beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SEVGİ

Sevginin nə olduğundan xəbərdarıqmı? Sevgi bir cazibə qüvvəsidir. Sevgi ürəyin bir meyvəsi. İnsan sevgini ruhu ilə yaşayır, duyur. Sevgi insanın xərclədikcə artan qüvvəsi. Sevgi varlıq sualının cavabı. Necəmi? Olmayan bir şeyə sevgi duyulmaz. Sevmək üçün obyekt gərəkdir. Sevgidən danışırıqsa demək sevən və sevilən mövcuddur. Sevgini bilən və yaşayan, qəlbində sevgi toxumu daşıyan biri mütləq onu paylaşacaq birini axtarar. Ətrafımızda gördüyümüz və görmədiyimiz, duyduğumuz və duya bilmədiyimiz hər şeyin bir Yaradanı, tək bir Sahibi mövcuddur. Sevgini Yaradan Allah yaratdığı hər varlığın nüvəsinə sevgi yerləşdirmişdir. Torpaq və bitki. Torpaq bitkini sevməsəydi, üzərində gəzdiymiz yer bitkilərlə dəlik-deşik ola bilərdimi? Üzərində bitki yetişməyən torpağı təsəvvür edək. Ölü, kimsəyə faydasız... Torpağın sevməyə və sevilməyə ehtiyacı vardır. İnsan cismani olaraq torpaqdan yaranmışdır. Torpağın faydalı olmağa da ehtiyacı vardır. Daha gözəl nemətlər yetişdirə bilən torpaq daha sevimli olur. Və torpaqdan yaranan insan. Ruhi və cismani sevgi arasındakı sevgiyə fərq qoya bilməyəndə problemlər başlayır. Qeyd etdik ki, Yaradan və hər şeyi yönləndirən Rabbimiz hər bir yaratdığının əsas hərəkətverici qüvvəsi olan nüvə yerləşdirmişdir. Yaradan və Yönəldən Allahın əmrinə tabe olan hər bir nüvəcik gücünü sevgidən alır. Məgər maqnit dəmir zəncirə olan sevgisindən onu özünə cəzb etmirmi? Məgər Səmanı sevməyi Yerə Yaradan Öyrətməyibmi? Məgər Yaradanın sevgi əmrinə tabe olan səma Yeri sevməsəydi onu bu cür ixlasla sevərək qoruya, yaşada bilərdimi? Baxmayaraq ki, sevdiyi, qoruduğu Yerin doğduqları durmadan ona zərər verirlər, hələ bir qəlbində ozon deşiyi deyilən bir deşik də açıblar. Səma sevgisi səbəbilə dözür, Yaradanının əmri gəlincəyə qədər faydalı olmağa can atacaq. Çünki, o, sevən Allahdan sevgi əmri almışdır. Alimlərin cazibə qüvvəsi adlandırdıqları sevgidən qaynaqlanan cazibə deyilmi? Hər şeyin olduğu kimi sevginin də qaynağı Allah (c.c) dır. Sevgi bulağının qaynağı Ondan qaynaqlanır.

Yer üzündə var olmuş bütün sevgi məktəbləri olan din Ona məxsusdur. İnsanlığın tanıyıb bildiyi, nümunələr olaraq gördüyü Sevgi müəllimləri olan Peyğəmbərlər Allahın Sevgi məktəbinin məzunlarıdır. Sevginin ölümsüz kitabı olan insanlığa doğru sevginin yolunu göstərən Kitabımızı da O yazmışdır. Çünki, əbədi, əzəli olan Yaradanın bir də Vədud ismi var. Yəni çox sevən... Çox sevən Vədud Allahımız eyni zamanda, həm də çox seviləndir. Çox sevən və çox sevilən Vədud Allahımız... O, özünü bizlərə belə tanıdır... Onu tanıdan ən gözəl, ən möhtəşəm qaynağımız Qurani Kərimdə və Kainat kitabında. Yalnız sənin, mənim deyil Rasulumuzun, Nizamilərin, Tusilərin, Nəsimilərin, Füzulilərin daha hansı korifeylərin qaynağıdır Quran. Onlar Qurandan qidalanaraq ucaldılar, Sevməyi Qurandan öyrəndilər. Həqiqi eşqi Qurani Kərimin vasitəsilə öyrəndilər, yaşadılar, yaşatdılar...

“ O çox bağışlayan və çox sevəndir. ” (əl-Buruc, 14)
Yaradanın sevgisindən bəhrələnən ətrafına da sevgi toxumları səpəcək və hər iki dünyasını Cənnətə çevirəcək...Belə ki, Yaradanın sevməsinin digər adı Cənnətdir...Sevginin açılaraq, şaxələnərək əşyaya dönməsidir Cənnət... Axı bizim Uca Yaradanımız yalnız Sevən, yalnız Sevdirən deyil, həm də Sevindirəndir... İnsanın ruhunun tələbi nədir? Əşrəf İnsanın həqiqi məkanı haradır? Möminin Vətəni haradır?...Əlbəttə, Cənnət... Mümkünmü çox sevən, çox sevilən çox sevindirməsin? Allah özünü yaratdıqlarına Vədud olaraq tanıtdı. Bu, Uca Mövlamızın, çox sevəcəyi, Onu çox sevən birilərinin olmasından xəbər verir. Bu səbəbdən də sevgi varlıq sualının cavabıdır. Quran sevgisindən qidalanan Nizamilər Sevgini tanıdılar və “Eşqdir mehrabı uca göylərin, Eşqsiz ey dünya nədir dəyərin” düşüncəsi ilə yaşadılar, var oldular.

Ey İnsan, bəs sənin eşqsiz bir dəyərin varmı? Ey üflənən Ruh, təmizlənmək və arınmaq üçün səni sevən Yaradan fürsətlər də var etmişdir. Ətrafında cərəyan edən hər bir şey yalnız sənin xeyrinə yönləndirilimişdir. Fürsətlərindən istifadə edərək təmizlən, arın, özünü dərk et. Ey üflənən ruh, sevgili Varlığın həqiqi məkanı olan Qəlbi fəth etməyə tələs. O zaman Qəlb anlyacaq ki, “Allahın var nəyə möhtacsan? Allahı olmayanın heç nəyi yox” Faydası olmayan, sevgisizlikdən daşa dönən bir heç...Hər bir yaradılmışın Sevgiyə ehtiyacı var. Nə xoşbəxt Qəlbin qidası olan həqiqi sevgi obyektində yanılmayanlara. Həqiqi sevgiyə layiq Allahımızın Rahmən, Rahim adları var, amma uca Mövlanın bağışlanmağa ehtiyacı yoxdur. Ğafurdur, bağışlayandır, amma kimsəyə ehtiyacı yoxdur. Hökm edər, amma hökm olunmaz, ruzi verən Razzaqdır, amma kimsə tərəfindən ruziləndirilməz. Allah ucalardan ucadir, hər bir şeydən münəzzəhdir. Lakin Yaradan, Var edən Xaliqin özü üçün seçdiyi Vədud ismi bir qədər fərqlidir. Allah (c.c) sevgini qulları ilə paylaşmaqdadır. O, onları, onlar da Onu sevməkdədir. Digər nemətlərinə qarşılıq ibadət istədiyi, halda sevgi nemətinə isə qarşılıq gözlənilir. Sevginin rəqibi olan başqa bir anlayış yox. Yaradan onu varlığın ortaq dəyəri etmişdir. Hər bir yaradılmış sevgidən doğmuş, sevib sevilməyə möhtacdır.

Ucalardan uca Mövlamız bəxşiş verir-almır, yaşadır-yaşadılmağı istəmir, qoruyur-qorunmağa ehtiyacı yoxdur. Amma, sevgi...Rabbimiz onu bütün varlığa aid edərək, sevmiş və sevilməyi istəmişdir...Həmd olsun aləmlərin Rabbinə. Zatən həqiqi sevgiyə Ondan layiq biri varmı???

Allahım, qəlbimizi aç, təmizlə, zənginləşdir, sevginlə doldur.
Yaradılmışın, məxluqatın var olma səbəbi olan sevgi toxumunun, əkilə biləcəyi ən münbit torpaq ürəkdir. Vədud Allahın lütf etdiyi bu möhtəşəm toxum daşlardan, kəsəklərdən, çirkabdan təmizlənib, əmək və zəhmət sərf etməklə, göz yaşlarıyla sulanmış, arınmış təmiz və səlamətdə olan səlim bir qəlbə əkilərsə, ürək xərclədikcə bitib tükənməz bir xəzinəyə çevriləcək, bu toxum birə on deyil, birə yüzminlərlə bar verən ürək torpağının tükənməz xəzinəsinə çevriləcək... İnsan ürəyinin bu meyvəsindən əbədi yaşayacaq və yaşadacaq toxumlar əldə etmək üçün 3 şey vacibdir. Cins toxum olan sevgi, baxımlı tarla olan qəlb, fədakar bir bağban.
Sevgi kainatın yaradılış hikməti, insanın ölməz dövləti, möminin dünyadakı Cənnəti, bütün varlıqların tək və ortaq sərvəti. Yaradan Allah Ona üsyan edən, Ona qarşı çıxan, Ona təslim olmayan qullarını sevməməklə qorxudur. Allaha itaətin göstəricisidir sevgi, itaətsizliyin göstəricisi isə sevgisizlikdir. Qorxu və sevgi... Təbii qorxu olmalı, amma səbəbi əzab, qəzəb, atəş, cəhənnəm olmaq yerinə sevgi olmalıdır. Qorxunun saydıqlarımız səbəbləri Yaradan Rəbbimizin sevməməsinin bir nəticəsi deyilmi? Allaha qarşı hiss edilən qorxunun təməli cəzaya məruz qalmaq deyil, Sevən, Rahmən və Rahim, Bağışlayan, Bəxşişlər verən Allahla arasında var olan sevgini itirmə qorxusudur. Allahdan qorxunun səbəbi sevgi olan qorxudur. Quldan, təslim olmuş insandan istənilən bu deyilmi? Səbəbi sevgi olan qorxu təqva deyilmi?
Yönləndirən və yaratdıqlarını doğru yola çağıran, haqqı göstərən Rabbimiz Kitabını sevmək və sevməmək üzərində qurmuşdur...
Qurani Kərimdən incilər...

Allah xainləri sevməz; Allah tövbə edənləri sevər;
Allah müttəqiləri sevər; Allah həddi aşanlaı sevməz.
Sevgi orbiti ətrafında hərəkət edən ayələrin sayını çoxaltmaq mümkün. Ey qəlbini Allah sevgisi ilə doldurmaq istəyən Adəm övladı, Allahı sevirsinizsə Ona, Mövlamıza itaət edin. İtaət edin ki, sevginiz sözdə qalmazın, əmələ keçsin. Sevginin qarşılığını ödəyin. Sevdiyiniz Allah üçün, Onun sevgili Rəsuluna itaət edin ki, Qəlbiniz əlində olan Allah Qəlbinizi sevginin fəth etməsinə yardım etsin.

“Rahmən və Rahim Allahın adı ilə başlayır və Aləmlərin Rəbbinə həmd olsun deyərək” beləcə sevgidən tərbiyəyə addım atırıq... Öncə Ona İlah deyir, sonra Rəbb deyirik. Əvvəl Allahı sevib, sonra Onun Sevgisindən bəhrələnmək üçün Onun tərbiyəsi ilə tərbiyələnir, Allahın əxlaqı ilə əxlaqlanırıq, Allahın rəngini qəbul edərək, “Allahın dinindən daha gözəl olan kimdir, Biz ancaq Ona ibadət edənlərik” deyib, yaşayıb, Sevgi selində üzərək əbədi xoşbəxtliyə yaxınlaşmış oluruq.

Ya Rabbim, nəsib et. Sənin firqəndən olmağı nəsib et...Oruclunun duasını qəbul edən Rabbimiz dualarımızı qəbul et, Bizləri sev... Allahım, sənin adın əlif ilə başlar, hə ilə bitər... Dildə başlayıb, ciyərdə bitər. Allahım, hər nəfəsdə Sənə ehtiyacımız var...

Ey Allahı sevən Və Onun Sevgi selində üzmək istəyən Adəm övladı, Sevgini sübut etmək zamanıdır. Unutma, hər saniyə ömür ağacından gedir. Tələs... Rəbbinin Ramazan fürsətindən faydalan... Sevginin bədəli olan itaəti ən gözəl şəkildə yerinə yetirmək üçün səy göstər, cəhd et. Hər cəhdinizlə Allaha sevginizi göstərmiş olacaqsınız ki, Yaradan da sizi sevəcək. Yalnız bu qədərmi? Yerin, göylərin ixtiyar sahibi də Sevgisini sənə isbatlayacaq... Siləcək günahlarını, bağışlayacaq səni. Sənin Allaha sevginin isbatı itaətdirsə, Vədud Allahın sənə olan sevgisinin isbatı məğfirət, yəni bağışlanma olacaq... Beləcə, O, səni sevdikcə, sənin Qəlbin sevgi ilə dolaraq itaətin artacaq, itaətin artdıqca, Gözəl Allahın bağışı və rəhməti artacaq... Zaman – zaman Allahın dostu səviyyəsinə qalxa bilərsən, Mələklərin sevgisinə nail olarsan. Nə müdhiş formul... Bu formuladan xəbəri olmayanları, üzünə göylərin qapılarının açılmasından xəbəri olmayanları tut və səslən...” Əgər Allahı sevirsinizsə...

“De: “Ürəklərinizdəkini gizli də saxlasanız, aşkara da çıxartsanız, Allah onu bilir. Çünki O göylərdə və yerdə nə varsa bilir. Allah hər şeyə qadirdir! O gün hər kəs etdiyi yaxşı və pis əməlləri qarşısında hazır görəcək və günahları ilə özü arasında çox uzaq məsafə olmasını arzulayacaqdır. Allah sizi Öz əzabından çəkindirir, çünki Allah bəndələrə mərhəmətlidir!” De:” Əgər Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın, Allah bağışlayandır, rəhmlidir ” (Ali-İmran, 29-31)

Dəfələrcə hər kəsdən xəbər al. ”Allahın var nəyə möhtacsan? Allahın yoxsa nəyin var? Tələs!!! Tələs! Ey Allahı sevən Qul, Göylərin qapılarının açılma zamanıdır, əllərini aç, güclü olandan istə, xəzinəsi sevgi, mərhəmət, nur, elm olandan istə. Unutma, O, təkəbbürlüləri sevmir. Bütün pislikləri Qəlbindən çıxar, sevgiylə doldur, Sevgini yaradana yönəl. Unutma, Rəbbin sənə belə söz verir:

“Həqiqətən, iman gətirib yaxşı işlər görənlər üçün Rahmən bir sevgi yaradacaq.” (Məryəm surəsi, 96) və əmin ol...
“İnananlar isə ən çox Allahı sevərlər.” (Bəqərə, 165)

Allahım, Ey aləmlərin Rabbi! Ey Sevgiyi Sevgiylə Yaradan! Ey Sevən, Sevdirən və sevindirən! Ey Rəhmətin sonsuz qaynağı! Ey mərhəmətlilərin ən mərhəmətlisi! Ey qəlblərin, könüllərin mütləq hakimi! Allahım! Ey Vədud olan! Həm Sevən, həm də Sevilməyi diləyənsən. Ey varlığı sevgi olan, ey sevginin sonsuz qaynağı! Biz var etdiyini sevirik, Sən sevincə var edirsən! O sonsuz xəzinəndən bizim üçün də bir sevgi var et! O, sonsuz sevgi selinin içinə bizi də qat:. Sev bizi... Sən sevirsən, sevdirirsən... Sevdir bizi! Sevdiyini Cənnətinlə sevindirirsən, sevindir bizi! Sevdiyini razılığınla sevindirirsən, sevindir bizi... Sən sevdiklərini bir yerə toplayırsan, bizləri sevdiklərinlə görüşdür... Ya Rəbbimiz, hər iki dünyada ətrafımızı sevdiklərinlə zənginləşdir... Ey Nur Allahım! Qəlbimizi nur olan sevgiylə doldur. Qəlbimizin Sənin nuruna ehtiyacı var. Nur ayələrini oxuya bilmək üçün bizə nur ver.


Tarix: 06.01.2013 / 16:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1285 Bölmə: Ramazan