yatır,
Kəpəzin dibində burulub yatır.
Qovulan ceyran tək yorulub yatır,
Daş atdım, diksinib oyandı Göy göl.
Döşünü qayıqlar düymə tək bəzər,
Dedim bu görkəmlə Xəzörə bənzər –
Qızını yaylağa köçürüb Xəzər;
Baxdı, cilvələndi, nazlandı Göy göl.
Yel əsdi, yarpaqlar suya töküldü,
Göy çitə tünd sarı güllər tikildi...
Buludla ağladı, günəşlə güldü,
Deyəsən bir kövrək insandı Göy göl... Ardı »

Məmməd ArazNecə unudum səni...

Necə unudum səni...

Baxıram ev-eşik boşdur elə bil,
Səninlə varım da, yoxum da gedib.
Bir ürəyim deyil, bir canım deyil,
Dincliyim də gedib, yuxum da gedib.
Bir anlıq dincəlim, yuxulayım deyə
Bircə əlacım var - unutmaq səni!
Ot kimi, su kimi bilmirəm niyə
Hər yerdə yaradıb bu torpaq səni.
Səyyah oluramsa, göz işlədikcə
Əvvəli, sonu yox bir düz olursan.
Mən səni gecələr unutsam, - gecə,
Gündüzlər unutsam, - gündüz olursan.
Dağlara çıxıram şimşəklər sənsən,
Saçımı dağıdan küləklər sənsən.
Bəlkə də bir simli iki sazıq biz,
Sən qansan, mən ürək, ayrılmazıq biz.
Qoy bir an ürəyim rahat döyünsün,
Bu qədər insafsız olmaz ki, adam!
Yox, səni bir anlıq unutmaq üçün
Özümü bir yolluq unutmalıyam... Ardı »

Məmməd ArazQırmızı qələm

Qırmızı qələm

Bir vaxt onu tapanda
olmazdı dərdim.
Qaşqa qulunu da,
Təpəl quzunu da
sevindirərdim.
Qırmızı zolaqlı yumurta
necə qəşəng olardı!
Qatarda uzaq gedən,
Döyüşdə bərk olardı...
Bir az da böyüdüm,
Bu qələmlə qırmızı
Alma çəkdim, cam çəkdim,
Qırmızı adam çəkdim.
Qiymətlər içində
Ən çox sevdiyim
qırmızı "beş"di.
Keçdi,
Qırmızı pionerlik
Dövrünü də keçdi.
Qırmızı qələmlə bir də
Sonralar qarşılaşdım,
Bu dəfə sevinmədim,
Titrədim, çaşdım.
Rəngi bilinməz rəngdə
Gözümə dəydi
qırmızı qələm.
Bir bürokrat əlindəydi
qırmızı qələm... Ardı »

Məmməd ArazSon anında

Son anında

Axır nəfəsinə yetişmədim mən,
Son dəfə bağrıma basmadım onu.
Ah, niyə görmədim gözündə sönən
Son həyat eşqini, son arzusunu.
Yudu baş daşını gözümün yaşı,
Göz yaşı yeni can vermir adama.
İlk dəfə qarğıdım qohum-qardaşı,
İlk dəfə acıdım doğma atama.
Qapadı gözünü o, mənsiz, necə,
Necə dəfn etdiniz məndən xəbərsiz...
Bir qarı dilləndi: "Anan ölüncə
Dedi ki, balamı çağırmayın siz.
Qorxar... İşi çoxdur... Azca ağladı,
Qorxduki, eşidib kədərlənərsən.
Son anda şəklini o qucaqladı,
Gözünə baxmadı... qəhərlənərsən..."
Yarama köz basdı bu söz də mənim,
Qopdu ürəyimdon yanıqlı nida:
Ana qəlbinə bax! Övlad qəmıni
Görmək istəməyib son anında da.

‹ Qırmızı qələm Ardı »