beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qınamayın, çəkəmmirəm bu dərdi

Yaman düşdük el-obadan didərgin,
Torpaq qanlı, yurd qan-qada, il gərgin.
Ürək dözmür, qan-yaş tökür göz hər gün,
Qınamayın, çəkəmmirəm bu dərdi.

Dörd bir yandan alov yağdı, boğulduq,
10-15 ev bir ocağa yığıldıq.
Arxasızlıq qənim oldu dağıldıq,
Qınamayın, çəkəmmirəm bu dərdi.

Sıxılmaqdan dağılmışıq nar kimi,
Əriyirik gün altında qar kimi.
Sozalırıq külək qovan qor kimi,
Qınamayın, çəkəmmirəm bu dərdi.

Neçənci köç, bu neçənci nağıldı,
Ulu xalqım ulu yurddan dağıldı.
Bu dərd mənə ölümdən də ağırdı,
Qınamayın, çəkəmmirəm bu dərdi.

Yandırdılar ocaqların oduna,
Fərq olmadı, südəmərə, qadına.
Qanım donur, o gün düşcək yadıma,
Qınamayın, çəkəmmirəm bu dərdi.

Haray çəkdik, tapılmadı hay verən,
Həyat verən, ağrı verən, toy verən.
Baltalandı, neçə-neçə boy verən,
Qınamayın, çəkəmmirəm bu dərdi.

Qarlı dağda selə döndü göz yaşım,
Neçəsinə tapılmadı baş daşı,
Namərd oldu namərdlərin savaşı,
Qınamayın, çəkəmmirəm bu dərdi.
Qan-tər tökdük, ağac əkdik, bitirdik,
Bar gözlədik, bağını da itirdik,
Şələ-şələ ağrı, acı gətirdik,
Qınamayın, çəkəmmirəm bu dərdi.

Dinməsək də bir gün deyil günümüz,
Eşidilmir harayımız-ünümüz,
Ölənədək əriyərmi kinimiz,
Qınamayın, çəkəmmirəm bu dərdi.


Tarix: 26.12.2014 / 16:40 Müəllif: Aziza Baxılıb: 39 Bölmə: VƏTƏN ŞEİRLƏRİ