beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

O GECƏ

Tarix “OL!” əmrinin verildiyi zamandan başlayır. Dünyamız bir “OL!” əmrindən yola çıxaraq “DUR!” əmrinə qədər yol gedir. Yolun uzunluğu da zamanla ölçülür...

Yer üzünün qorxunc bir zəlzələ ilə sarsılacağı, maddi və mənəvi yükünü atacağı, insanın “bu Yer üzündə nə baş verir?” deyəcəyi zamana qədər... Günəş büküləcəyi, ulduzlar sönüb töküləcəyi, dağlar yerindən oynayacağı, hamilə dəvələr tərk ediləcəyi, bütün heyvanlar bir – birinə qarışacağı, dənizlər qaynadılacağı, bütün insanlar səf-səf düzüləcəyi, diri-diri basdırılan qız uşaqları hansı günahlarına görə öldürüldüklərinin hesabını soracaqları zamana qədər... Dünyamız olmağa davam edəcək. Davam etdiyi müddətdə isə zaman-zaman bizə bu ayələri xatırladacaq, bu ayələri yaşadacaq. Bəzən “Oxu!” deyə nazil olan ayələri Kitabdan oxumağı, bəzən o ayələri canlı olaraq yaşayaraq “oxumağı” və anlamağı öyrədəcək. Bəzən Yer bizi silkələyib oyatmaq üçün bir – iki təkan atacaq, bəzən də bizi oyatmaq üçün başqalarını silkələyəcək...

Dünyanın taleyini zaman həll edəcək. Bir zaman hər şey dayanacaq və zaman geriyə getməyə başlayacaq.
Dünyanın axarını, əvvəlini, axırını, gəlişini, gedişini dəyişən zaman. Zaman; gecələrin birində dünyanı aydınladan zaman. Gecəni gündüz edən, Ayı sultan edən zaman. Bir bəşəri (Kəfh, 110) digərlərindən seçərək ayıran, onu da aləmlərə rəhmət (Ənbiya, 107) edən zaman.
Bir gecə kainatda hər şey dəyişdi, təzələndi... Bir gecə insan oxumağı, dinləməyi, ona xitab edən Allaha təslim olub, əmrlərinə uymağı öyrəndi. Allah insanla danışdı. Elə sadə bir dillə (Nəhl, 44) danışdı ki, insan anlamıram, dərk etmirəm deyə bəhanə uydura bilmədi. Əmrlərinə sözsüz təslim olub yaşaya bilən Rəsulu bizə gözəl örnək (Əhzab, 21) oldu. Allah "Həbibim" dediyi Rəsulunun bizə “buyurduqlarını etməyi, bizi nədən çəkindirirsə, onları tərk etməyi” (Həşr, 7) əmr etdi. Çünki o “gözəli halal qılır, pisdən də çəkindirirdi” (Əraf, 157). Elə ona görə də “Allahın, mələklərin, bütün möminlərin salam verdiyi, salavat gətirdiyi” (Əhzab, 56) bir elçi oldu. Və Allah sevənlərinə Rəsulunu izləməyi əmr etdi: “Allahı sevirsinizsə, Rəsula uyun” (Ali İmran, 31, 32, 132; Nisa, 59) dedi. Sevənlərinə sevgilərini sübut etmək üçün Rəsula tabe olmağı əmr etdi.

Bütün bunlar o gecənin insanlığa bir lütfü idi. O gecə min aydan daha xeyirli oldu. O gecənin dəyərini anlamaq üçün isə maddiyatdan mənəviyyata keçid etmək lazımdır. Bütün dünyanın dəyərsiz olduğunu, cənnətin sadəcə bir bənzəri olduğunu, bizə imtahan üçün verildiyini dərk etmək lazımdır. Aylarla, həftələrlə, günlərlə deyil, sadəcə bir neçə saat ac qalaraq, aclığı yaşayaraq acların halını anlamaq, susuzluğu yaşayaraq suya dəyər vermək lazımdır.
İnsanlığın taleyini dəyişən, ona oxumağı, dinləməyi, təslim olmağı öyrədən zaman kəsiyinə, ayların sultanı Ramazan ayına, min aya dəyər olan bir gecə olan Qədr gecəsinə dəyər vermək üçün oruc tutmaq, bu ibadət sayəsində əsl dəyərin nə olduğunu, əsl nemətin mənəviyyat olduğunu anlamaq üçün o gecəni yaşamaq - sözün həqiqi mənasında - YAŞAMAQ lazımdır...
Ac və susuz qalmaq deyil, aclıq və susuzluğu anlamaq ən əsas şərtdir. Anladıqdan sonra nə olacaq deyə sual verməyin. İlk əvvəl o gecənin möhtəşəmliyini anlamağa çalışın. Anladıqda isə nə olacağını görəcəksiniz. Yerin sizi silkələyib oyatmasına daha ehtiyac qalmayacaq. Rəsulun sünnətinə uyaraq, ona tabe olaraq Allaha təslim olacaqsınız. Orucu oruc kimi tutacaq, Ramazanı Sultanlara layiq qarşılayacaq, gecələri aydınladan Qədr gecəsini yaşayaraq həm öz gecələrinizi, həm də ümmətin gecəsini aydınladacaqsınız.


Tarix: 06.01.2013 / 15:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 562 Bölmə: Ramazan