beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nə var bu yerlərdə şair olmağa

Baba vüqarlıdır, nənə laylalı,
Şəlalə hörüklü, bulud çalmalı,
Hər addımbaşında döşənib xalı,
Oğul istəyirəm burda qalmağa,
Nə var bu yerlərdə şair olmağa.

Zirvələr dayanıb əli butalı,
Min cür rəngə çalır yamacı, yalı,
Dərdlərə dərmandır qantəpər balı,
Quşlar tamarzıdır “qanad salmağa”,
Nə var bu yerlərdə şair olmağa.

Güneyi gülşəndi, qüzeyi qardı,
Bir yanı çiçəkdi, bir yanı bardı,
Qonaq durnaları qatar-qatardı,
Vaxt yoxdur qəmlənib fikrə dalmağa,
Nə var bu yerlərdə şair olmağa.

Bulağı nəğməylə haraylar məni,
Qucaqlar “daşaltı” saraylar məni,
Bu düzlər, tarlalar, dolaylar məni,
Çağırar torpağa arxalanmağa,
Nə var bu yerlərdə şair olmağa,

Küləyi sığaldı, qayası dözüm,
Barlı tarlalardı baxdıqca gözüm,
Hərdən söyləyirəm özümə özüm,
Zirvələr gərəkdir ər doğulmağa,
Nə var bu yerlərdə şair olmağa.

Sevinci bir dəniz, qəmi bir qaşıq,
Dağ dağa, təpəsi düzə yaraşıq,
Ömürlük bu yurda arxalanmışıq,
Üzü aranayıq, arxası dağa,
Nə var bu yerlərdə şair olmağa.


Tarix: 26.12.2014 / 16:39 Müəllif: Aziza Baxılıb: 39 Bölmə: VƏTƏN ŞEİRLƏRİ