beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ŞƏVVAL ORUCU

Ramazan ayından sonra gələn şəvval ayında oruc tutmaq Rəsulullahın bir sünnəti olaraq günümüzə qədər gəlib çıxmışdır. Rəsulullahın bu barədəki hədisində belə deyilir:
"Kim orucla keçirdiyi Ramazan ayından sonrakı şəvval ayında altı gün oruc tutarsa, bütün ili oruclu keçirmiş kimi olar!"

Bir ay boyunca oruca alışmış olan insanlar şəvval ayında da altı gün oruc tutmağa böyük maraq göstərmiş, hətta bu orucu tutarkən təravih namazlarını da qılmışdılar. Təbii ki, bu maraq səbəbsiz deyil. Rəsulullah (sas) şəvval ayı orucunun bir il oruc tutmuş kimi savaba vəsilə olacağını bildirdiyi üçün müsəlmanlar bu aydakı oruca maraq göstərmiş və Ramazan orucunu tutanlar şəvval ayında da altı gün oruc tutmaqla "bütün ili oruclu keçirmiş olmaq" savabını qaçırmaq istəməmişdilər.

Alimlərimiz 30 gün Ramazan ayında və 6 gün də şəvval ayında oruc tutaraq savab qazanmanın izahını belə açıqlamışlar:
Ramazan boyunca oruc tutan insan hər orucuna on savab almışsa nəticədə bu üç yüz edər. Şəvval ayında tutduğu altı gün orucuna da altmış savab alınca yekun üç yüz altmış edər. Yəni təxminən bir il. Beləliklə də bütün ili oruclu keçirmiş kimi mənəvi qazanc əldə edilər...

Əslində bu kimi mənəvi ibadətlərdə əsas olan o işi ixlasla etmək, böyük bir istəklə bu savaba nail olmaq arzusu çox önəmdir. Bəzən elə oruclar olur ki, tutanın qəlbində bəslədiyi ixlasa görə 360 gün deyil, 360 illik nafilə orucun savabını qazana bilir. Rəbbimiz ixlasla istədiyimiz hər şeyi bizə nəsib edir... Önəmli olan bizim səmimi olaraq Ona yönəlməyimiz, yalnız və yalnız Onun rizasını qazanmaq istəyi ilə ibadət etməyimiz və Quranın da söylədiyi kimi "namaz və qurbanımızı yalnız Ona həsr et"məyimizdir. Bizdən istənilən sadəcə namaz qılıb, oruc tutub, qurban kəsmək və s. deyildir. Bizdən istənilən bu ibadətləri sadəcə Ona həsr etməkdir. Əks halda etdiyimiz ibadətlər nəinki bizə savab qazandıracaq, hətta günahımıza vəsilə ola biləcək. Buna görə Rəbbimiz dəfələrlə bizə xəbərdarlıq edir və namazda oxuduğumuz Fatihə ilə gündə beş vaxtda 17 dəfə bizə təkrarladır: "Yalnız Sənə ibadət edir və yalnız Səndən yardım istəyirik!"

İbadət yalnız Ona edilməli və yardım da yalnız Ondan istənilməlidir. Hər gün təkrarladığımız bu kəlmələri həyatımıza tətbiq edə bilirikmi? Tutduğumuz orucları sadəcə Onun rizasını qazanmaq və mükafatını da axirətdə Ondan almaq üçünmü tuturuq? Bəs oruc necə, o da bizi tuturmu?!...

Ramazan artıq bitdi. Gedərkən hüznünü hiss etdirməsin deyə arxasınca bir BAYRAM da qoydu getdi. Gəlişini Bayram edənlər, gedişində də təmizlənmənin, bağışlanmanın, rəhmətin bayramını etsinlər deyə. Bir ay boyunca az yeməyə alışmış mədəmiz, süfrədəki nemətləri başqaları ilə paylaşmanın keyfini yaşayan ruhumuz, bəlkə ac və susuz var deyə ətrafa diqqətlə baxan gözlərimiz bu gözəl alışqanlığı davam etdirmək üçün bir də şəvval ayının altı gün orucu ilə missiyasını davam etdirir. Ramazan bitdi bitməsinə, lakin verdiyi hüzur və könül rahatlığı davam edir.

Bir də ki, bu könül rahatlığı ilə də tutulan oruclar gerçəkdən də bir ili oruclu keçirməyə vəsilə ola bilər. Çünki oruclu olmağa alışmış bir nəfs Rəsulun hər sünnəsini ihya (diriltmək) etmək istəyəcək, aylardan həftələrə, həftələrdən günlərə keçəcək. Hicri aylarını hər 13,14,15 - ci gününü, hər həftənin birinci və dördüncü günün oruclu keçirərək ilin bütün aylarına bu orucu yayacaq. Və könül rahatlığı ilə dua edəcək: "Mənim, ibadətim də, həyatım da, ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür!"
Rəbbim bu duanı yaşamağı, bu duanı həyatımız ilə təsdiq etməyi nəsib etsin hər birimizə.
Bir Ramazan bitdi, lakin verdiyi hüzur davam edir. Rəbbim bu Ramazanın hüzurunu gələn ramazana qədər sürdürməyi nəsib etsin bizlərə.


Tarix: 06.01.2013 / 15:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 644 Bölmə: Ramazan