beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

DÜŞMƏN

Bir şəxs digərini sevə bilmir, bəyənmir. Nədən? Şeytan da Adəmi sevmədi, bəyənmədi. Ona hörmət etmədi, daha da irəli gedib ona nifrət edərək düşmən kəsildi. Unutdu ki, Adəm də onu yaradan Qadir, Xaliq Allah tərəfindən yaradılıb.
Allah buyurdu: “Ey İblis! Sənə mənim öz əlimlə yaratdığıma səcdə etməyə nə mane oldu?Təkəbbür göstərdin, yoxsa özünü yuxarı tutdun?” (Sad, 75) İblis isə içindəkini açıq söylədi: “Mən ondan daha yaxşıyam” (Sad, 76).

Xislətində unutqanlıq gəzdirən yenə də unutdu ki, hər şeyi Xaliq bilər, bizlər yalnız yaradılmışlarıq. Yaratdığı məxluqların, varlıqların arasında kimin daha yaxşı və ya üstün olduğunu yalnız və yalnız Yaradan bilər. Düşüncəni, duymağı, sahib olduğumuz hər bir şeyi o bizə nemət, ruzi olaraq vermiş. İndi düşünək. Bizlər, biz insanlar Rəbbimizin yaratdığı mükəmməl varlıqlar olaraq özümüzə, qarşılıqlı surətdə bir-birimizə bizə - Adəm övladlarına nifrətindən, qısqanclığından, düşüncəsizliyindən, qeyri-sevgi hissindən düşmən kəsilən İblisin göstərdiyi münasibəti göstərmirikmi? Nə zaman?! Təkəbbürlük etdiyimiz, qürur girdabına yuvarlandığımız zaman onun kimi təkəbbürlüyümüz üzündən bir-birimizə düşmən kəsilmirikmi, qeyri-məhəbbət münasibəti göstərmirikmi? Nədən? Mən daha üstünəm, daha üstün münasibətə, məhəbbətə layiqəm demirikmi? Amma... unuduruq... Düşmənimiz kimi unuduruq. Unuduruq, düşünmürük ki, səni, məni hər birimizi O, Yaradıcı yaradıb. Yaradanı sevən, Onun yaratdıqlarını necə sevməyə bilər? Ona səcdə edən, digər səcdə edənləri necə sevməyə bilər? İnsan mükəmməl varlıqdır. Rəbbimizin şah əsəridir. Şah əsəri necə sevməmək olar?!

“Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, onlar o birilərindən daha yaxşı olsunlar. Qadınlar da bir-birinə (rişxənd eləməsin). Bəlkə, onlar o birilərindən daha yaxşıdır. Bir-birinizə tənə etməyin (ayıb tutmayın) və bir-birinizi pis ləqəblə çağırmayın” (Əl Hucurat, 11)

İki qarşı gələn insana haqq - hesab günündə sorulmayacaqmı “Mənim yaratdığıma nədən hörmət etmədin?” Açıq deyə biləcəyikmi ki, mən daha üstünəm? Yaxud da içimizdəki qeyri - səmimi hissləri necə etiraf edə biləcəyik? İnsan insanı necə sevməyə bilər? İnsan necə bölüşməyə, paylaşmaya bilər? Bu əlindəkilər, sahib olduqların sənin deyil, axı.

“İnsanın elə bir dövrü olub keçmişdir ki, o, xatırlanmağa layiq bir şey olmamışdır. Həqiqətən, Biz insanı qarışıq bir nütfədən yaratdıq. Biz onu imtahana çəkəcəyik, Biz onu eşidən və görən yaratdıq. Biz ona haqq yolu göstərdik. İstər minnətdar olsun, istər nankor ” (İnsan 1-3)

Haqq yolunu, nur yolunu, sevgi yolunu seçmək sənin iradənə verilmişdir. Rəbbinlə ünsiyyətə can ataraq, düşmənin hiylələrinə qarşı qorunaraq silahlan. Aç qəlbini, təmizlən, yeniləş... Yaradanın sevgi dalğaları üzərinə köklən.
Sən sevməyi bacarırsan. Sevgini də qəlbinə Sevən Allah yerləşdirib. Sevgidən nə ixtiyarla paylaşmırsan? Amma, sevgi tələb edirik. İnsan insanı necə sevməyə bilər? Ən dəhşətlisi insan insanı necə öldürə bilər? Yaradanın şah əsərini, yer üzündəki xəlifini. Unutmayaq. Unutmayaq ki, bütün qüvvələr ümumi düşmənə tərəf yönəlməli. Bizi Yaradana ibadətdən, itaətdən, şükürdən, düşüncədən, düşünmək qabiliyyətindən, təfəkkürdən məhrum edənə qarşı. O düşməni hər bir yerdə axtarın, görün, onun düşmənçiliyindən Hifz edən, Qoruyan Rəbbinizə sığının... Aç qəlbini, aç qəlbinin gözünü, aç... İnsanlığın düşməni öndən, arxadan, soldan, sağdan sənə nəzər yetirir, zəif anını yaxalayamaq üçün tələlər hazırlayır...

İdrakımızın varlığına, səviyyəsinə görə bizi bəyənmədi. Təkəbbürlü olan Odur. Allah bizləri təkəbbürdən qorusun. Adəm övladı, unutma, səni təkəbbürə, mənfiliklərə, qaranlığa, cəhalətə çəkən O-dur. Düşünən, axtaran Rəbbini tapar.
“...Korla görən və ya zülmətlə nur eyni ola bilərmi?!” (ər-Rad, 16)

Əlbəttə, yox. Bizim nura ehtiyacımız var. O nurdur ki, beynimizin hər qatını işıqlandıracaq, nurlandıracaq ki, gözlərimiz, qəlbimizin, beynimizin gözü də nurlanıb görəcək, duyacaq, dərk edəcək, biləcək. İçimizi sevgiylə, məhəbbətlə doldurmalıyıq. Xilas bundadır, nur bundadır. Qeyri-sevgi, qaranlıq düşüncələr, mənfiliklər düşmənə aparacaq. O, nifrətindən bizi kiçik görmək istəyir. Qorunaq. Qəlblərimizi kömürləşdirəcək toxumlardan qorunaq. Təkəbbür. Allah bizi – Adəm övladlarını düşmənimiz İblisin yaşadıqlarından qorusun. Təkəbbür – Şeytanın silahıdır. Nifrət, mənfiliklər onun silahıdır. Özümüzü qoruyaq. Düşünərək, dərk edərək qoruyaq. Düşmən unutqandır, naşükürdür,düşünməyi və anlamağı bacarmır, qədir bilən deyil, həqiqi sevgidən məhrumdur.

Nicat elmdədir. Elm Allahındır. Elm nurdur.

“Sizi zülmətdən nura çıxartmaq üçün mələkləri ilə birlikdə sizə mərhəmət bəxş edən Odur. Allah möminlərə rəhm edəndir ” (Əhzab, 43)

Mərhəmət nurdur. Sevgi nurdur. Sevənlər işıq saçır, ətrafını gözəlləşdirir. Allah gözəldir, gözəlliyi sevir.

Sevgiyə,gözəlliyə can atanlardan elə bizi,Rəbbim. Düşmənimizin fitnəsindən, silahlarından Sənə sığınırıq, Rəbbim. Yaradan və Qoruyan yalnız və yalnız Sənsən. Səndən başqa ilah yoxdur.

“Həqiqətən, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində Şeytanın heç bir hökmü yoxdur. Şeytanın hökmü yalnız ona itaət edib Allaha şərik qoşanların üzərindədir “ (Ən Nəhl, 99-100)

Aləmlərin Rəbbinə həmd olsun.

AMİN!


Tarix: 06.01.2013 / 16:02 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 974 Bölmə: Ramazan