beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

RAMAZANLA YENİLƏŞƏK

Dünyada hərəkət halında olan hər yaradılmışın zaman - zaman yenilənməyə, təzələnməyə və sanki həyata yenidən başlayırmış kimi dincəlməyə, sakitləşməyə ehtiyacı vardır.

Çünki sürətlə axıb gedən zaman durğunlaşmağa, monotonlaşmaya səbəb olur. Zamanın sürətlə axmasının fərqində olmayan və bu zamandan fayda götürə bilməyən insan ziyan içindədir... İnsan ziyan içindədir... Bu səbəbdən də Bizləri yaradan, Sevən, bizi bizdən də gözəl tanıyan Rəbbimiz nemət olan zamanın fərqinə varmağa və silkinib təmizlənməyə yardım edə biləcək, bir sözlə İnsanın zamana məğlub olmasını deyil, qalib olmasını istəyən Yaradan xüsusi yollar və dönəmlər var etmişdir. İnsan zamana, deyil zaman Insana xidmət üçündür... Zaman insana xidmət üçündür... Bizləri Yaradan və doğru yola Yönəldən Allah gündəlik həyatımızda təmizlənmək üçün beş vaxt namaz kimi bir nemət nəsib etmiş... Gündəlık həyatında durmadan təmizlənənlər — nə xoşbəxtdirlər... Cümə günü... Həftədə bir dəfə səninlə eyni səmtə baxanlarla, eyni məqsəd və amala can atanlarla, bizimlə eyni yolu paylaşanlarla bir yerdə, bir arada, cəm şəklində silkinmək, təmizlənmək, dirçəlmək... Cümə günü nə gözəl vəsilə... Bəs... Aylar içində sultan kimdir? Ramazan ayı - hər müsəlmanın böyük eşq və şövqlə, ümidlərlə gözlədiyi Ramazan ayı...

Ramazan ayı, sən gəldin... Sən gəldin... Ramazan ayımız... Yaradan, yoxdan var edən ALLAH sevdiyi qulları üçün RAMAZAN ayını xüsusi olaraq seçmiş, Ona 11 ayın sultanı statusunu vermişdir. Ramazan ayı illik təmizlənməyə, ruhun, cismin bir il içində tutduğu kirlərdən, paslardan təmizlənməsi üçün bir vəsilə... İl ərzində qazana bilmədiklərimizi qazanmaq üçün daha bir fürsət...

Xüsusi olaraq seçilən Ramazan ayının böyük hörmətə layiq olmasının səbəblərindən biri də yaradılmışlara xoşbəxtliyə yol göstərən, qaranlıqlara aydınlıq gətirən xilaskar, İnsan ruhunun və cisminin şəfası...- yol göstərən, xilaskar,- şəfa – Qurani – Kərimin məhz bu ayda endirilməsidir... Ramazan ayı... Sən nə böyük sultansan! Möminlərin məhz bu ayda bütün nəfsani paslardan arınaraq din və imanlarında təzələnmələri, ruh və cismlə bir vəhdətə gəlmələri, sanki yeni bir diriliş yaşamaları üçün bu aya xüsusi bir ibadət qoyulmuşdur...

Xüsusi bir ibadət... Ramazan ayı... Quran... Oruc...
Oruc, iman və ixlasda səmimiyyəti dirçəldən müstəsna bir ibadətdir. Çünki, oruc tamamən Allahla qul arasında bir ibadətdir...Sevən və sevilən iki sevgili arasında həqiqi sevgi göstərişidir. Qulunun savabını da Allah özü verəcək. Onu həqiqətən sevdiyindən dolayı aşiqinə də sevgi cavabını Vədud olan—yəni çox Sevən və Sevilən Allah özü verəcək.

Oruc Allah və axirət inamı məsələsində də səmimiyyətin göstəricisidir. Axirətə, qiyamətə iman və inam mövzusunda bir sıra tərəddüdləri olanlar dünyəvi hesablar naminə digər ibadətləri yeinə yetirə bilirlər. Amma oruc yalnız və yalnız Allahla qul arasında olduğundan bu ibadət sırf Allah üçün, savabını isə axirətdə Allahdan gözləyərək, umaraq yerinə yetirilir.

Oruc bir əzmlilik və iradə tərbiyəsidir. Oruc ibadətilə nemətlər içində olmasına baxmayaraq müəyyən bir zaman çərçivəsində onlardan istifadə etməməklə Allaha itaətində nə qədər qərarlı ola biləcəyini, iradəsinə nə dərəcədə hakim ola biləcəyi qabiliyyətini göstərmiş olur insan.
Ramazan orucu imanın çiçəyidir...

Orucun önəmli hikmətlərindən biri də aclıq və çətinlik içərisində olan Müsəlmanların sıxıntıları ilə yaşamaq, onların dərdlərini anlaya bilməkdir. Yenidən oyanmağa çağıran bu hikmətin özəyində ümmət anlayışı yerləşməkdədir. Vahid Muhamməd ümməti. Adəmin övladları, Yaradan və doğru yola Yönəldən Allahın bacı və qardaşlar deyə vəsf etdiyi müsəlmanlar tək bir ümmət edilmişdir. Allah qardaşlarımızın, bacılarımızın dərdləri ilə dərdlənməyimizi istəmişdir.

Oruc bir yeniləşmə, iman təzələnməsi, nəfs tərbiyəsi, iman qardaşlığı, vəhdət, ümmət anlayışlarını iliklərimizə qədər hissetmə cəhdidir. Oruc cəhddir!!!

İmanları təzələməyin vaxtı çatmışdır. Yaradan, doğru yola yönəldən Allah imanımızı ayaqda tuta bilmək, gücləndirmək üçün çeşidli qaynaqlar var etmişdir. İlk qaynaq, ən ümdə qaynaq, qaynaqlar qaynağı Kərim olan Qurandır. Ucalardan uca Allahımız Kərim olan Quranı elə yol göstərən mayak olan Quranın içində belə tanıtmışdır, anlatmışdır: Hidayət, Nur, Rəhmət, öyüt-nəsihət, zikr, qəlblərdə olan üçün bir şəfa, ən doğru yola götürən, düşünənlər üçün ibrət. Şəfa və Kərim olan Quranın üzərində düşünərək oxumaq və dinləmək insanın imanını artırır. Yüksək Şərəf sahibi olan Ramazan da imanlarımızı təzələməmiz üçün gözəl vəsilədir. Cənnət qapılarının açıldığı bu ayda ruh üçün böyük nemətlər mövcuddur.

Tələsin... Ramazan ayı xeyir bərəkət ayıdır. İlin bütün aylarının ən xeyirlisi olan Ramazan ayında olunan yaxşılıqların qarşılığı qat-qat artıqlaması ilə verilir. Tələsin... Bu ay hər il böyük bərəkət və xeyirlərlə gəlir... Tələsin... Ramazan ayı saleh əməllərimizi və xeyirlərimizi artıra bilmək üçün Yaradan tərəfindən nəsib edilmiş bir fürsətdir. Tələsin... Bu fürsəti layiqincə dəyərləndirərək, bu ayda saleh əməllərini, gözəllikləri artıranlar, xeyirlərini artıranlar mütləq və mütləq Ramazanın gətirdiyi xeyir və bərəkətlərdən də daha çox yararlanmış olacaqlar!!! Necə ki, nümunəvi İnsan olan Allah Rəsulunun müjdələdiyi kimi rəhmət, məğfirət və cəhənnəmdən xilas olmaq mükafatına nail olacaqlar. Tələsin... Allahın firqəsi olmağa, onun Rəsulunun yanında yer tutmağa, Allahın sevimli qulunun şəfaətinə nail olmağa tələsin. Bu ay Allahı sevənlərin, ona can atanların ayıdır. Vədud Allahın sevgisinə can atmağa, Onun rəhməti və bərəkəti altında kölgələnməyə tələsin...

Uca şərəfə nail olmuş Ramazan ayında gecələr içində ən önəmli, ən xeyirli gecə var. Qədr gecəsi... Qədr gecəsini yaxalamağa tələsin, Qədr gecəsini yaşamağa can atın... Tələsin... Yaradan Allah sevdiyi, rəhmətini əsirgəmədiyi qulları üçün bu ayda rəhmətinin qapılarını açır. Tələsin... Ramazan ayına... Ramazan orucuna...

Allahın sevimli qulu nə gözəl müjdə verir. Bu ayı oruc tutaraq, ibadət edərək və xeyir üçün xərcləməklə yaşayanlar nə xoşbəxtdirlər... Tələsin... Xoşbəxtliyə tələsin...

Allahın sevimli qulu və elçisi bizləri nə gözəl öyrətmişdir: Ramazanın ilk gecəsindən etibarən şeytan və cinlərin azğınları zəncirə vurulur. Cəhənnəmin qapıları bağlanır, artıq Ramazanın sonuna qədər Cəhənnəmin heç bir qapısı açılmaz. Cənnətin qapıları açılır. Və artıq Ramazanın sonuna qədər heç bir qapısı bağlanmaz... Bir çağırış səslənir: Ey xeyirdə önə keçən sən gəl! Ey pislikdə irəli gedən sən dur! Allahın o zaman Cəhənnəmdən azad edilən qulları vardır. Bu hər gecə belə olur.

Tələsin... Xeyirdə, gözəllikdə yarışmağa tələsin.
Ramazan ayı comərdlik, xeyir üçün xərcləmək, paylamaq, ehsan ayıdır. Ehsan gözəllik deməkdir. Ramazan ayı Allahın əxlaqı ilə əxlanmaq zamanıdır. Allah Vəhhabdır - yəni bəxşiş verəndir, paylayandır, xəzinəsi genişdir. Nümunəvi Insan olan Allahın Həbibi Rasulumuz Muhamməd (s.a.s) xeyir yolunda insanların ən comərdi idi. Ən çox da vəhy mələyi Cəbrayıl (a.s)ın onu tez - tez ziyarət etdiyi Ramazan ayında paylayardı. Tələsin... Ey Muhammədi sevib onun arxasından gedənlər... Tələsin... Ramazan ayı fürsətini yaxalamağa tələsin, bütün bir ömrə dəyəcək Qədr gecəsini yaxalamağa cəhd edin... Rasuldən ibrət götürməyə tələsin... Qədr gecəsinin qədrini bilin. Hər zaman Qədr gecəsi axtarışında olun.

Ramazan ayı fürsətdir. İnsanın günahlardan arınaraq, təmizlənərək bayrama bağışlanmış, rahat bir şəkildə girə bilməsi üçün bir fürsətdir. Bayrama təmizlənərək, yeniləşərək gəlməyin yolu - Bizə şah damarımızdan da yaxın olan Allaha ixlasla, səmimi şəkildə ibadət etmək, sırf Rəbbimizin rizasını, razılığını düşünərək oruc tutmaq və Yol göstərən Allahın bizlər üçün sevib seçdiyi Rasulunun yolunu tutaraq çətinlikdə, darda, müsibətdə olan Muhamməd ümməti üçün bütün anlamlarda sədəqələr vermək... Necə yardımlaşacağıq? Rasulun öyrətdiyi kimi... əlimiz, dilimiz, qəlbimizlə. Möminin başqa bir möminin halından pərişan olması, ona yardımın yollarını düşünməsi, ən azından onu xatırlaması duaya keçə bilər... Bu gün dünya barıt dolu çəlləyi xatırladır. Biganəlik edərək qaçmağa, üz çevirməyə yerimiz və haqqımız yoxdur. Dünyanın alov - alov yandığı bir zaman və Rəhmət, məğfirət, xilas zamanı Ramazan ayı... Tələsin, yardımlaşmağa, dualaşmağa tələsin...
Tələsin...Hər zaman Ramazan yaşamağa tələsin. Hər ayınızı Ramazan edə bilmək şansınızın olduğunu unutmayın.

Rasulallahın buyurduğu kimi bir xurmanın yarısı ilə də olsa atəşdən qorunun...

Ey azərbaycanlı müsəlman bacı və qardaşlarım, Ramazan ayınız mübarək olsun. Xeyirlərə vəsilə olsun.

Ya Rabbim, Ramazan ayımızı layiqli şəkildə yaşamağımıza yardım et. Ya Rabbim, biz niyyət etdik Sənin rizan üçün Ramazan ayını oruc tutmağa. Allahım, Ramazanımızı, Ramazanlarımızı qaranlıqdan aydınğa çıxmağımıza bir vəsilə et...

Allahım, bizi təmizlə, bir ömrə bərabər Qədr gecəsini yaxalamağı bizə nəsib et! Allahım, Kərim və Şəfa olan Quranımızın nurundan, şəfasından bizi məhrum etmə! Sən duaları qəbul edən Mucib Allahsan, dualarımızı qəbul eylə, ibadətimizi qəbul eylə. Həmd olsun Sənə ya Rəbbimiz... Sevgili qulun Muhammədə və onun ailəsinə salam olsun. Salam olsun bütün müsəlmanlara, Salam olsun dünyamıza.

AMİN


Tarix: 06.01.2013 / 15:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 988 Bölmə: Ramazan