beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Döyüşə hazırıq

Yenə imtahana çəkirlər bizi,
İllərdir dörd tərəf olub qan-qada.
Azara salıblar ürəyimizi,
Odunsuz, ocaqsız düşmüşük oda.

Elə bil sönübdür ayın bənizi,
Azalıb günəşin hərarəti də.
Fırtına qaldırsa insan dənizi,
İtəcək dünyanın səadəti də.

Çox su aparacaq bu xamır hələ,
Araya girənlər çox ərköyündü.
Yüz yara vuruldu obaya, elə,
Neçə yüz igidin çırağı söndü.

Fərmanlar bağlayıb əl-qolumuzu,
Səslənir Babəkin qılıncı qında.
Günbəgün göylərə çəkilir ruzu,
Milyonlar tapdanır haqqın yolunda.

Qan-qada yurdumu gətirib cana,
Döyüşə hazırıq, çalın cəngini.
Zülmətin ömürü yetişir sona,
Sahilə yan alır Azadlıq günü.


Tarix: 26.12.2014 / 16:36 Müəllif: Aziza Baxılıb: 40 Bölmə: VƏTƏN ŞEİRLƏRİ