beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ON BİR AYIN SULTANI GƏLİR

Zamanı yaxınlaşan hər bir önəmli və mühüm işə xüsusi hazırlıq görülür.
Hazırlıq, planlaşdırma və həmin iş haqqında düşüncələr nə qədər çox və dərindirsə, bu, o işin nə qədər əhəmiyyətli olduğunu göstərir.
Mühüm bir səfərə hazırlaşan şəxs günlər öncədən getdiyi yer haqqında, görüşəcəyi şəxslər haqqında, oranın vəziyyəti, atmosferi, havası və sairə barədə bacardıqca çox məlumat toplayır. Günlər, bəlkə də həftələrlə gedib gələcəyi müddəti və işlərini planlaşdırır. Hətta vaxtının dəyərli keçməsi və hədərə getməməsi üçün hər bir iş üçün vaxt ayırır və qeydlər aparır.
Qarşıdan səbirsizliklə gözlənilən və hər il təm-təraqla keçirilən bir bayram gələrkən, necə hazırlıqlar görülür?! Bişiriləcək ləziz yeməklər, təamlar, şirniyyatlar, onların reseptləri hazırlanır. Dəvət olunacaq qonaqlar, qonaq gediləcək yerlər, hər biri üçün xüsusi geyimlər və sairə kimi müxtəlif mühüm sayılan işlər planlaşdırılır və qeyd olunur.

Beləcə, düşünün, yeni ev, yaxud yeni avtomobil, yaxud yeni kompüter alınmamışdan necə planlar qurulur, necə hazırlıqlar gedir. 1-2 həftə öncəni xatırlayın! Ali məktəblərə qəbul üçün necə hazırlıqlardan sonra necə həyəcanlı imtahan günləri keçdi.
Təbii ki, hər bir mühüm işə belə hazırlıq görülməlidir.
Yaxşı həmişə yaxşını axtarır, yaxşıya hazırlaşır.
Zir-zibilə və çirkinliklərə isə yalnız milçəklər qonar.
“Bu qədər müqəddimə nəyə lazımdır” – düşünürsünüzmü?! Əlbəttə, təxmin etdiyiniz və mövzunun adından da gördüyünüz kimi Ramazan ayına hazırlıqdan söhbət gedir. Təəssüf ki, nə qədər yazılsa da, yazanlar çoxalsa da, həqiqətdə Ramazan ayı kimi böyük bir neməti tam olaraq dərk edə bilmirik. Anlasaq belə, o bərəkətli və bol savablı aya içimizdə lazımıncə fərəh, sevinc, coşqu hissi duya bilmirik. Səhabələrin (r.a) səbirsizliklə həsrətini çəkdikləri bu ayı sevinclə gözləməyimizi bir kənara qoyaq, əhəmiyyətini bilə-bilə lazımınca belə hazırlaşa bilmirik.
Əziz müsəlmanlar! Qarşıdan səbr ayı gəlir. Ramazan ayı əsl səbr ayı, səbr məktəbi, səbr universitetidir. Oruc tutmaq özü böyük bir səbrdir. Səbr etmək bir çox formada ola bilər, ibadətləri davamiyyətli saxlamaq üçün, günahlara nəfs çəksə də yaxın durmamaq, yemək-içmək və sairə mübah şeylərdən özünü saxlamaq, bədənimizin qulaq, dil, göz, ürək, əl, ayaq və sairə kimi əzalarının ipini buraxmayaraq tərbiyələndirmək, ağrı-acıya, kədərə, qəm-qüssəyə və sairə kimi amillərə səbr etmək. Bundan başqa səbr edilməli amillərin siyahısını uzatmaq da olar. Mömin müsəlman bəndə nəyə məruz qalırsa və məruz qaldıqlarına səbr edirsə mütləq qarşılığında təsəvvür edə bilmədiyi mükafatlar alacaqdır. “Çünki Allah yolunda onlara üz verən elə bir susuzluq, yorğunluq və aclıq, kafirləri qəzəbləndirən elə bir atılmış addım, düşmən üzərində qazanılan elə bir uğur yoxdur ki, bunların müqabilində onlara yaxşı bir əməl yazılmasın. Həqiqətən, Allah yaxşı iş görənlərin mükafatını puç etməz.” (ət-Tövbə, 120)

Təsəvvür edin hələ bu səbrin mükafatını oruc tutmaq necə artırır. Peyğəmbərimizdən (s.a.s) rəvayət olunan hədislərdən də bizə bəllidir ki, Allah -Təala xeyir əməllərin savabını 10 mislindən 700 mislinədək artırır. Oruc tutmağın savabını isə bəlli etmədən, bildirmədən Özü üçün saxlamış, sonra, hesab günündə bildirəcəkdir.
“Ramazan ayına hazırlıqdan, hər bir mühüm işə ciddi hazırlıqdan başlayaraq niyə səbr mövzusuna keçdik” – düşünürsünüzmü?! Səbr etmə əxlaqı və mədəniyyəti çox böyük mədəniyyətdir, onu qazana bilmək və hələ onun mükafatına nail ola bilmək nə qədər böyükdür. Ramazan ayında qazana biləcəyimiz ən böyük savabların, əcrlərin, mükafatların başında isə səbr durur. Səbr etmək və ya səbr edə bilmək özü, bizi oruc tutmağın, yəni Ramazan ayının əsas hədəfinə çatdırır. Allah-Təala bu mübarək ayda oruc tutmağın vacıb olduğunu bizə buyurmaqla yanaşı qısa olaraq hikmətinə də işarə etmişdir. “Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz” (əl-Bəqərə 183)

“Məhz Ramazan ayı niyə başqa aylardan bu qədər fərqlənir, niyə bu ayda bu qədər savab və mükafatlar verilir, niyə məhz bu aya Allah-Təala bu qədər önəm vermişdir?!” – düşünürsünüzsə, uzun-uzadı, təfsilatlarını şərh etmədən Rəbbimizin bizə buyurduğuna bir nəzər yetirək. “İnsanlara doğru yolu göstərən, bu yolun və (haqqı batildən) ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir. Sizlərdən bu aya çatan şəxslər (həmin ayı) oruc tutmalıdırlar.” (əl-Bəqərə 185). Bu ayəni oxumaqla da xülasə deyə bilərik ki, müsəlman bu ayı Quranla keçirməlidir. Qurani Kərimi çox oxumalı, məna və hikmətlərini araşdırmalı, hidayətini ummalı, nurundan bəhrələnməli və orda buyrulanlarla əməl etməyə çalışmalıdır.
Qısaca, bu mübarək ayın fəzilət və bərəkətindən yararlanaraq və Rəbbimizin bizə buyurduğu kimi bütün xeyir əməllərə can atmalıyıq. “Rəbbiniz tərəfindən bağışlanmağa və müttəqilər üçün hazırlanmış, genişliyi göylər və yer qədər olan Cənnətə tələsin. O müttəqilər ki, bolluq zamanı da, qıtlıq zamanı da (mallarından Allah yolunda) xərcləyir, qəzəblərini boğur və insanları bağışlayırlar. Allah yaxşı iş görənləri sevir. O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər, – günahları Allahdan başqa kim bağışlaya bilər? – onlar bilə-bilə etdiklərinə görə israr etməzlər. Onların mükafatı, Rəbbindən bağışlanma və (ağacları) altından çaylar axan Cənnət bağlarıdır ki, orada əbədi qalacaqlar. (Yaxşı) əməl sahiblərinin mükafatı necə də gözəldir!” (əl-İmran 133-136)

Bu müqəddəs və mərhəmət dolu aya hazırlıqlar hamı ilə bərabər aparılmalıdır. Həm bütün yaxınlarımıza, dost-tanışlarımıza, qohum-əqrabamıza, iş yoldaşlarımıza və qonşulara danışmalıyıq, həm də yaşadığımız mühüt həmin aya hazır olsun deyə planlaşdırmalıyıq. Əvvəla bu müqəddəs ayın əhəmiyyəti, bərəkəti və mərhəməti haqqında yuxarıda sadalananların hamısına deməli, müzakirə etməli, xatırlatmalı və bildirməliyik. Həmçinin evdə bizimlə yaşayan kimlər varsa, ata-ana, həyat yoldaşı, uşaqlar, qardaş-bacı, nənə-baba və sairə hamı üçün bu ay asan və bərəkətli keçsin deyə əlimizdən gələni etməliyik. Bir müsəlman ətrafında olan, əlaqəsi çatan heç bir şəxsi unutmamalıdır, hamıya yetişməlidir.

Mübarək Ramazan ayına qədəm basmadan, niyyətimizi edək, tanışlarımız və yaxınlarımızla aramızda bir inciklik varsa onu aradan qaldıraq, bizə pislik edənləri əhv edək, günahlarımızdan, pisliklərimizdən və çirkin vərdişlərimizdən təmizlənmək üçün hazırlanaq, Allah qarşısında etiraf edək və söz verək. Ramazan ayına girdiyimiz kimi deyil, yenilənmiş və təzələnmiş olaraq çıxaq. Düşüncə və fikirlərimizi saflaşdıraq, eynimiz açılsın, qəlbimiz yumşalsın, pasını atsın, ruhumuz yüngülləşsin, bədən əzalarımız nəfsimizlə deyil, istəyimizlə hərəkət etsin.

Bir də xatırladım ki, Ramazan ayında vaxtımızı uzun-uzadı yatmağa, televizor qarşısında oturub əyləncəli verilişlər izləməyə, çöldə-bayırda gəzməyə, dost-tanışlarla lağlağıya əyləncələrə sərf etməyək. Ac-susuz qalmışıq deyə səhvə yol verərək, çox yeyib içməyə yol verməyək. Çünki oruc tutmağın məqsədi ac-susuz qalmaq deyil, bizim ac-susuz qalmağımız heç Allaha lazım da deyil. Oruc tutmağın məqsədi ruhu doyurmaqdır. Oruc başını dik tutmaq, imanını diri tutmaqdır!

Sonda unutmayaq, hər il Ramazan ayına girə bilmədən rəhmətə gedən və ya xəstəlik yatağına düşərək bu ayın nemətindən məhrum qalan minlərlə insan olur. Və bu insanların içində olmaqdan heç birimiz sığortalanmamışıq.
Allaha səmimi qəlbdən dua edək ki, Allah bizi sağ-salamat Ramazan ayına çatdırsın!


Tarix: 06.01.2013 / 16:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 860 Bölmə: Ramazan