beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

DÜNYADA AC QAL Kİ, AXİRƏTDƏ TOX OLASAN!

“De: “Bunlar Allahın lütfü və mərhəməti sayəsindədir!” Qoy onlar buna sevinsinlər. Bu ki, onların yığdıqlarından daha xeyirlidir” (Yunus, 58). Sevinək ki, Allah Təala bizə Ramazan ayı kimi mübarək bir ay bəxş etmişdir. Sevinək ki, bizə hidayət edib və bu ayı dərk etməyə nail edib. Həmçinin də sevinək ki, bizə sağ-salamat şəkildə bu ayın feyzindən istifadə etməyə də imkan verib. Allahın bizə verdiyi Ramazan neməti ilə sevinək və Ona dayanmadan şükürlər edək.

Ramazan ayında oruc tutmağın çox dərin fəlsəfəsi, mənası və dəyərləri var. Heç düşünmüsünüzmü niyə məhz bir ay oruc tutmalıyıq?! Niyə məhz Ramazan ayında oruc tutmalıyıq?! Niyə bir ay məhz ayın doğması və batması ilə ölçülür, miladi tarixlə deyil?! Niyə məhz səhərdən axşama kimi ac-susuz qalmalıyıq, gecədən səhərə kimi deyil?! Niyə vaxtı-vaxtında orucu tutub və iftar açmalıyıq?! Niyə... Bütün bunların arxasında bir hikmət olmalı deyilmi? Allah Təala əbəs yerə bütün bunları bizə buyurmayıb.

Oruc tutmağın faydaları, dəyərləri, xeyirləri və qiyməti haqqında istər alimlər elmi tərəfdən, istər həkimlər tibbi tərəfdən, istərsə də yazarlar öz hissləri tərəfindən çox yazılar yazıblar. Bunlara baxmayaraq bütün bunlarla kifayətlənmək olmaz. Çünki Ramazanın və orucun dəyərləri haqqında ətraflı və çox gözəl məlumatlar mövcuddur. Amma bir anlıq bütün bunları qısa formada belə qəbul edək ki, 30 gün Ramazan ayında oruc tutmaq və ona daxil olan bütün dəyərləri və faydaları etmək 30 ədəd həb kimidir və ildə bircə dəfə biz bir ay bu həblərdən istifadə edirik. Gündə bir dənəsini qəbul etməklə insan qalan 11 ayda olanlardan təmizlənir və bərkiyir.

Amma gəlin bir az daha dərinə gedək, oruc tutmağın daha gizli mənalarını araşdıraq. Düşünün, heç bir müəssisə, təşkilat, qurum və ya dövlət qanunu insanların hisslərini, əsəblərini və iradələrini hər il bir ay müddətinə dəyişdirə bilməyib. Elə bir fikir, ideya və ya layihə qura bilən olmayıb ki, hər il milyonlarla insanları onlara nəzarət etmədən o fikirə əməl etməyi bacarsın. Nə kommunizm, nə sosiolizm nə də başqası, elə edə bilməyiblər ki, insanlar eyni hisslər keçirtsinlər, xüsusilə də bunu məcbur etmədən yerinə yetirsinlər. Təsəvvür edin, varlı və ya kasıb, tələbə və ya müəllim, müdür və ya işçi, valideyn və ya övlad, hamı aclıq hissi keçirir, halsız və taqətsiz olurlar və hamı Allahın buyuruğunu etməyə çalışır. Hamı olmasa da, müsəlmanların əksəriyyəti bu ayda günahlardan və pis vərdişlərdən çəkinməyə, başqaları ilə xoş rəftar etməyə, işlərində düzgün olmağa və sakit qalmağa çalışır. Bir təsəvvür edin bütün yer üzündəki insanlar bu ay ərzində oruc tutsalar ətraf-mühitdəki ab-hava necə dəyişər?

Oruc tutmaq insanı taqətdən salır, aclıq və susuzluq hissi ilə axşama qədər səbr edir, halsızlaşır, amma heç bir şey qəbul etməyə cürət etmir. İnsanı məcbur edən nədir axı? Kimin xəbəri olacaq əgər birimiz çəkilib bir yerdə nə isə yesək və ya içsək? Xüsusilə də indiki zamanda Ramazan ayında yeyib-içənə heç də təəccüblü baxmırlar, çünki çoxlarının bu aydan xəbəri olmur. Müsəlmanın daxilində Allahın əmrinə tabe olmaq, onun buyuruğunu yerinə yetirmək hissi var. Məncə kiminsə fikrinə və ya ideyasına görə insan bir ay ac-susuz qalmağa razı olmazdı. Aclıq aksiyası və sairə kimi hadisələr istisna hallardır, bu halları düşünməyin. Həmin hadisələrin məqsədi də dünyada maddi bir şeyi əldə etməkdir. Oruc tutmağın ən sevimli tərəfi də odur ki, yerindən və zamanından asılı olmayaraq ətrafda və bütün başqa ölkələrdə olan müsəlmanlar eyni əmri yerinə yetirirlər. Hamı bir vəhdətlə səhur yeməyinə qalxır, hamsı ac-susuz axşama kimi dayanır, ibadətini edir və sonra hamı bir nəfər kimi gün batanda orucunu açır, sonra əllərini açıb Allaha şükür edirlər. Burada birlik, vəhdət və camaat hissi qəlblərə dolur. Bunları hiss etmək, unutsaq belə xatırlamaq lazımdır.

Ramazan ayında oruc tutmaq, ən möcüzəvi islah edici bir sistemdir. Nizam-intizamla qurulmuş bir sistem ki, nəzarət olunmadan onun tabeçiləri bir ay bu sistemlə yaşayır. İnsanlıq tarixindən hər il 30 gün onların mədə və qarın tarixini silib atır. Bu sistem bir növ insanın yemək-içməkdən asılı olmadığını da cəmiyyətə öyrədir. Başqa heyvanlara, ata, uzunqulağa və s. ot verməsən, o heyvanlar bizim istədiklərimizi etməyəcəklər. Onları vaxtı vaxtında yemləyib sonra da öz ehtiyaclarımıza görə istifadə edə bilirik. Bizim isə öz iradəmiz var. Bədən bir orqanizmdir, yem tələb edir, biz isə bu orqanizmi yemsiz də hərəkət etdirə bilirik və istəklərimizi yönləndirməyi bacarırıq. Oruc bizə bu fərqi də hiss etdirir. İnsanın iradəsi ən yüksək nöqtəsində, yaxud mənzilində o zaman olur ki, hansısa bir fikrə və buyuruğa görə insanın rəğbət və istəklərini idarə edir. Bədən qida istəsə də, iradə onun ehtiyacını istədiyi vaxtda verir.

Varmı insanlıq tarixində hər hansı bir imperiya, zaman yaxud dövlət 1 ay insana könüllü olaraq ac-susuz qalmağı əmr etsin və bunu bacarsın? Ramazan ayı bizim ruhumuzu, mənəviyyatımızı, insanlığımızı və iradəmizi qidalandırır. 11 ay daha çox orqanizmimizin qidasına fikir veririksə, bu ayda ruhumuzun qida və ehtiyacına daha çox önəm verməli, axirət həyatımız üçün yaşamalıyıq. Ramazan mövsümü sanki bir qış fəslidir. Bu fəsil gəlir, qarı və yağışı ilə hər yeri yuyur, təmizləyir. Ağacların yarpaqları tökülür, havalar soyuyur və amansız olur. Hamının kefi və əhvalı yaz fəslindəkindən fərqlənir. Amma əlbəttə qışdan sonra hər şey yenilənir, insanlar yazın ümidi ilə yaşayır, sonra yaz gəlir hər tərəf çiçəklənir, hamı özünü soyuqdan sonra bərkimiş və gümrah kimi hiss edir.

Əlbəttə Ramazan ayının fizioloji və tibbi faydalarını da unutmaq olmaz. Amma bu ayın insana daha çox ruhi və mənəvi xeyri olduğu üçün, tibbi tərəfinə çox yaxınlaşmaq istəmədim. Sadəcə belə deyə bilərəm ki, Ramazan orucu sanki tibb elminin insan orqanizminə yazdığı bir aylıq sağlıq kurortudur. “Oruc tutun ki, sağlam olasınız.”

Orucun mahiyyətini və əhəmiyyətini başa düşərək onu tutmaq, Ramazanı olduğu kimi qəbul edib, buyurulan şəkildə keçirmək insanlara ən əsas hədəfi və məqsədi öyrədir. “Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə pis əməllərdən çəkinəsiniz” (əl-Bəqərə, 183).


Tarix: 06.01.2013 / 16:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 975 Bölmə: Ramazan