beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

RAMAZAN AYINDA UŞAQLARIMIZIN TƏRBİYƏSİ

Bismilləhir-Rəhmanir-Rəhim


Həmd olsun bizlərə övlad verən Allahu Təalaya! Şükür olsunki onları bizim canımızdan çıxardı və onlara qarşı qəlbimizdə rəhmət və mərhəmət yaratdı! Həmd və səna olsun O Uca Allaha ki, bizləri bu həyatda yalnız qoymamaq üçün nəslimizi davam etdirən övladlar bəxş etdi bizə!

Əziz və hörmətli oxucularımız, dəyərli müsəlmanlar! Səhih Əl-Buxarinin təsnifatında rəvayət olunurki, Rəbii bin Muavvid belə demişdir: "Biz oruc tuturduq və uşaqlarımıza da oruc tutdururduq, onlara yundan oyun düzəldirdik. Əgər biri ağlasa bunu ona verirdik və iftara qədər belə olurdu."
Alimlər deyiblərki bunu etmək vacib deyil, sadəcə uşaqlara oruc tutmağı öyrətmək üçun, onları məşq etdirib qabaqcadan hazırlamaq üçün gözəl bir vasitədir. Bunu da namaza uyğun olaraq belə etmək olar. Hansıki Peyğəmbərimiz (S.A.S) uşaqlara namaz öyrətmə barədə belə əmr etmişdir: "Uşaqlarınız yeddi yaşındaykən onlara namaz qılmağı əmr edin və on yaşında artıq onları vurun"

Ey analar, bəs siz övladlarınıza nəyi öyrətmisiniz? Bəs siz Ramazan ayını necə anlatmısınız uşaqlarınıza? Ramazan ayında uşaqlarınızın həyatındakı rolunuzu bilirsinizmi?

1. Ramazan ayının gəlişi münasibəti ilə evdə böyük dəyişikliklər olmalı idi, uşaqlara bu ayın necə sevinclə qarşılandığını göstərmək lazım idi.
2. Ana və ata uşaqları ilə oturmalı, onlara bu mübarək ayın fəziləti haqqında danışmalı, Cənnət qapılarının açılması, savabların artması və Allaha daha da çox yaxınlaşmaq haqqında söhbət etməlidirlər. Onlara uşaq dilində, uşaq tərzində, onların anlayacağı formada anlatmalıdırlar. Onlara Allah sevgisini və Allaha itaəti başa salmalıdırlar.
3. Ey ana! Ramazan ayının başqa bir ay olduğunu onlara hiss etdirmək üçün, onlara bir cədvəl yaz, edəcəkləri işləri başqa formada planlaşdır. Gündəlik görəcəkləri tapşırıqları, dərslərini və sairə kimi işlərini yeni vaxtla tənzimlə.
4. Ey ana! Uşaqların ibadətlərinin vaxtını da düzgün tənzimlə! Namazların vaxtında qılınmasını, zikr edilməsi, Qur'ani Kərim oxunması və məscidə gedilməsini cədvəl formasında dəqiq olaraq hazırla və onlara bunu vərdiş etdir. Onların əxlaqına və tərbiyəsinə də fikir ver, pis söz danışmasınlar deyə onlara nəzarət et və hər günün sonunda onlardan bir-bir nə etdiklərini soruş.
5. İmkan olduqca onlara ev işlərini tapşır, paltarlarını bir yerə yığmalarını, kitab-dəftərlərini səliqəyə salmağı onlara öyrət. De ki, sən də bu müqəddəs aydan istifadə etmək istəyirsən, bu bərəkətli ayın faydasını görmək üçün ibadətlərini çoxaltmalısan. Qoy onlar bunu anlasınlar və ev işlərində sənə kömək etsinlər.
6. Analar! Uşaqlarınıza oruc tutmağı tədricən öyrədin. Bir gün axşama kimi tuta bilsələr, onları mükafatlandırın. Əgər hansısa bir ayı tam oruc tuta bildisə, onu da başqa cür mükafatlandırın. Oruc tuta bilməyən, yaşca lap kiçik olan uşaqlarınızın yeməklərini isə suhur və iftar vaxtlarında edin. Gündəlik 3 öynə yemək verirsinizsə, səhər yeməyinə özünüzlə bərabər oyadın, günorta yeməyini verin, axşam yeməyini də sizinlə iftar zamanı yesinlər. Beləcə onlara etdiklərinizi göstərə bilərsiniz, həm də suhur və iftar vaxtının bərəkətindən uşaqlarınız da faydalanar.
7. Qızlarınıza xüsusi diqqət yetirin! Əgər həddi-büluğa çatmaqlarına az qalıbsa, onlara oruc tutmaq haqqında ətraflı mə'lumatlar verin!
8. Bir ana kimi oğluna da başqa cür yanaş. Ona sevgi-məhəbbətini göstərməyinlə bərabər, yetginlik dövrünün nə olduğunu da ona anlat.
9. Qur'ani Kərim oxumaq üçün ona xüsusi vaxt ayır, özün də oxu ki, ona nümunə olasan. İmkan varsa, qoy Qur'ani Kərimdən azacıq da olsa əzbərləsin.
10. Uşaqlarınıza Ramazan ayında verdiyiniz puldan, bir kənara qoymağı və qənaət etməyi öyrədin. Sonra bu puldan sədəqə verməyi onlara öyrədinki, indidən sədəqə verməyi, kömək etməyi, kimsəsizlərə əl tutmağı öyrənsinlər.
11. Ey ata! Namazlarını məsciddə qılırsansa, uşağını da özünlə sabah və təravih namazlarına götür. Qoy məsciddə namaz qılmağı öyrənsin, qoy məsciddəki camaatı görsün, qoy məscidə qarşı onda həvəs oyansın. Gündəlik 5 vaxt namazlarını vaxtında qılmaqlarına nəzarət et.
12. Qızlarınıza və oğullarınıza öyrədinki oruc tutmaqla bərabər, gözəl əxlaqlı və mədəniyyətli olmaq lazımdır.
13. Uşaqlarınızı televizorun qarşısında tək buraxmayın, televizordakı dəhşətlərin və müsibətlərin qurbanı etməyin uşaqlarınızı. Faydalı programları izləməyi məsləhət görün onlara.
14. Sonunda isə, Allaha daim olaraq dua edinki Allah oruclarınız və ibadətlərinizi qəbul etsin və həmçinin uşaqlarınızın tərbiyəsini qorusun.


Tarix: 06.01.2013 / 16:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 604 Bölmə: Ramazan