Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağlama Xocalım

Bir zaman üstündən qara yel əsdi,
Yel qarı sovurdu,qar yolu kəsdi.
Ağlatmaq vaxtıdır,ağlama bəsdi
Son qoy dərdə,qəmə,naləyə,aha-
Ağlama Xocalım,ağlama daha.

Od saçır bu odlar yurdumuz bizim,
Dünyanı isidir odumuz bizim,
Elə bir gücdədir ordumuz bizim,
Bu döyüş düşmənə gələcək baha-
Ağlama Xocalım,ağlama daha.

Bitsin əfqanımız,bitsin ahımız
Bizə səbr vermə ey Allahımız,
Əsir məzarlardır səcdəgahımız,
Səni and verirəm o səcdəgaha-
Ağlama Xocalım,ağlama daha.

Ağlasan sevinər türkün düşməni,
Ağlama,ağlamaq qorxudur məni.
Gəlib əsarətdən qurtarar səni,
İgidlər sarılar topa,silaha-
Ağlama Xocalım,ağlama daha.

Gülümsə çatlasın düşmənin bağrı,
Bilirəm,dəhşətdir çəkdiyin ağrı.
Az qalıb,gəlirik qoynuna doğru
Ümidlə baxırıq üzü sabaha-
Ağlama Xocalım,ağlama daha.

Ali Baş Komandan bir kəlmə dinə,
Hamımız müntəzir onun əmrinə.
Ana dediyimiz vətən naminə,
Əli qana batan batmaz günaha-
Ağlama Xocalım,ağlama daha.
Çəkilər üstündən qara bulutlar,
Sənin Əlifin var,İnqilabın var.
Varsa Mübariztək igid oğullar,
Başqa bir ehtiyac yoxdur izaha-
Ağlama Xocalım,ağlama daha.

Səndə qalmayacaq düşməndən bir iz,
Bitəcək bu həsrət,bu ahnaləmiz.
O günlər olacaq,güvənirik biz
Yerdə ordumuza,göydə Allaha-
Ağlama Xocalım,ağlama daha.


Tarix: 26.12.2014 / 16:29 Müəllif: Aziza Baxılıb: 159 Bölmə: VƏTƏN ŞEİRLƏRİ
loading...