beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Baharın torpağa qayıdışı var

Döyüldük, əzildik-çəkişdik, yetər,
Ən axır macalda itirən olduq.
Dərd varmı həyatda bu dərddən betər,
Ürəkdə qəm-kədər bitirən olduq.

Od tutub alışıb yanır yolumuz,
Tarlalar boğulur qan dənizində.
Nə üçün sustalıb vuran qolumuz,
Hardandır bu yetim gözləmə bizdə.

Çəkişmə, eloğlu, çəkişmə, bəsdi,
Ən kiçik günah da acı gülüşdü.
Şir qalxıb pələngin yolunu kəsdi,
Arada payları tülküyə düşdü.

Tapdağa vermişik arı, namusu,
Çaylardan su deyil, qızıl qan gedir.
Naşılar bacarmır, bacaran susur,
Hər qarış yurd üçün yüz qurban gedir.

Üstündür həmişə ağıl ağıldan,
Gizlətmə karsızdan kömək əlini.
Ömürlük bəs edər, doyduq nağıldan,
Qabaqla düşmənin bəd əməlini.

Birləşib qalxsanız dağ oynayacaq,
Ah-nalə tutacaq qansızı qında.
Silkinib qalxacaq neçə od-ocaq,
Sahibi çıxacaq oyuncağın da.

Boranlı meşənin çiçəkli yazı,
Bəhərli payızın qarlıqışı var.
Don atan dərənin şirin avazı,
Baharın torpağa qayıdışı var.


Tarix: 26.12.2014 / 16:38 Müəllif: Aziza Baxılıb: 49 Bölmə: VƏTƏN ŞEİRLƏRİ